Akademik Vaqif Fərzəliyev: “Aşqarlar Kimyası İnstitutu ölkəmizdə elm-təhsil-innovasiya üçbucağının yaradılmasına mühüm töhfələr verir”


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 28 iyul 2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi tədqiqat institutlarından biri də akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutudur (AKİ).  Məlum olduğu kimi Azərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, yanacaqlar və sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş SSRİ-də aşqarların işlənib hazırlanması və istehsalı da ilk dəfə məhz Bakıda həyata keçirilib. Sovet İttifaqında sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk aşqarlar 1945-ci ildə Azərbaycanın görkəmli alimlərindən biri akademik Əli Quliyevin rəhbərlik etdiyi laboratoriya kollektivinin məhsuldar əməyi nəticəsində yaradılıb. Aşqarların yaradılması və sənayedə tətbiqinə görə Ə.Quliyev və əməkdaşları 1948 və 1950-ci illərdə iki dəfə SSRİ Dövlət mükafatına layiq görülüblər.  Aşqarların yaradılması və tətbiqi sahəsindəki uğurları və problemin çox vacibliyini nəzərə alan SSRİ Elmlər Akademiyasının təklifinə əsasən, bu laboratoriya əsasında 1965-ci ildə SSRİ-də ilk ixtisaslaşmış Azərbaycan Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutu yaradılıb.  Bir faktı qeyd etmək kifayətdir ki, keçmiş SSRİ-də istehsal olunan bütün aşqarlar və sürtkü yağlarını, o cümlədən xüsusi təyinatlı yağların 20%-ni AKİ tərəfindən yaradılan aşqarlar və sürtkü yağları təşkil edirdi. AKİ bu gün də öz keçmiş nüfuzunu qoruyub saxlayır. Aşqarlar Kimyası İnstitutu sovetlər birliyinin Aşqarlar kimyası sahəsində üç elmi mərkəzindən biri olsa da, bu gün Müstəqil Dövlətlər Birliyi məkanında fəaliyyətini elmi əsaslarla davam etdirən yeganə ixtisaslaşmış elmi müəssisədir. İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyevlə də əsasən elmi müəssisənin müstəqillik dönəmindəki fəaliyyəti və əldə etdiyi nailiyyətlər haqqında söhbət etdik.

 

Elm-təhsil-innovasiya mərkəzləri kimi...

 

- Vaqif müəllim, ilk növbədə Aşqarlar Kimyası İnstitutu olaraq elm və təhsilin inteqrasiyasına baxışınız və fikirləriniz necədir?

- Elm təhsillə vəhdət təşkil edir, onları bir-birindən ayrı təsəvvür etmək mümkün deyildir. Məsələ ondadır ki, ölkəmiz uzun müddət sovetlər birliyinin tərkibində olduğundan o dövrdə akademik elmlə elmi-tədqiqat müəssisələri məşğul olurdu ki, bu institutlar da əsasən akademiya sistemində cəmləşmişdi, universitetlər isə daha çox ali təhsil mərkəzi kimi qəbul edilirdi. ABŞ və Avropada bizdən fərqli olaraq universitetlər ilk növbədə elm mərkəzləri kimi formalaşmış, elmi-tədqiqat institutları bu mərkəzlərin tabeçiliyində çalışırlar və təhsil prosesi elmi innovasiyalara əsaslanır. Başqa sözlə, bu ölkələrdə elm-təhsil-innovasiya üçbucaq təşkil edir və inkişaf onların vəhdətində əldə edilir. Azərbaycan elmi də dünya elminə inteqrasiya yolunu tutduğu üçün elm təhsillə birlikdə inkişaf etməlidir.

 

