Gələn ay ölkəmizdə ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək
26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə layihəsi çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, eləcə də dünyanın ən “ağıllı” robotu hesab olunan “Sofiya” ilə ünsiyyət qurmaq imkanı yaranacaq.
Bu barədə dünən Heydər Əliyev Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib. Konfransda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov bildirib ki, “İnnovasiyalar həftəsi” çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azərbaycan Kiber İdman Federasiyası, “Keepface”, “Microsoft” və digər şirkətlərin dəstəyi ilə silsilə tədbirlər təşkil olunacaq.
O, həmçinin qeyd edib ki, “İnnovasiyalar həftəsi”ndə nazirliklə “Microsoft” şirkətinin təşkil etdiyi “dəyirmi masa”da investisiya mühitinin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, Azərbaycan Kiber İdman Federasiyası ilə birgə “Baku Open Cyber Cup” turniri keçiriləcək.
Qeyd olunub ki, “İnnovasiyalar həftəsi” çərçivəsində Yüksək Texnologiyalar Parkı tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də bir sıra dövlət qurumları üçün zəruri məsələlərin real zaman kəsiyində həlli yollarını təklif edən ideya yarışı (“Hackathon”) təşkil olunacaq. “Burada iştirakçılar qarşıya qoyulan problemin çevik və innovativ həlli yollarını təklif etməlidirlər. Qalib ideyalar tətbiq olunmaqla yanaşı, həm də mükafatlandırılacaq”, - deyə R.Əzizov vurğulayıb.
Onun sözlərinə görə, “İnnovasiyalar həftəsi”ndə həm də “İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən startap turlarının qaliblərinin yarışacağı böyük final təşkil ediləcək.
Yusif ƏLİYEV