Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torman Bakı Ali Neft Məktəbində (BANM) olub.

 

Ali Məktəbin rektoru Elmar Qasımov öncə BANM-ın kampusunu gəzən səfirə burada yaradılan modern tədris şəraiti və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verib.

 

Keçirilən görüşdə Elmar Qasımov Azərbaycan ilə Macarıstan arasındakı əlaqələrin dostluğa və qarşılıqlı hörmətə əsaslandığını vurğulayıb, təhsil sahəsində əməkdaşlığın vacibliyinə toxunub. Rektor qeyd edib ki, Bakı Ali Neft Məktəbinin məzunları SOCAR-da və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə çalışırlar.

 

E.Qasımov, eyni zamanda səfirə Macarıstandakı universitetlərlə əməkdaşlığın yaradılmasına dəstək verməyi təklif edib. Vurğulayıb ki, BANM məzunlarının təhsillərinin növbəti pilləsini ən çox davam etdirdikləri ölkələrdən biri Macarıstandır. 

 

Azərbaycanın Macarıstan üçün vacib tərəfdaş olduğunu vurğulayan Tamaş Yojef Torman ölkəsindəki ali təhsil müəssisələri ilə Bakı Ali Neft Məktəbi arasında əlaqələrin qurulmasında maraqlı olduğunu söyləyib. Səfir bu istiqamətdə hər cür dəstək verəcəklərini bildirib. Macarıstanlı diplomat BANM-də yaradılan şəraiti yüksək qiymətləndirib.