Azərbaycan TALIS (Təlim və Tədris üzrə Beynəlxalq Qiymətləndirmə) tədqiqatının 2024-cü ildə keçirilməsi nəzərdə tutulan əsas mərhələsində iştirak edəcək. Bununla bağlı 2023-cü il sınaq mərhələsinə hazırlıq prosesləri başlayıb. 

 
Hazırlıq mərhələsi Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi tərəfindən həyata keçirilir. 
  

Beynəlxalq tədqiqatın sınaq mərhələsi 2023-cü ilin fevral-mart ayları ərzində keçiriləcək. Bununla əlaqədar tədqiqatla bağlı maarifləndirici, təlimat xarakterli seminarların keçirilməsinə start verilib. ADPU Strateji İnkişaf Mərkəzi tərəfindən 1500 nəfərə yaxın müəllimin iştirak edəcəyi TALIS seminarları fevralın 14-nə kimi davam edəcək. 
 


Qeyd edək ki, tədqiqatın pilot mərhələsi 2022-ci ildə baş tutub. 
 
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən 2008-ci ildən etibarən hər beş ildən bir həyata keçirilən TALIS tədqiqatında ölkəmiz ilk dəfə iştirak edəcək. Tədqiqat müəllim və məktəb direktorlarının məktəblərdəki iş şəraiti və öyrənmə mühitinə istiqamətlənən ilk beynəlxalq sorğudur.