ADPU tələbələrinin müxtəlif təhsil müəssisələrində təcrübələri başlayıb


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fakültələrində pedaqoji təcrübə keçəcək sonuncu tədris ili tələbələrinin pedaqoji təcrübələrinin başlanmasına həsr olunmuş konfranslar keçirilib.

 

Konfranslarda fakültə rəhbərlikləri sonuncu tədris ili tələbələrinə pedaqoji təcrübənin qaydaları haqqında ətraflı məlumat verib, tələbələrin təcrübə keçəcəkləri hər bir məktəbə ixtisas üzrə metodistlərin, pedaqoq və psixoloqların təhkim olunduğunu diqqətə çatdırıblar. Tələbələr təcrübə müddətində öz pedaqoji bacarıqlarını praktik olaraq tətbiq edəcək, məktəblərdə sınaq və icmal dərsləri keçəcəklər.

 

Qeyd edək ki, ADPU-da 2022/2023-cü tədris ilinin yaz semestrində pedaqoji təcrübə 16 fevral - 24 may 2023-ci il tarixlərində olacaq. Pedaqoji təcrübədə ADPU-nun  fakültələri, ADPU-nun filialları, Magistratura və doktorantura şöbələri üzrə ümumilikdə 4438 tələbə iştirak edəcək. 

 

ADPU üzrə 2022/2023-cü tədris ilinin pedaqoji (istehsalat) təcrübəsi 14 həftə müddətində və çoxtərəfli müqavilələrə əsasən  keçirilir. Tələbələrin təcrübələri Elm və Təhsil Nazirliyinin tabeliyindəki 7 müəssisədə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 103 ümumtəhsil  və 9 məktəbəqədər təhsil müəssisəsində, habelə 14 özəl müəssisədə təşkil olunur.  Sosial iş ixtisası üzrə təhsil alan 57 tələbədən 10 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzində, 47 nəfəri isə Gənclər və İdman Nazirliyinın tabeliyindəki Gənclər evlərində istehsalat təcrübəsində olacaqlar.

 

"Azerbaijan British College" Təhsil Kompleksində pedaqoji təcrübə keçəcək müxtəlif  ixtisaslarda təhsil alan 10 tələbə bu yaxınlarda “British Council” tərəfindən  keçirilən IELTS imtahanlarında nailiyyət əldə edərək müsabiqə yolu ilə həmin məktəbdə təcrübə keçmək şansı qazanıb.