Onu da nəzərə alaq ki, Azərbaycanda bütün dönəmlərdə əsas akademik elm dəqiq və təbiət elmləri hesab olunurdu və AMEA-nın əsas potensialının Elm və Təhsil Nazirliyinə verilməsi bu istiqamətdə Azərbaycan elm və təhsilinin yüksək inkişafı üçün böyük imkanlar yaratmış olur. Ona görə ki, istər fundamental və istərsə də tətbiqyönlü mühüm nəticələr əsasən dəqiq və təbiət elmlər üzrə ixtisaslaşmış tədqiqat institutlarında əldə olunurdu. Təsəvvür edin, təkcə 2022-ci ildə AKİ-də fundamental və tətbiqi xarakterli elmi tədqiqatlar sahəsində 7 mühüm elmi nəticə əldə edilib. 2 tətbiqi xarakterli iş müxtəlif təşkilatlarda sınaqdan keçirilib, tətbiqə tövsiyə olunub, 2 işin tətbiqi davam etdirilib. İnstitut alimləri 2 monoqrafiya, 47 məqalə, o cümlədən 20-si xaricdə çapdan çıxıb, 16 məqalə “Web of Science” bazasına düşən jurnallarda dərc olunub. 10 məqalə “Clarivate Analytics” bazasının Q1-Q4 qruplarında yer alıb. Bütövlükdə, 190 məqalə və tezis işıq üzü görüb. Bu statistik rəqəmlərdə həm Azərbaycan elminin dünya elminə, həm də ölkə iqtisadiyyatının inkişafı və onun müdafiə qüdrətinin artırılmasına töhfəsini açıq-aydın görmək olur.

 

Eyni zamanda universitetlər elmi-tədqiqat və istehsalat müəssisələri ilə bir yerdə cəmiyyətin tələbat və ehtiyaclarını ödəmək üçün aparıcı elm - təhsil - innovasiya mərkəzləri kimi formalaşacaq.

 

Ən çox patent alan elmi tədqiqat müəssisəsi

 

- İnstitutun ixtiraları (patentlər) barədə məlumat verməyinizi xahiş edirik.

- AKİ yarandığı vaxtdan indiyə qədər fundamental tədqiqatlarla yanaşı tətbiqi işlər sahəsində də önəmli ixtira və patentlər əldə edərək, onların həm SSRİ dövründə, həm də müstəqillik illərində real iqtisadiyyata tətbiqindən, ölkə iqtisadiyyatının inkişafına, o cümlədən müdafiə qüdrətinin yüksəldilməsinə böyük töhfələr vermişdir.

 

Bir faktı xüsusi qeyd etmək yerinə düşər ki, postsovet dövründə ölkə üzrə tətbiq edilən və tətbiq olunmağa tövsiyə edilən elmi tədqiqatın nəticələri ilə bağlı ən çox patent alan elmi tədqiqat müəssisəsi də AKİ-dir. Son 10 ildə 132 patent alınmışdır. Təkcə 2022-ci ildə İnstitut tərəfindən 12 Azərbaycan patenti və 15 ixtiranın dərci haqqında müsbət qərar verilmişdir.

 

Hazırda ölkə iqtisadiyyatının inkişafını və müdafiə qüdrətinin yüksəldilməsini təmin etmək üçün tətbiq olunan patentlərdən bir neçəsini məxsusi qeyd edə bilərik. Belə ki, AKİ  və onun alimlərinin müstəqillik dönəmində ən uğurlu tətbiqi işlərindən biri yüksək parafinli neftlərin donma temperaturu və dinamik özlülüyünü aşağı salmaqla onların boru kəmərləri ilə uzaq məsafələrə nəql edilməsini təmin edən aşqar - “Depressator AKİ” yaradılmasıdır ki,  onun istehsalı “Aşqar” Elmi İstehsalat Birliyində təşkil olunmuş, bu günə qədər Bakı-Tbilisi-Ceyhan neft kəmərində müvəffəqiyyətlə istifadə edilir. Həmin aşqara “Məxfi” qriflə Azərbaycan patenti alınmışdır. Bu o deməkdir ki, dövlət büdcəsinin formalaşmasında əsas pay sahibi olan neft gəlirlərinin əldə olunmasında bilavasitə AKİ-nin alimlərinin də müəyyən əməyi var.

 

Digər tərəfdən, AKİ xüsusi təyinatlı motor yağını yaradıb, istehsalını təcrübə-sənaye zavodunda təşkil edib və tonlarla məhsul Azərbaycan Respublikası Müdafiə Nazirliyinə verilib. Həmin yağ Qarabağ müharibəsində də istifadə olunub.

 

Son nəsil dizel mühərrikləri üçün yaradılan xüsusi təyinatlı motor yağı “Məxfi” qriflə Azərbaycan patenti ilə müdafiə olunub və Azərbaycanın Respublikası Müdafiə Nazirliyində real texnikada müsbət nəticələrlə sınaqdan keçirilib və xüsusi təyinatlı texnikanın mühərriklərində istifadəsi məqsədəuyğun sayılıb. Həmin motor yağına Pakistan Respublikası Müdafiə Nazirliyində də böyük maraq göstərilir.

