2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Dövlət İdarəçilik Akademiyasının (DİA) tədbirlər planında dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi nəzərdə tutulub və bu məqsədlə ASAN xidmət mərkəzlərinin əməkdaşları üçün Akademiyanın rektoru akademik Urxan Ələkbərov tərəfindən “Dövlət idarəçiliyində Heydər Əliyev fenomeni və müasir Azərbaycanın davamlı inkluziv inkişafı” adlı ilk təlim keçirilib.
Rektor çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətlərindən, onun zəngin siyasi irsinin, dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycan son illərdə iqtisadi, sosial və humanitar inkişaf, eləcə də ölkənin təhlükəsizliyinin təmin edilməsi sahələrində yüksək nailiyyətlər qazanıb. Bu nailiyyətlər Azərbaycanda tətbiq edilən innovativ dövlət idarəçilik texnologiyalarının, uğurla həyata keçirilən insan inkişafı siyasətinin, ardıcıl və məqsədyönlü islahatların, dövlət qulluğu sistemi üçün yüksək səviyyəli kadr potensialının formalaşdırılması və səfərbər olunmasının məntiqi nəticəsidir. Bütün bu proseslərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək yeni səviyyəyə yüksəldilib.
Akademik U.Ələkbərov davamlı inkişaf, inklüziv cəmiyyətin formalaşması üçün dövlət idarəçiliyinin yeni texnologiyaları sahəsində ölkənin əldə etdiyi uğurları da qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycan qlobal miqyasda prioritet kimi qəbul edilən inklüziv inkişafın səmərəli planlaşdırılması və idarə edilməsi üzrə dünya lideridir.
“İnklüziv inkişaf sahəsində Azərbaycanın yüksək göstəricilər əldə etməsində və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsinin təməlində Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi strategiyası dayanır. Qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük rolu olub. Azərbaycanın hazırkı davamlı inkişafı dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl uğurlu islahatların nəticəsidir”-deyə rektor vurğulayıb.