Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə İstanbul Texnik Universiteti (İTÜ) arasındakı ikili diplom müqaviləsinə əsasən, təhsilini İTÜ-də davam etdirən Nəzrin Rzayeva “Ali materiallar müqaviməti” fənni üzrə topladığı balla həmin universitetdə birinci olub.
AzMİU-dan bildirilib ki, N.Rzayeva “Ali materiallar müqaviməti” fənninin semestr və imtahan göstəricilərində Türkiyə ali təhsili üzrə qiymətləndirmə sisteminin (4 ballıq sistem) ən yüksək nəticəsini əldə edib.
I və II kursda AzMİU-nun inşaat fakültəsində təhsil alan N.Rzayeva ikili diplom müqaviləsi əsasında III və IV kurslarda təhsilini İTÜ-də davam etdirəcək. Müqaviləyə görə, təhsilini başa vurandan sonra tələbəyə həm AzMİU-nun, həm də İTÜ-nün diplomu təqdim olunacaq.
Qeyd edək ki, N.Rzayeva 2019-2020-ci tədris ilində 622 balla AzMİU-nun İnşaat mühəndisliyi ixtisasına (ingilis dili) qəbul olub.