Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom magistratura proqramına qəbul prosesinə start verilib
Məlum olduğu kimi, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti (CWU) arasında “Təhsil və İnsan kapitalının inkişafı” ixtisası üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramına qəbul prosesinə start verilib. Bu məqsədlə keçirilən məlumat sessiyasında qəbul prosesinin gedişi, namizədlər üçün qəbul şərtləri, proqramın imkan və üstünlüklərindən danışılıb.
Tədbirin moderatoru, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qeyd edib ki, artıq ikili proqramın məzunları var və onları ADPU-nun müvafiq auditoriyalarında görmək olar: “Yaxşı xəbər ondan ibarətdir ki, biz artıq ADPU və Birləşmiş Ştatların nüfuzlu Corc Vaşinqton Universiteti arasında olan ikili diplom proqramının həm məzunlarının, həm də tələbələrinin uğur sədalarını eşidə bilirik. Artıq proqrama 3-cü qəbul sessiyasına start verilib və məlumatlara görə, 100-dən artıq şəxs proqrama müraciət edib”. C.Valehov onların sayının artacağına da ümid etdiyini bildirib.
Təhsil siyasətinin idarə edilməsinə maraq getdikcə artır
ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramının Corc Vaşinqton Universitetindən olan proqram direktoru Sevinc Məmmədova qeyd edib ki, bu il proqram üzrə birinci qrup məzun olublar (25 nəfər) və artıq onlar öz peşəkar təcrübələrini həyata keçirməyə başlayıblar: “Onları bir daha təbrik etmək istəyirəm. Ağır bir prosesdən keçdiklərinə , iki diplom əldə etdiklərinə görə bu böyük bir uğurdur və kənardan baxanda bəlkə də asan görünə bilər. Ancaq onlar, doğrudan da, çox çalışdılar. Bu il bizim artıq 4-cü qrupumuzun qəbuludur”. S.Məmmədovanın sözlərinə görə, yaxşı hallardan biri odur ki, artıq müraciət edənlərin sayı yüzü keçib:”Əminəm ki, bizim sonuncu qəbul gününə qədər onların sayı daha çox olacaq. Müraciətlərin sayının artması sevindiricidir, bu, ondan xəbər verir ki, təhsil siyasətinin idarə edilməsinə maraq getdikcə artır”.
Proqramın ilk məzunlarına gəlincə, proqram direktoru qeyd edib ki, ilk məzunlar artıq yeni işlərə başlayıblar. “Bir neçəsi təhsil siyasətinin həyata keçirilməsi ilə birbaşa əlaqəli işlərə daxil olub. Bu da gənclərin proqrama müraciət etməsinə təsir göstərir.
DİM imtahanlarında minimum 45 bal toplamaq tələb olunur
Qeyd edək ki, tələbələrin proqrama seçimi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının (magistratura) nəticələri əsasında aparılır. Bu barədə məlumat verən ADPU tərəfindən proqramın direktoru Tofiq Əhmədov qeyd edib ki, müraciət edənlərin proqrama qəbulla bağlı nəzərə almalı olduqları şərtlər var. Birincisi, DİM tərəfindən artıq yanvar ayının 24-dən sənəd qəbulu başlayıb və proses fevral ayının 9-na qədər davam edəcək. Bu proqramda oxumaq istəyənlər DİM-in fevralın 19-da təşkil edəcəyi magistratura imtahanında iştirak etməlidirlər. T.Əhmədov proqrama maraq göstərənləri bu tarixə ciddi fikir verməyə və onlayn qaydada qeydiyyatdan keçməyə çağırıb. Onun sözlərinə görə, magistratura imtahanlarında minimum 45 bal toplamaq tələb olunur. İngilis dili bloku üzrə isə 20 düzgün cavab yazmaq lazımdır. Bundan əlavə, müraciət edənlər Corc Vaşinqton Universiteti tərəfindən tələb olunan sənədləri toplamalıdırlar.
T.Əhmədov gəncləri martın 31-nə qədər CWU-nun tələb etdiyi müvafiq sənədləri, eləcə də ingilis dili üzrə sertifikatı təqdim edib proqrama seçilmək şanslarını dəyərləndirməyə çağırıb.
