UFAZ-da ilk magistr məzunlarına diplomlar təqdim olunub


Azərbaycan-Fransız Universitetində (UFAZ) 135 bakalavr və 35 magistrantın buraxılış mərasimi keçirilib. Diplom mərasimində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı, Fransanın Azərbaycandakı səfiri Ann Buayo və Strasburq Universitetinin prezidentini təmsil edən professor Pyer Kollet də iştirak edib.

 

Tədbirdə UFAZ-ın baş katibi Elizaveta Bydanova məzunları və qonaqları salamlayaraq, universitetin yüksək nəticə göstərən məzunlarının uğurlarından bəhs  edib. 

 

ADNSU-nun rektoru  Mustafa Babanlı da məzunları təbrik edib,  bildirib ki, bu, UFAZ magistr məzunlarının ilk buraxılışıdır və universitet üçün əlamətdar nailiyyətdir.

 

Professor Pyer Kollet Strasburq Universitetinin prezidenti Mişel Deneken adından təbriklərini çatdırıb, UFAZ tələbələrinin təhsildə gərgin əməyini və fədakarlığını yüksək qiymətləndirib. O, ali məktəbin tələbələrinin Fransada keçirilən “ActInSpace” beynəlxalq Hackathon-da bu yaxınlarda qazandıqları qələbəni də xatırladıb.

 

Fransanın ölkəmizdəki səfiri Ann Buayo məzunları təbrik edərək, daha çox qadının mühəndislik təhsili almağa həvəsləndirilməsinin vacibliyini vurğulayıb.

 

Elizaveta Bydanova əlavə edib ki, UFAZ tələbələrinin 35%-i qadınlardır.

 

Tədbir UFAZ-ın iki məzunu-Səkinə Məmmədova və Orxan Qəhrəmanovun UFAZ-da təhsil təcrübələrinə dair təqdimatları ilə yekunlaşıb.

 

Sonda UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov bütün tərəfdaşlara, xüsusilə Strasburq Universitetinin daimi və dəvət olunmuş professorlarına minnətdarlığını bildirib.