XIX Beynəlxalq Jautikov Olimpiadasında medal qazanan məktəblilərimizin uğur hekayələri


Xəbər verildiyi kimi, fevralın 01-12 tarixlərində Qazaxıstanın Almatı şəhərində onlayn formada XIX Beynəlxalq Jautikov Olimpiadası (İZhO) keçirilib. Fizika, riyaziyyat və informatika fənlərini əhatə edən olimpiadada şagirdlərimiz uğurla çıxış edərək gümüş, bürünc medal olmaqla 6 medala layiq görülüb. Azərbaycan komandasının əldə etdiyi medalların beşini Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin XI sinif şagirdləri, birini isə Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi qazanıb.  Medala layiq görülən şagirdlərin hər biri ilə söhbətləşdik. Onlar öz təəssüratlarını, əldə etdikləri nailiyyətlərini, gələcək hədəflərini “Azərbaycan müəllimi”nə danışdılar. Onları tanıyaq.

 

“Bu olimpiadada iştirakım mənə yaxşı təcrübə qazandırıb”

 

Cəlil Hüseynov Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdidir. 7-ci sinifdən olimpiadalara hazırlaşdığını və bu günə kimi bir çox yarışlarda, olimpiadalarda ölkəmizi təmsil etdiyini bildirib. Beynəlxalq olimpiadalarda iştirak etmək üçün əvvəlcə ölkəni təmsil edəcək komandaya seçilmək lazım gəldiyini və bunun üçün də seçmə imtahanlar olduğunu söyləyərək sözlərinə əlavə edib: “Bu imtahanlardan uğurla keçərək olimpiadada iştirak hüququ əldə etdim və nəticədə isə riyaziyyat fənni üzrə bürünc medal qazandım. Sözsüz ki, hədəfim daha yüksək idi.

 

Bu olimpiadada iştirakım mənə yaxşı təcrübə qazandırıb və bir növ qarşıda gələn olimpidalarda daha yaxşı iştirakım üçün mənə stimul verib. Bugünə kimi 9-u beynəlxalq, 3-ü yerli olmaqla ümumilikdə 12 olimpiadada iştirak etmişəm və qatıldığım bütün olimpiadalardan medalla geri dönmüşəm. Belə ki, Beynəlxalq Riyaziyyat Olimpidasından (IMO 2022) bürünc, Balkan Riyaziyyat Olimpiadasından (BMO 2022) gümüş, Beynəlxalq Jautikov Olimpiadasından (IZhO 2023, IZhO 2022) 2 bürünc, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasından (JBMO 2021, JBMO 2020) 1 qızıl, 1 bürünc, Qafqaz Riyaziyyat Olimpiadasından (CMO 2021) qızıl, Beynəlxalq Lütfi Zadə Olimpiadasından (LZO 2021) gümüş medal və Avropa Riyaziyyat Kubokundan (EMC 2021) 2-cilik diplomu qazanmışam. Fənn olimpidalarında isə 2020-ci ildə bürünc, 2021 və 2022-ci illərdə qızıl medal qazanmışam”.

 

Planlarına gəldikdə isə Cəlil hədəflərini açıqlayıb: “Yaxın gələcək üçün əsas hədəfim qarşıdan gələn olimpiadalarda ölkəmizi layiqincə təmsil etməkdir. Hazırda əsas məqsədim dünyanın top universitetlərində təhsilimi davam etdirməkdir”.

 

“Daha yaxşı nəticə almaq olardı”

 

Murad Abdulkərim də həmin liseyin 11-ci sinif şagirdidir. Uşaqlıqdan  ensiklopediyalar, maarifləndirici verilişlər vasitəsilə elmlə, xüsusən də fizika ilə maraqlanır. 8-ci sinifdən etibarən olimpiadalarla biliyini dərinləşdirəcəyini gördükdə yarışlarda iştirak etmək qərarına gəlib: “Olimpiadalar mənə çoxlu dostlar, xoş xatirələr qazandırıb. Fizikaya olan sevgim biliklərimi dərinləşdirməyimə vəsilə oldu. Bir neçə dəfə respublika olimpiadalarında, 2 dəfə İZhO-da iştirak etmişəm. 2021 və 2022-ci illərdə RFO-dan gümüş, 2022 və 2023-cü illərdə fizika fənni üzrə İZhO-dan bürünc medal qazanmışam. İştirakçı sayı ötən ildəki sayla eyni olsa da, medal sayı əvvəlki ildən 30% daha az idi. Apellyasiya prosesindən bir qədər narazı qalsam da, ümumilikdə olimpiada xoşuma gəldi. Təbii ki, daha yaxşı nəticə almaq olardı, lakin növbəti olimpiadalarda məşq və çatışmazlıqları görməyimiz cəhətdən qənaətbəxş oldu. Həmçinin komanda rəhbərimiz Rəşadət müəllimə təşəkkürümü bildirirəm”.

