Görkəmli alimin yubileyi işığına toplaşanlar onu belə xatırlayırdılar: yüksək intellektual tədqiqatçı, yüksək erudusiyalı həkim-kardioloq, nümunəvi kafedra müdiri, yaradıcı pedaqoq, böyük mənəviyyat və mədəniyyət daşıyıcısı, sevimli müəllim, gözəl ana... Fevralın 3-də Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik klinikasında professor Zərifə Zeynalovanın 90 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib. Əvvəlcə alimin həyat və fəaliyyətini əks etdirən foto slayd nümayiş olunub.
Sonra Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklər kafedrasının müdiri professor Vəsadət Əzizov Z.Zeynalovanın həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib.
Kafedra müdiri yubilyarın həyat bioqrafiyasına qısa nəzər salaraq bildirib ki, professor Zərifə Zeynalova 1933-cü ilin fevral ayının 3-də Bakı şəhərində anadan olmuşdur. O, orta məktəbi bitirən il, yəni 1950-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1956-cı ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində Ali Dövlət Təqaüdü almışdır. İnstitutun ictimai həyatında fəal iştirak edən Z.Zeynalova komsomol komitəsinin, eyni zamanda Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin büro üzvü, tələbə elmi cəmiyyətinin sədri olmuşdur. 1956-cı ildə Zaqafqaziya respublikalarından yeganə nümayəndə kimi tibb institutları tələbələrinin beynəlxalq konqresinin iştirakçısı olmuş və həmin konqresdə “SSRİ Gənclər İttifaqı”nın üzvü seçilmişdir.
Diqqətə çatdırılıb ki, Z.Zeynalova institutu bitirdikdən sonra Bakının müxtəlif tibb müəssisələrində həkim işləmişdir. Elmi-tədqiqat işinə olan sonsuz həvəs onu 1961-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Azərbaycan Klinik və Eksperimental Təbabət İnstitutunun kardioloji şöbəsinin aspiranturasına gətirib çıxarmışdır. 1966-cı ildə namizədlik və 1973-cü ildə doktorluq dissertasiyaları müdafiə edən Z.A.Zeynalova bacarıqlı kardioloq, istedadlı alim-klinisist kimi yetişmişdir.
Kardioloq alim kimi Zərifə xanımın çox güclü mütəxəssis olduğunu vurğulayan V.Əzizov institutda onun diaqnostik erudisiyası, elmi yeniliklərə əsaslanan müalicə taktikası, xəstə ilə ünsiyyəti haqqında yüksək fikirlər söylənildiyini qeyd edib: “Xəstələr Zərifə xanımla ilk ünsiyyətdən sonra bir yüngüllük hiss edir, sanki şəfa tapırdılar. Təvazökar insan, savadlı həkim idi. Zərifə Zeynalovanın həkimlik fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Dövlətimiz ona “Əməkdar həkim” fəxri adı vermişdir”.
Professor V.Əzizov bildirib ki, 1977-ci ildə II hospital terapiya kafedrasına müdir seçilərək ömrünün sonuna kimi Zərifə xanım həmin kafedraya rəhbərlik etmiş və kafedra müdiri kimi ilk fəaliyyəti bizim tələbəlik dövrümüzə təsadüf edib: “Onun gəlişi uğurlu oldu, kafedra dar korpusdan yeni, yaraşıqlı və geniş korpusa köçürüldü. Zərifə xanımın mühazirələri çox maraqla dinlənilirdi. Hətta digər kafedralarda dərs keçən tələbələr də mühazirələrdə iştirak edirdilər. Ürək-damar sistemi xəstəliklərinə həsr olunmuş mühazirələri xüsusi maraq doğururdu. Tələbə yoldaşlarımızın çoxu bu mühazirələrdən sonra kardioloq olmağa qərar verdilər. O, həkimlik sənətini tələbələrə sevdirə bilirdi”.
Tədbir iştirakçıları məlumatlandırılıb ki, Z.Zeynalova 1975-cı ildən 1988-ci ilə qədər “Azərbaycan Tibb Jurnalı”nın redaksiya heyətinin üzvü, Azərbaycan Səhiyyə Nazirliyinin 4-cü Baş idarəsinin baş terapevt - məsləhətçisi, Respublika Terapevtlər cəmiyyətinin və Kardioloqlar cəmiyyətinin rəyasət heyətinin və eləcə də ET Kardiologiya İnstitutunun elmi şurasının, həmçinin Azərbaycan Elmlər Akademiyasının Terminalogiya Komissiyasının “Tibbi terminalogiya” bölməsinin üzvü olmuşdur.
Zərifə Zeynalova yüksək əxlaqi keyfiyyətlərə malik insan idi. O, özündə azərbaycanlı qadının bütün milli-mənəvi dəyərlərini ehtiva etməklə bərabər, qadın zəkasının yüksək intellektini təcəssüm etdirirdi. Zərifə xanım müsbət emosiya daşıyıcısı xeyirxah insan idi. İki gözəl qız övladı böyütmüşdü. Hər ikisi həkimdir: “Universitetimizdə mərhum müəllimlərdən biri yazırdı ki, 40 ildən artıqdır universitetdə dərs deyirəm. Bu illər ərzində minlərlə tələbəyə dərs demişəm. Onların hamısını yadda saxlamaq mümkün deyildir. Lakin elə tələbələr var ki, onlar davranışı, isməti, təvazökarlığı, savadı ilə mənim yaddaşımda həkk olunublar. Belə tələbələrdən biri də Zərifə xanımın böyük qızı Kəmalədir.
Məruzəçi sözlərinə əlavə edərək qeyd edib: “Mən isə bu fikirləri Zərifə xanımın burada iştirak edən kiçik qızı Cəmilə xanıma da şamil edərdim, çünki o, mənim savadı, biliyi, mədəniyyəti, təvazökarlığı və səmimiyyəti ilə fərqlənən tələbələrimdən biri olub. Hazırda Universitetimizin müəllimidir.
Zərifə xanım sözün əsl mənasında mənim müəllimim olub. Tələbəlik illərində və aspiranturada oxuduğum dövrlərdə mənə Zərifə xanım qədər diqqət və qayğı göstərən ikinci bir müəllimim olmayıb”.
Tale onun üzünə gülmədi. Bəlkə də Tanrı ona bir insanın arzulaya biləcəyi hər şeyi verdiyindən, ömür payını az vermişdi. Ancaq o, yaddaşlarda qaldı... Yaxşı insan, zəkalı alim, yüksək mədəniyyətli xanım, xalqımızın milli-mənəvi dəyərlərinin layiqli daşıyıcısı kimi.
Belə bir nəcib insanın tələbəsi olmaqdan qürur duyuram!
O, həmişə bizim qəlbimizdədir!
Daha sonra AMEA-nın müxbir üzvü, ATU-nun Urologiya kafedrasının müdiri professor Sudeyf İmamverdiyev, Mikrobiologiya kafedrasının müdiri professor Həqiqət Qədirova, II Daxili xəstəliklər kafedrasının professoru Tamfira Əliyeva, Epidemiologiya kafedrasının müdiri professor İbadulla Ağayev, Oftalmologiya kafedrasının müdiri professor Paşa Musayev (Qəlbinur) və I Daxili xəstəliklər kafedrasının professoru Sərvər Alimetov yubilyar alimlə bağlı xatirələrini bölüşüblər.
Professor Zərifə Zeynalovanın qızı Cəmilə Talıbova çıxış edərək ailəsi adından tədbirin təşkilatçılarına və iştirakçılarına anasının xatirəsini əziz tutduqlarına görə minnətdarlığını bildirib.
Şölə ƏLİYEVA