Bakı Ali Neft Məktəbində (BANM) bp və tərəfdaşlarının dəstəyi ilə hazırlanan “Bərpa olunan enerji ehtiyatlarından istifadəyə giriş” adlı kitabın təqdimat mərasimi keçirilib.
Kitabın müəllifləri coğrafiya elmləri namizədi, dosent Elmar Qasımov və coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasovdur.
Kitab Azərbaycanda bərpa olunan enerji mühəndisliyi üzrə Elm və Təhsil Nazirliyinin qrifi ilə çap olunmuş ilk universitet dərsliyidir. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan dərslik pulsuz olaraq təhsil müəsissələrinə təqdim ediləcək.
Bərpa olunan enerji mənbələri sahəsində yerli mühəndislər hazırlanmasının bünövrəsini qoyacaq bu dərslikdən əlavə, layihənin əhatə dairəsinə bakalavr pilləsindəki tələbələr üçün xüsusi hazırlanmış yeni təlim kursunun yaradılması da daxildir.
Layihənin məqsədi Bakı Ali Neft Məktəbinin bərpa olunan enerji mənbələri üzrə ixtisaslaşan yeni nəsil mühəndislər hazırlanması səylərinə dəstək olmaqdır. Layihə BANM tərəfindən icra olunub.
Təqdimat mərasimində çıxış edən BANM-in rektoru Elmar Qasımov bildirib ki, Bakı Ali Neft Məktəbi ilə bp və tərəfdaşlarının uğurlu layihələri icra edilib və bu layihələrin hər biri dayanıqlıdır. O, həmmüəllifi olduğu kitabdan bəhs edərək vurğulayıb ki, bu, bərpa olunan enerji üzrə ixtisaslaşmış mütəxəssislərin hazırlanması planlarının həyata keçirilməsi istiqamətində Ali Məktəbin atdığı ilk addımdır: “Qərara gəlmişik ki, bu yeni tədris sahəsini bütün ixtisaslar üzrə bakalavr proqramımıza icbari fənn kimi daxil edək və gələcəkdə bərpa olunan enerji mənbələri üzrə magistr dərəcəsi də yaradaq”.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Q.Counz bildirib ki, ölkənin, bp-nin və onun tərəfdaşlarının əsas məqsədlərindən biri dünyanın daha təmiz enerjiyə keçidini sürətləndirməyə dəstək olmaqdır: “Azərbaycanın güclü bərpa olunan enerji sektoru yaratmaq üçün nəhəng potensialı var. Bura “yaşıl” hidrogen, günəş və külək enerjisi resursları daxildir. Keçid prosesini səmərəli etmək və gələcəkdə ölkənin “yaşıl” iqtisadiyyatını səmərəli şəkildə idarə edə bilmək üçün yüksəkixtisaslı və səriştəli kadrların, o cümlədən bərpa olunan enerji mənbələri sahəsində ixtisaslaşmış mühəndislərin hazırlanmasına ehtiyac var. Ümid edirik, bu gün təqdim etdiyimiz dərslik və yeni təlim kursu BANM-ə imkan verəcək ki, həm keçid prosesində, həm də sonrakı mərhələlərdə ölkənin ehtiyac duyacağı mütəxəssislərin hazırlanmasına başlanmasının əsasını qoysun”.
Tədbirdə çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev Azərbaycanda və dünyada prioritet istiqamətdə yazılan bu kitabın əhəmiyyətindən bəhs edib, onun bərpa olunan enerji sahəsində mütəxəssis hazırlığına töhfə verəcəyini, oxunaqlı, faydalı məlumatlarla zəngin olduğunu qeyd ediblər.
Sonda video vasitəsilə fikirlərini bildirən kitabın həmmüəllifi Rövşən Abbasov kitabın ərsəyə gəlməsi prosesindən danışıb, bərpa olunan enerji sahəsi üzrə Azərbaycan dilində faydalı mənbə olacağına inandığını bildirib.