 

Onun gələcək üçün başlıca planı fizika elmini dərindən öyrənmək, xüsusilə zərrəcik fizikası sahəsində araşdırmalar aparmaq, öz sahəsi üzrə peşəkar mütəxəssis olmaqdır.

 

“Qalib olmağım mənim özümə inanmağıma, gələcək hədəflərimə çatmağıma stimul oldu”

 

Fizika fənninə 7-ci sinifdən marağı olduğunu deyən Sadiq Sadıxzadə respublika fənn müsabiqələrinin keçiriləcəyi barədə məktəbdə məlumat verildiyini deyərək bildirib: “Mən də çox həvəslə qeydiyyatdan keçdim və müəllimimlə birlikdə hazırlaşmağa başladım. Fənn müsabiqəsində qızıl medal aldığıma görə beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə dəvət olundum. Daha sonra beynəlxalq olimpiadalarda iştirak etməyə başladım.

 

Deyərdim ki, beynəlxalq olimpiadalar hər şeydən öncə məni yaxşı bir cəmiyyətin üzvü elədi. İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə özümlə oxşar maraqları olan insanları tanıdım. Qalib olmağım mənim özümə inanmağıma, gələcək hədəflərimə çatmağıma stimul oldu. Əsas hədəfim qarşıdan gələn beynəlxalq olimpiadalarda daha yüksək nəticə göstərməkdir. Gələcəkdə elektrik mühəndisliyi üzrə xaricdə təhsil alaraq ölkəmdə mütəxəssis kimi çalışmaq istəyirəm”.

 

O, 2021 və 2022-ci illərdə Respublika Fənn Olimpiadalarında fizika fənni üzrə iştirak edərək qızıl medala layiq görülüb. 2022 və 2023-cü illərdə XVIII və XIX Beynəlxalq Jautikov Olimpiadasında iştirakçı olub, bürünc və gümüş medallar qazanıb. 2022-ci il 20-24 may tarixlərində Sloveniyanın Lyublyana şəhərində keçirilən Avropa Fizika Olimpiadasında (EuPho) bürünc medal alıb. 2022-ci il 10-17 iyul tarixlərində onlayn keçirilən Beynəlxalq Fizika Olimpiadasında (İPhO) bürünc medala layiq görülüb.

 

“Ən böyük planım ölkəmizə dünya olimpiadasından qızıl medal gətirməkdir”

 

Anar Mehdiyev də riyaziyyat fənni üzrə gümüş medal qazanan şagirdlərdən biridir. O deyir ki, aşağı siniflərdə oxuyanda riyaziyyat müəllimi ona fənn müsabiqələrində iştirak etməyi məsləhət görüb: “Mən fənn müsabiqələrində uğurla iştirak edərək VI sinifdə qızıl medala layiq görüldüm. Daha sonra FRİTL-da təhsil almağa dəvət olundum. Bu hal məni daha da həvəsləndirdi, öz üzərimdə səylə işləməyə, olimpiadalara ciddi məşğul olmağa başladım. Belə ki, VI sinifdə qızıl medal qazanmağım digər nailiyyətlərimə imza atdı. VIII sinifdə RFO-da iştirak etdim, IX sinifdə JBMO Beynəlxalq Olimpiadasında gümüş medal qazandım. X sinifdə İZHO Beynəlxalq Olimpiadasında iştirakçılardan biri oldum və növbəti Avropa Riyaziyyat Olimpiadasında 3-cü yerə layiq görüldüm. İZhO-da isə gümüş medal əldə etdim”.

 

Hər olimpiadada medal qazandıqca sevinc və qürür hissi keçirdiyini dilə gətirən Anarın ən böyük arzusunu, məqsədini soruşduqda deyib: “Ən böyük planım ölkəmizə dünya olimpiadasından qızıl medal gətirməkdir. Buna görə də boş vaxtımı daha yaxşı, səmərəli keçirməyə çalışıram ki, gələcəkdə daha çox uğur qazanım”.

