Ölkəmizin ali təhsil sistemində xüsusi mövqeyi və təşəbbüsləri ilə seçilən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) son illərdə həyata keçirdiyi yenilikləri ilə diqqəti cəlb etməkdədir. Yeniliklərdən biri kimi UNEC rektoru professor Ədalət Muradovun Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın və ali təhsil müəssisəsinin İctimai Nəzarət Şurasının üzvləri qarşısında hesabatla çıxış etməsini də göstərmək olar. UNEC rektorunun əhatəli, yeniliklərlə zəngin olan hesabatı brend ali məktəbin akademik uğurlarını, əməkdaşlarının səylərini, məhsuldar fəaliyyətin nəticələrini əks etdirirdi.  İctimai Şuranın üzvü, millət vəkili Etibar Əliyev qurumun təşəbbüsü ilə belə bir fəal müzakirənin keçirilməsini yenilik kimi dəyərləndirərək onun yeni çağırışlara səbəb olacağını qeyd edib. E.Əliyev UNEC-in son dövrlərdə ciddi uğurlara imza atdığını və inkişaf edən universitet statusunda olduğunu diqqətə çatdırıb.

 

Əsas hədəf

 

Məlumdur ki, son illərdə UNEC-də keçirilən məqsədyönlü tədbirlər, alimlərin akademik uğurları, tədris sahəsində yeniliklər, elmi bazalarda ali məktəb əməkdaşlarının məqalələrinin artım tempi universitetin dünyanın ali təhsil müəssəsisələrinin qlobal reytinqlərdə mövqeyinin güclənməsinə və qlobal tanınmasına səbəb olub. Universitet “UNEC 100” İnkişaf Strategiyasında nəzərdə tutulan 7 strateji məqsəd və 28 strateji hədəfin reallaşdırılması ilə 100 yaşını qeyd edəcəyi 2030-cu ildə dünyanın ən yaxşı 500 universiteti sırasına daxil olmağı hədəfləyir.

 

Rektor Ədalət Muradov hesabatında UNEC-in bu sahədə hədəfləri barədə danışıb və qeyd edib ki, “Universitetimizin bu hədəfə nail olacağına əminəm. Çünki İqtisad Universitetinin potensialı buna imkan verir”. Dörd dildə tədrisin aparıldığı UNEC-də ötən il bakalavr üzrə təhsilalanların sayı 14025-dən 14588, magistratura üzrə 4177-dən 4477-ə yüksəlib. Bakalavriatura üzrə 22, magistratura üzrə 20 ixtisas, MBA proqramı üzrə 29 ixtisaslaşmaya qəbul aparılır. MBA proqramı üzrə 8 yeni ixtisaslaşma 2022-ci ildə yaradılıb. 2013/2014-cü tədris ili ilə müqayisədə bakalavriatura üzrə tələbə sayı 4,01 faiz, magistratura üzrə 7,1 faiz, MBA proqramı üzrə 54,08 faiz artıb. MBA üzrə təhsil alanların sayı 1494-dən 2302-yə çatıb. Ə.Muradovun sözlərinə görə, MBA proqramı üzrə təhsil almaq istəyən tələbələrin 46 faizi UNEC-i seçir. Bu da çox qürurvericidir.  UNEC-ə qəbul planı müvafiq təhsil səviyyələri üzrə 3,57 faiz, 62,8 faiz, 84,8 faiz yüksəlib. Magistr tələbələrinin bütövlükdə UNEC-də təhsil alan ümumi tələbə sayında xüsusi çəkisi 23 faizdən 24 faizə yüksəlib ki,  bu da UNEC üçün strateji göstəricilərdən biridir. Bu göstərici ali məktəbin tədqiqat universitetinə çevrilməsi baxımından olduqca önəmlidir. 2022-ci ildə qəbul olmuş magistr tələbələrinin ümumi tələbə sayına nisbəti 39 faizdir.  Ə.Muradov qeyd edir ki, “ bu, bizi olduqca sevindirir. Bu, bizim tədqiqat universiteti istiqamətində hədəflərimiz baxımından ümidvericidir”.

 

Rektor universitetə qəbul olan əcnəbi tələbələrlə bağlı statistik məlumatı da diqqətə çatdırıb: “Ötən tədris ilində ali məktəbə 316 əcnəbi tələbə qəbul olunub. 2014-cü ildə bu rəqəm 264 olsa da, hələ də beynəlxalq standartların altında qalmaqdadır. Standartlara görə, əcnəbi tələbə sayı minimal olaraq ümumi tələbələrin 5 faizindən az olmamalıdır. Bununla bağlı UNEC-in  xüsusi proqramı var. Və bu göstəricini tamamilə dəyişə biləcəyik”.

