Bakı Mühəndislik Universitetində (BMU) Hesablama Palatasının rəhbər heyəti ilə görüş keçirilib. Görüşdə BMU-nun yuxarı kurs tələbələri, müvafiq struktur rəhbərləri iştirak ediblər.  

 

Rektor professor Havar Məmmədov gənc ali təhsil ocağı olan BMU-nun fəaliyyəti, əldə etdiyi nailiyyətlərlə bağlı qonaqları məlumatlandırıb. Universitetdə Azərbaycan və ingilis dillərində tədris olunan ixtisaslar barədə danışan rektor müasir bazar iqtisadiyyatının tələbləri, eyni zamanda, təhsil sisteminin beynəlxalq standartları əsasında rəqabətqabiliyyətli kadrların yetişdirilməsi üzrə həyata keçirilən tədbirləri nəzərə çatdırıb.

 

Məzunların işlə təmin edilməsi sahəsində BMU-nun yüksək göstəricilərə malik olduğunu, onların dünyanın tanınmış universitetlərində təhsillərini davam etdirmələri ilə yanaşı, nüfuzlu şirkətlərdə çalışma imkanı qazandıqlarını vurğulayan H.Məmmədov özəl və dövlət qurumları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyətini bildirib. Bu baxımdan nüfuzlu ali audit orqanı olan Hesablama Palatası ilə əməkdaşlığın önəminə diqqət çəkən H.Məmmədov belə bir əməkdaşlığın qürurverici olduğunu vurğulayıb. Rektor əlaqələrin inkişafının BMU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit ixtisasları üzrə təhsil alan tələbələri üçün geniş imkanlar yaradacağına əminliyini ifadə edib.

 

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ölkəmizdə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından atılan addımlar, gerçəkləşdirilən islahatlar və yüksəkixtisaslı kadrlara tələbatla bağlı fikirlərini bölüşüb. Ali təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsinə önəm verdiklərini qeyd edən Palata sədri BMU ilə əməkdaşlığın qurulmasının faydalı olacağını bildirib. Hesablama Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti və Gürcüstan Dövlət Audit İnstitutu arasında imzalanmış üçtərəfli memorandumun əsas istiqamətlərinə toxunan V.Gülməmmədov BMU-nun müəllim və tələbələrinin müvafiq layihəyə cəlb olunmasına maraq göstərdiklərini vurğulayıb. Palata sədri təhsil göstəriciləri yüksək olan tələbələr üçün müvafiq təlimlərin təşkili, təlimləri uğurla başa vuran məzunların Hesablama Palatasında işlə təminatı mərhələlərindən danışıb.

 

Sonra Hesablama Palatasının əməkdaşları təmsil etdikləri qurumun fəaliyyəti ilə bağlı geniş təqdimatlarla çıxış ediblər.

 

İnteraktiv formada davam edən görüşdə tələbələrin sualları cavablandırılıb. Tələbələr üçün  “Dövlət sektorunda audit” mövzusunda təlimlərin həyata keçirilməsi, ixtisaslı kadr hazırlığının təşkilinə və birgə əməkdaşlığın genişləndirilməsinə dəstəyin göstərilməsi, istedadlı tələbələrin Hesablama Palatasının müvafiq struktur bölmələrində fəaliyyətə cəlb olunması kimi məsələlərə aydınlıq gətirilib.