 

“Bu olimpiada məni gələcəkdə baş tutacaq daha böyük yarışlara hazırladı”

 

Olimpiadada riyaziyyat üzrə gümüş medal qazananlardan biri də FRİTL-in 11-ci sinif şagirdi Fidan Qarayevadır: “Qazandığım bu medal mənim ilk gümüş medalım deyil. 2021 və 2022-ci illərdə də həmin olimpiadalarda iştirak edərək, gümüş medal qazanmışam. Beynəlxalq Jautikov Olimpiadasında iştirakım əsas hədəflərimdən olan aprel ayında keçiriləcək Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) və iyul ayında keçiriləcək Dünya Riyaziyyat Olimpiadasına (İMO) hazırlıq rolunu oynayır. Belə ki, bu olimpiada məni gələcəkdə baş tutacaq daha böyük yarışlara hazırladı”.

 

O həm riyaziyyat, həm də informatika fənləri üzrə olimpiadalarda iştirak edib. 2022-ci ildə Avropa Qızlar Riyaziyyat Olimpiadasında qızıl, Dünya Riyaziyyat Olimpiadasında bürünc, Avropa Qızlar İnformatika Olimpiadasında isə bürünc medal qazanıb. Gələcəkdə təhsilinin çox güman ki, riyaziyyat və kompüter elmləri ilə bağlı olacağını bildirib.

 

“Bu uğur mənə hədəflərim uğurunda daim mübarizə aparmağı öyrətdi”

 

Nicat Vəliyev Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdidir. XIX Beynəlxalq Jautik Olimpiadasında riyaziyyat fənni üzrə uğurla çıxış edərək bürünc medal qazananlardandır. Hələ məktəbə getməmişdən əvvəl onun riyaziyyata marağı olub. Onun bu həvəsi 5-ci və 6-cı siniflərdən ciddi şəkildə artıb, 6-ci sinifdə riyaziyyatdan Respublika Fənn Olimpiadalarına qatılıb və Lütfi Zadə adına Məntiq yarışmasında qızıl medal qazanıb. O həmçinin 7-ci sinifdə “Tərəqqi” liseyində “İstedad Olimpiadası” təşkil olunan zaman intensiv dərslərdə iştirak edib, nəticədə bu müsabiqədə qızıl medala layiq görülüb. Qızıl medal ona riyaziyyat olimpiadasına hazırlaşmağa böyük motivasiya verib: “Mən olimpiada marafonuna qoşuldum və olimpiadalara intensiv hazırlaşmağa başladım. 8-ci sinifdə riyaziyyat fənnindən Respublika Fənn Olimpiadalarına qatıldım. Təəssüf ki, 8-ci və 9-cu siniflərdə fənn olimpiadalarında final mərhələsinə yüksələ bilmədim. Daha sonra 10-cu sinifdə yenidən hazırlaşaraq özümü sınadım və bürünc medal qazandım. Bu il, yəni 11-ci sinifdə Avropa Riyaziyyat Kubokunda iştirak etdim, İZhO komanda seçməsindən keçərək iştirak hüququ qazandım. Fevral ayının ilk günlərində keçirilən müsabiqədə uğurlu çıxış edərək bürünc medala layiq görüldüm. Bu uğur mənə daha da çox çalışmağı, hədəflərim uğrunda daim mübarizə aparmağı öyrətdi”.

 

Əlavə olaraq o qeyd edib ki, olimpiadalar həm şagirdlər, həm də müəllimlər üçün böyük zəhmət tələb edir. Bu uğurlarına görə ona həmişə dəstək olan valideynlərinə,  olimpiada dərsləri keçən Şaiq Həsənova borclu olduğumu deyib. Həmçinin uğurlarında onu hər zaman dəstəkləyən müəllimlərinin də rolu olub. Nicat gələcəkdə peşəkar cərrah olmaq istəyir.

 

Hər bir məktəblini təbrik edir, gələcək inkişaflarında müvəffəqiyyətlər arzulayırıq. İnanırıq ki, şagirdlərimiz ölkəmizi, vətənimizi dünya arenasında həmişə layiqincə təmsil edəcəklər.

 

Tünzalə QULİYEVA