 

Respublikada müxtəlif növ daxili yanma mühərriklərində istifadə olunmuş və ekoloji gərginlik yaradan işlənmiş motor yağlarının regenerasiya texnologiyası yaradılmışdır. Bu texnologiya üzrə regenerasiya olunmuş yağ və müvafiq aşqarlar əsasında dizel mühərrikləri üçün müxtəlif təyinatlı, o cümlədən xüsusi təyinatlı sürtkü kompozisiyaları yaradılmışdır. İşlənmiş yağların regenerasiya texnologiyası və regenerasiya olunmuş yağ əsasında yaradılmış xüsusi təyinatlı sürtkü kompozisiyası strateji əhəmiyyət kəsb etdiyinə görə Azərbaycan Respublikasının “Məxfi” qrifli patentləri ilə müdafiə olunur.

 

Bu məhsuldar fəaliyyətin nəticəsi olaraq Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ixtiraçılıq sahəsində nailiyyətlərə görə 2013-2018-ci illərdə keçirdiyi I-V Respublika müsabiqələrində institutun beş patenti qalib olmuşdur.

 

Dünya alimlərinin reytinq siyahısında

 

- Əməkdaşların impakt faktorlu jurnallarda aktivliyi, eləcə də beynəlxalq elmi mübadilə proqramlarında iştirakı, beynəlxalq elmi resurslara çıxış imkanları barədə nə deyə bilərsiniz?

- Bu günlərdə Elm və Təhsil Nazirliyi həm universitetlərin, həm də elmi-tədqiqat institutlarının ayrı-ayrılıqda 2012-2022-ci illər üzrə olmaqla beynəlxalq elmimetrik bazalarda nəşr aktivliyini qiymətləndirərək reytinq siyahısını tərtib etmişdir. Həmin araşdırmaya görə, Aşqarlar Kimyası İnstitutunun “Web of Science” bazasına daxil olan jurnallardakı məqalə sayı 87, “Scopus” bazasında arxivləşən jurnallardakı məqalə sayı isə 98 olmuşdur. Bu göstəricilərlə AKİ mövcud institutlar arasında 13-cü yerdədir. İnstitut əməkdaşlarımızın son 10 ildə elmi əsərlərinə dünya alimlərinin etdiyi istinad 1136 olmuşdur ki, bu göstərici ilə institutlar arasında 7-ci sıradayıq. H-indeks 19 olmaqla, Elm və Təhsil Nazirliyinin tərtib etdiyi reytinq siyahısında yerimiz 6-cı olmuşdur. Hər məqaləyə orta sitat sayına görə isə ilk üçlükdəyik.

 

Bu yaxınlarda başqa bir beynəlxalq elmi qiymətləndirmə - qeyri-kommersiya qurumu tərəfindən də dünya elminin qəbul etdiyi prinsiplər əsasında “Google” “Scholar”, “Publons”, “Scopus”, “Crossref” və “ResearchGate” akademik bazalarda toplanan məlumatlardan istifadə edərək elmimetrik qiymətləndirmə aparılmışdır. Həmin araşdırmanın nəticələrinə görə isə, AKİ nüfuzlu jurnallarda məqalə çapına və onlara olan istinad sayına görə mövcud elmi tədqiqat institutlarının reytinq siyahısında ilk beşlikdə yerləşir. Həmçinin, İnstitutumuzun bir neçə alimi elmi əsərlərinə ən çox istinad olunan elm mütəxəssisləri kimi dünya alimlərinin reytinq siyahısına daxil olmuşdur.

 

AKİ dünyanın aparıcı elm mərkəzləri ilə müştərək beynəlxalq tədqiqatlara böyük önəm verir. Hazırda dünyanın bir çox aparıcı elm mərkəzləri ilə 4 beynəlxalq müştərək tədqiqat qrupu yaratmış və xarici həmkarlarımızla dünya alimlərinin diqqət mərkəzində olan aktual və müasir mövzuların ən azı 3-4-ü ilə bağlı tədqiqatlar AKİ-nin alimlərinin də iştirak etdiyi ABŞ, İtaliya, Türkiyə, Rusiya, Belarus və sair ölkələrin aparıcı elm mərkəzlərinin ortaq tədqiqat qruplarının elmi araşdırmalarına aiddir.

