Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) TÜRKSOY kafedrasının fəaliyyətə başlamasının 5 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi professor Sultan Raev, Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı, akademik Teymur Kərimli, Mədəniyyət Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı, ADPU-nun rektoru professor Cəfər Cəfərov, universitetin prorektor və dekanları, kafedranın əməkdaşları, professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

 

Qonaqlar əvvəlcə ADPU-nun TÜRKSOY kafedrasının fəaliyyəti ilə yaxından tanış olublar. Sonra tədbir dəyirmi masa ətrafında davam etdirilib.  

 

Giriş nitqi ilə çıxış edən rektor C.Cəfərov əlamətdar tədbirdə Bakıda səfərdə olan TÜRKSOY-un baş katibi professor Sultan Raevin şəxsən iştirakının universitetə və kafedranın Türk dünyasının birliyinə xidmət edən məhsuldar fəaliyyətinə verilən dəyər olduğunu vurğulayıb.

 

Rektor professor S.Raev haqqında tədbir iştirakçılarına geniş məlumat verib, onun Qırğızıstan Respublikasının görkəmli mədəniyyət xadimi, xalq yazıçısı olduğunu, buna qədər YUNESKO-da aktiv fəaliyyət göstərdiyini, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini kimi məsul vəzifəni icra etdiyini diqqətə çatdırıb.

 

Çıxış edən TÜRKSOY-un baş katibi professor S.Raev bildirib ki,  bu il ADPU ilə TÜRKSOY arasında imzalanan əməkdaşlıq müqaviləsindən 5 ildən çox müddət keçir və bu vaxt ərzində kafedra xeyli uğurlu fəaliyyət göstərib. Kafedranın Türk dünyası akademik mühitinə verdiyi töhfələrdən söz açan professor 2022-ci ildə Nizami Gəncəvinin 880 illiyi çərçivəsində kafedra əməkdaşları tərəfindən böyük alim A.E.Krımskinin "Nizami və müasirləri" əsərinin ilk dəfə Azərbaycan dilinə tərcümə edilərək nəşr olunduğunu, nəşrin yüksək elmi səciyyə daşıdığını vurğulayıb. Baş katib deyib ki, eyni zamanda TÜRKSOY-un 30 illik yubileyi ərəfəsində Türk dünyasının böyük aydınlarından Almaz İldırım irsinin təbliği məqsədi ilə onun 115 illiyinə töhfə olaraq seçmə şeirləri təşkilatın nəşri kimi çap edilib.

 

ADPU-nun elm və innovasiyalar  üzrə prorektoru, TÜRKSOY kafedrasının rəhbəri professor Asəf Zamanov "TÜRKSOY  kafedrası - 5 il"  mövzusunda məruzəsində bildirib ki, ADPU-da TÜRKSOY kafedrası 2017-ci ilin dekabrın 7-də yaradılıb və ötən dövrdə kafedrada Türk dünyasının önəmli simalarının irsinə həsr olunmuş tədbirlər, konfranslar, simpoziumlar keçirilib. Prorektor kafedranın əsas məqsədlərindən birinin Türk dünyasının elm-mədəniyyət xadimləri və Türk dünyası ali təhsil ocaqları arasında əlaqələrin qurulmasında koordinasiya mərkəzi rolu oynamaq olduğunu qeyd edib.

 

Mədəniyyət Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə bağlı TÜRKSOY-la birgə “Türk dünyası mədəniyyət forumu”nun keçiriləcəyi haqqında məlumat verib, nazirliklə kafedra arasında məhsuldar əməkdaşlıq imkanlarından danışıb, indiyədək nəşr olunan “Nizami və müasirləri” əsərinin çapı və yayımına da nazirliyin yaxından dəstək verdiyini vurğulayıb.

 

Sonda çıxış edən Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi E.Qafarlı bildirib ki, bu gün 5 illiyi qeyd edilən kafedra Azərbaycanda olmaqla yanaşı, Türk dünyasında da fəaliyyətə başlayan ilk TÜRKSOY kafedrasıdır, eyni zamanda ADPU-da Türk araşdırmaları bölməsi də fəaliyyət göstərir. Daimi nümayəndə bildirib ki, ADPU-dan sonra Qırğızıstan, Türkiyə, Qazaxıstan, və Başqırdıstanın ali məktəbləri ilə də müqavilələr imzalanıb.

 

Tədbirin sonunda xüsusi xidmətlərinə görə professor C.Cəfərov, akademik  T.Kərimli, professor A.Zamanov, professor E.Quliyev və dosent T.Bədəlova TÜRKSOY-un sertifikatı ilə təltif olunublar.