Fevralın 3-də Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni istifadəyə verilmiş tədris binasında ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Tarix: şəxsiyyətlər və proseslər” məktəblilərin respublika tədqiqat və yaradıcılıq işləri müsabiqəsinin açılış mərasimi keçirilib.
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, tarix elmləri doktoru Dilarə Seyidzadə, ümumtəhsil məktəblərinin direktorları, məktəblilər, elm və incəsənət nümayəndələri iştirak ediblər.
Əvvəlcə qonaqlar Mərkəzi pionerlər sarayının arxiv plakatlarından ibarət sərgi ilə tanış olublar.
Rəsmi hissədə tədbiri giriş sözü ilə açan elm və təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin inkişafındakı müstəsna rolundan, müstəqil dövlətimizin quruculuğu üçün gördüyü işlərdən söz açıb, onun Azərbaycan təhsilinə və gəncliyinə göstərdiyi diqqət və qayğı nəticəsində gənclərimizin dövlət qurumlarında yüksək mövqelər tutduğunu, ümummilli liderin ideyalarına sadiq qalan gəncliyimiz sayəsində 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad edildiyini xüsusi olaraq qeyd edib.
Nazir müavini çıxışının sonunda şagirdlərə uğurlar diləyərək bütün iştirakçıları bir daha təbrik edib.
Daha sonra çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev ümummilli lider Heydər Əliyevin ölkəmizdə apardığı islahatlardan danışıb, müsabiqənin məktəblilərin ölkəmizin tarixi və qazandığı nailiyyətlər barədə məlumatlanmasında əhəmiyyətli olduğunu qeyd edib.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə öz çıxışında müsabiqənin istedadlı məktəbliləri aşkarlamaq, onları həvəsləndirmək, tədqiqat və yaradıcılıq fəaliyyətlərini ictimaiyyətə tanıtmaqda mühüm rol oynadığını diqqətə çatdırıb.
Sonra ümummilli lider Heydər Əliyev haqqında film nümayiş olunub.
Çıxış edən tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ümummilli liderin həyat yolu, zəngin və çoxşaxəli irsi, zəngin dövlətçilik təcrübəsi haqqında ətraflı məlumat verib, ulu öndərin həyat və fəaliyyəti ilə bağlı məktəbliləri maraqlandıran sualları cavablandırıb.
Rəsmi hissədən sonra qonaqlar yeni istifadəyə verilən Uşaq-Gənclər İnkişaf Mərkəzində yaradılmış şəraitlə tanış olublar.
Tədbir plenar sessiyalarla davam etdirilib, interaktiv master-klas və sərbəst müzakirələr aparılıb.
Qeyd edək ki, müsabiqənin məqsədi ümummilli lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin, misilsiz xidmətlərinin uşaq və gənclərə aşılanması, məktəblilərin ictimai fəallığının formalaşdırılması, onların tədqiqat və yaradıcılıq qabiliyyətlərinin inkişafını təkmilləşdirməklə, onları təhsilə cəlb etməklə şəxsiyyətin intellektual və yaradıcı potensialının inkişafının stimullaşdırılmasından ibarətdir.
Müsabiqənin final mərhələsi cari ilin may ayında keçiriləcək.