 

Beynəlxalq elmi əlaqələrin genişləndirilməsi sahəsində mütəmadi tədbirlər həyata keçirilir. Məsələn, Türkiyənin tanınmış universitetlərindən  olan Bartın Universiteti ilə 2022-ci ildə qarşılıqlı yüksəkixtisaslı kadr hazırlığını (magistr, PhD, post-doktor) nəzərdə tutan “Erasmus” proqramı ilə bağlı qurumlararası müqavilə imzalandı ki, bununla da Azərbaycan elmi müəssisələri arasında bir ilkə imza atmış olduq.

 

Aşqarlar Kimyası İnstitutunun alimlərinin dünyanın tanınmış nəşrlərinin yüksək indeksə malik jurnallarında nəşrinin artırılmasına bir sıra dəstək tədbirləri həyata keçirilir. Belə ki, İnstitutun elmi əməkdaşlarının elmə həvəsləndirilməsi və onlar arasında sağlam rəqabətin təşviqindən ötrü ilk növbədə onlar üçün “Google Scholar”, “ResearchGate”, “Mendeley.com”, “Academia.edu” və s. kimi akademik şəbəkələrdə profil səhifələri yaradılmışdır. Bu akademik şəbəkələrdən götürülmüş məlumatlar əsasında, əsasən “Web of Science”, “Scopus” və “RİNÜ” elmi bazalarına daxil olan jurnallarda çap etdirdikləri məqalələrin sayına, onlara olan istinadlara, H-indeks və digər elmimetrik meyarlar əsasında ilin sonunda qiymətləndirilmə aparılır, alimlərin reytinq siyahısı tərtib edilir və müvafiq yerlərə uyğun diplom və pulla mükafatlandırılırlar.

 

Dünya elminə inteqrasiya istiqamətində xaricdə, nüfuzlu elmi mərkəzlərdə gənc alim və mütəxəssislərin təcrübə keçməyə cəlb edilməsinin zəruriliyini nəzərə alaraq Türkiyə, Portuqaliya, Belarus, Rusiya və sair ölkələrin elm mərkəzlərində gənclərimizin qısa və ortamüddətli təcrübə keçmələri təmin edilmiş, üzvi sintez, müasir fiziki-kimyəvi analiz üsulları ilə bağlı qabaqcıl texnologiyaların qazanılıb ölkəmizə gətirilməsi mümkün olmuşdur.

 

Aşqarlar Kimyası İnstitutunda magistr hazırlığı

 

- Aşqarlar Kimyası İnstitutunun ölkənin ali təhsil müəssisələri ilə əməkdaşlıq layihələri barədə nə deyə bilərsiniz?

- Hazırda İnstitutun Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti ilə sıx əməkdaşlıq əlaqələri vardır.

 

Qeyd edə bilərik ki, elmlə təhsilin inteqrasiyasının ən mühüm istiqamətlərindən biri də elmi tədqiqat müəssisələrinin özündə magistr hazırlığıdır. Digər elmi institutlar kimi AKİ-də də  2016-cı ildən magistr pilləsi üzrə kadr hazırlığı həyata keçirilir. Bu proses böyük elmin astanası da hesab edilir. Çünki bu hazırlıq üzrə magistrantlar elmi tədqiqat vərdişlərinə yiyələnir, elmin sirlərini öyrənməyə başlayır, fasiləsiz olaraq elmin pillələri ilə yüksəlirlər.

 

Elmlə təhsilin vəhdətinin yaradılması, tələbə və magistrantlarda tədqiqatçılıq vərdişlərinin formalaşdırılması və ən əsası, istedadlı gənc mütəxəssislərin elmə axınını təmin etmək məqsədilə kimya profilli elmi tədqiqat müəssisələri içərisində yeganə AKİ-də ölkəmizin flaqman ali təhsil ocağı olan BDU-nun “Neft kimyası və kimya texnologiyası” kafedrasının filialı - Baza kafedrası fəaliyyət göstərir. BDU-nun bakalavriatları və magistrantları diplom və kurs işlərini burada yerinə yetirirlər.

 

İnstitut Bakı Mühəndislik Universiteti ilə həm “Kompüter kimyası” istiqamətində müştərək beynəlxalq tədqiqatlar aparır, həm də birgə elmi rəhbərliklə yüksəkixtisaslı kadr hazırlığı sahəsində əməkdaşlıq edir.

 

AKİ tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorant, dissertant və magistrantlarına dissertasiya işlərinin təcrübi hissəsinin yerinə yetirilməsinə elmi və texniki dəstək verilir.

 

Xüsusi istedadlı uşaqlar elm yolunda

 

- İnstitutun ümumi təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri hansı səviyyədədir?