2 diplom gənclərə hansı üstünlükləri verəcək?
S.Məmmədova qeyd edib ki, proqram hər bir gəncə ölkə xaricinə çıxmadan hər iki universitetin diplomunu qazanmaq imkanı yaradır:”Bu proqram dövlət tərəfindən maliyyələşdirilir. İştirakçılar heç bir ödəniş etmədən Corc Vaşinqton və Pedaqoji Universitetin diplomlarını iki ildə əldə edə bilər. Bu, birinci üstünlükdür. İkinci üstünlük ondan ibarətdir ki, adətən təhsil alarkən hər iki universitetin magistr proqramı iki il vaxtı əhatə edir. Bu proqramda düzdür, ağırlıq var, dayanmadan dərslər davam edir, ancaq tələbələrimiz iki il ərzində iki diplom alırlar. Proqramın verdiyi ən böyük töhfə isə onların yaxşı təhsil siyasətçiləri, təhsil idarəçiləri kimi hazırlanmasıdır”.
Məqsədimiz tələbələrimizə bacarıqları öyrətməkdir
S.Məmmədova bildirir ki, burada istiqamət təhsil, idarəçilik, təhsildə təhsil siyasətinin yazılması, onun qiymətləndirilməsi, həyata keçirilməsidir: “Mən bir neçə dərslərdən nümunə gətirə bilərəm. Misal üçün, bizim ilk semestrimız təhsil siyasəti və beynəlxalq təhsilə fokuslanır, yəni təhsil siyasəti necə yazılır, hansı məqamlar nəzərə alınmalıdır, hansı tsikl həyata keçirilir. Biz bu dərsləri tədris edirik və beynəlxalq təcrübəyə baxırıq. İkinci semestrdə daha çox metodlara baxırıq. Hansı metodlardan istifadə etməklə tədqiqatlar həyata keçirmək, dizayn etmək olar. Üçüncü semestrdə daha çox tədqiqatların analiz olunmasına və onun siyasi təhsil təkliflərinə çevrilməsinə fokuslanırıq”.
Proqram direktoru əlavə edib ki, bu proqram sırf idarəçilər, təhsil siyasətçiləri yetişdirir. “Bildiyim qədər Azərbaycanda belə bir proqram hələ həyata keçirilməyib. Bu, bizim ilk proqramımızdır ki, sırf təhsil siyasəti, təhsilin idarə olunmasına fokuslanıb. Burada daha çox bacarıqlar üzərində dayanırıq. Təhsil proqramları, hətta Amerikada belə çox mürəkkəb tədqiqatlara əsaslanır. Proqramımız çox praktiki proqramdır. Yəni, bu o deməkdir ki, məqsədimiz tələbələrimizə bacarıqlar öyrətməkdir. Düşünürük ki, informasiyanı, yeni biliyi müəyyən qədər insanlar özləri oxuyub həyata keçirə bilərlər. Ancaq bacarıqları mütləq və mütləq inkişaf etdirmək üçün çox güclü effektiv alətlərin dizayn olunması və həyata keçirilməsini bilmək vacibdir...Bütün tədris prosesi Bakıda, Pedaqoji Universitetin binasında həyata keçirilir”.
Qeyd edək ki, 2023/2024-cü tədris ili üçün proqrama sənəd qəbulu 30.03.2023-cü il tarixində başa çatır. Proqram üzrə qəbul planı 40 nəfərdir. Müsabiqədə bakalavriat səviyyəsinin “Təhsil ixtisasları”, “Humanitar və sosial ixtisaslar”, “İqtisadiyyat və idarəetmə ixtisasları” və “Təbiət” ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər.Təhsil müddətinin sonunda məzunlar CWU-nun “ Təhsil və insan inkişafı: Təhsil siyasəti və liderlik”, ADPU-nun isə “Menecment” (təhsilin təşkili və idarə olunması) ixtisasları üzrə diplom alacaqlar.
Proqramın 2 illik müddəti ərzində məzunlar liderlik və menecment, tədqiqat, beynəlxalq təhsil, siyasi təhlil və inkişaf sahələri kimi bacarıqlara yiyələnəcəklər.
Oruc MUSTAFAYEV