- Bildiyimiz kimi, elmlə təhsilin vəhdəti təkcə universitetlərlə deyil, orta məktəblərlə də olmalıdır. Hər bir bölgəmizdə xüsusi istedadlı uşaqlarımız var ki, onları aşağı yaş qruplarından axtarıb, elmə yönləndirə bilən proqramların hazırlanmasına ehtiyac vardır. Bundan ötrü akademik institut olaraq AKİ paytaxt və region məktəblərində müxtəlif elmi müsabiqələr, fənn gecələri, elm günləri və sair həvəsləndirmə tədbirlərini reallaşdırmışdır. Məsələn, 2017-ci ildə Bakıdakı 251 nömrəli  orta məktəbdə “Bu günün şagirdi, sabahın alimi” layihəsi çərçivəsində “Kimyanı məntiqlə düşün” adlı bilik yarışı və “Kimya fənn gecəsi” təşkil etmiş, şagirdlərdə kimya elminə marağı artırmaq üçün əyləndirici, öyrədici təcrübələr nümayiş etdirilmişdir.

 

2018-ci ildə AKİ-də Elm və Təhsil Nazirliyinin ideyası və təşkilatçılığı ilə ərsəyə gələn “Sabahın alimləri” VII Respublika müsabiqəsi çərçivəsində 2 məktəbli - Nizami rayonu 251 nömrəli tam  orta məktəbin X sinif şagirdləri elmi layihə yerinə yetirmişlər. Onlardan biri 2018-ci ildə Türkiyənin İzmir şəhərində keçirilən “OKSEF-2018” beynəlxalq müsabiqənin final mərhələsinə seçilərək 38 xarici ölkədən 450 iştirakçının qatıldığı bu layihə olimpiadasında ölkəmizə bürünc medal qazandırmışdır.

 

2019-cu ildə “Sabahın alimləri” VIII Respublika müsabiqəsi çərçivəsində hazırlanan 251 nömrəli tam orta məktəbin başqa 2 nəfər XI  sinif şagirdi  Türkiyənin İzmir şəhərində  keçirilən “OKSEF-2019” beynəlxalq müsabiqənin final mərhələsinə vəsiqə qazanmışlar. Layihənin təcrübi hissəsi Aşqarlar Kimyası İnstitutunun “Yağlayıcı-soyuducu mayelərə aşqarlar” laboratoriyasında yerinə yetirilmişdir.

 

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə “Tibb və sağlamlıq” bölməsi üzrə qoşulan Mingəçevir şəhər Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin 2 şagirdinin İnstitutun  “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasında yerinə yetirdiyi “Acı badamdan müalicəvi badam yağının alınması” layihəsi müsabiqənin fərqlənmə diplomuna layiq görülmüşdür.

 

26 noyabr 2021-ci il tarixində Türkiyənin İzmir şəhərində onlayn formatda keçirilən “BUCA IMSEF-2021 Beynəlxalq Elm Müsabiqəsi”nə  qatılan dünyanın 27 ölkəsindən 166 layihə sırasında final mərhələsinə vəsiqə qazanan Mingəçevir şəhəri Təbiət-riyaziyyat, humanitar elmlər təmayüllü liseyin və Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin 2 şagirdinin Aşqarlar Kimyası İnstitutunun ideya dəstəyi və elmi məsləhəti ilə kimya fənni üzrə hazırladıqları innovativ layihə bürünc medala layiq görülmüşdür. Onlar eyni zamanda 2022-ci ildə keçirilən “Sabahın alimləri” XI Respublika Müsabiqəsinə “Kimya” bölməsi üzrə qatılaraq III yerin qalibi olublar. AKİ Avropa liseyində Akademiyanın Kimya Elmləri Bölməsinin “Elm guşəsi”nin yaradılmasında iştirak etmiş, Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli orta məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya”ya mütəmadi olaraq elmi dəstək vermişdir.

 

İnstitutun alimləri eyni zamanda respublikamızın müxtəlif rayonlarında (Bərdə, Yevlax, Abşeron) yerləşən işğaldan azad olunmuş rayonların məktəblərində gənclərin peşə təhsilinə cəlb olunması istiqamətində həyata keçirilən maarifləndirilmə seminarlarında məruzəçi qismində iştirak edib, öz təklif və tövsiyələrini veriblər. Bundan sonra da bu kimi işlərin kəmiyyət və keyfiyyət göstəriciləri genişləndiriləcək.

 

Oruc MUSTAFAYEV