 

Rəqəmsal idarəetmə

 

Digər mühüm məqamlardan biri  qloballaşma dövründə ali təhsil sahəsində müşahidə olunan yeniliklərə UNEC-nin çevik transformasiyasıdır. UNEC-də təhsilin idarəetmə sistemi tamamilə rəqəmsallaşdırılıb. Tədrisin təşkilində EDUMAN təhsil sistemi tətbiq olunur. Eləcə də 2015-ci ildən sənəd dövriyyəsi kağız daşıyıcılar üzərindən deyil, Elektron Sənəd Dövriyyəsi Sistemi vasitəsilə aparılır. Tədrisin demokratikləşdirilməsi və humanistləşdirilməsi məqsədilə 100 hibrid auditoriya yaradılıb.Tələbələr 53 ixtisas fənni üzrə mühazirə dərslərini istər distant, istərsə ənənəvi formada dinləyə bilərlər. 13 qeyri-ixtisas fənni üzrə isə mühazirələr sentyabr ayından yalnız distant formada aparılır.

 

UNEC-də təkrar ali təhsil və əcnəbilərin qəbulu ancaq internet üzərindən onlayn qaydada həyata keçirilir. Bundan əlavə, tələbələrin təhsil sənədlərini daha rahat və operativ şəkildə əldə etmələri üçün 2019-cu ildən “Bir Pəncərə Xidməti” fəaliyyətə başlayıb. Tələbələrlə İş Mərkəzi yaradılıb. 2019-cu ildə “Bir Pəncərə Xidməti”nə 4007 tələbə müraciət edibsə, təkcə 2022/2023-cü tədris ilində bu Xidmətə 17 min tələbə müraciəti olunub. Tələbələrin bütün müraciətləri cavablandırılıb. 2015-ci ildən elektron sənəd dövriyyəsi tətbiq edilib. İstisnasız olaraq bütün sənədlər icra olunub.  

 

Tədqiqat universiteti yolunda və ya təşviq sisteminin bəhrəsi

 

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə  təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ölkəmizdə yaxın illərdə tədqiqat universitetlərinin yaradılması aktual vəzifə kimi durur. Azərbaycanın ali təhsil müəssisələri arasında UNEC bu hədəfə daha yaxın görünür. Belə ki, son illərdə UNEC-in tədqiqat universitetinə çevrilməsi istiqamətində də mühüm uğurlara nail olunub. Universitetlər, ilk növbədə, elmi-tədqiqatları ilə seçilməlidir. UNEC-də bu məqsədlə 36 tədqiqat mərkəzi yaradılıb.  Ə.Muradov qeyd edir ki, “Bütün tədqiqat mərkəzlərinin işi hələlik istədiyimiz səviyyədə qurulmasa da, bu, yeni istiqamətdir, gələcəkdə bu sahədə daha çox uğurun əldə olunmasına böyük ümidlər var”.

 

Müəllimlər şərti olaraq 2 hissəyə bölünüb. Pedaqoq müəllim və tədqiqatçı müəllim. “Tədqiqatçı” statusunu əldə edənlərin aylıq vəzifə maaşları bu statusun qüvvədə olduğu müddət ərzində 50% həcmində artırılır. Tədqiqatçı müəllim statusu almaq üçün onun “Hirş indeksi” (“h-index”) 8-dən az olmamalı və son 5 ildə elmi əsərlərinə ən azı 100 istinad olmalıdır. “Bizim elmi tədqiqatların təşviqi ilə bağlı tətbiq etdiyimiz sistem öz nəticəsini verir.  “Web of  Science” və “Scopus”-da Q1-də dərc olunmuş bir məqələyə  görə universitet büdcəsindən 4500, Q2-də dərc olunmuş bir məqaləyə görə 3 min manat qonorar verilir. Düşünürəm ki, bunun nəticəsidir ki, 2014- 2015-ci illərlə müqayisədə Q1 və Q2-də dərc olunan elmi məqalələrin sayı 24.3 dəfə artıb.  “Web of Science” indeksli jurnallarda ümumilikdə dərc olunan UNEC-ə mənsub 755 məqalənin 88 faizi, “Scopus” indeksli jurnallarda isə dərc olunan 703 məqalənin 96 faizi məhz 2014/2022-ci illərin payına düşür. Düşünürük ki, bu, bizim təşviq sisteminin bilavasitə nəticəsidir”.

 

Müəllimlərin reytinq sistemi 

 

Tədqiqat yönümlü fəaliyyətləri stimullaşdırmaq üçün ali təhsil müəssisəsində əməli tədbirlər görülməkdədir. Bu məqsədlə artıq bir neçə ildir ki, UNEC-də diferensial əməkhaqqı sistemi uğurla tətbiq olunur. Universitetdə müəllimlərin reytinq sistemi mövcuddur. Reytinq sistemində tətbiq edilən göstəricilərin təxminən 70 faizi tədqiqatla bağlıdır. Reytinqdə 100-cü yerə qədər yer tutan müəllimlərin əməkhaqqısı diferensiallaşdırılır. İlk 10-luqda olan müəllimlərin əməkhaqqıları 2 dəfə, 11-ci sıradan 30-cu sıraya qədər olanların maaşları 70, 31-ci yerdən 50-ci yerə qədər olanlarınkı 50 faiz, sonrakı 100-ə qədər olanlarınkı isə 30 faiz artırılır.

 

Qeyd olunub ki, inzibati işçilərin də xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan diferensial əməkhaqqı sistemi hazırlanıb və qısa zamanda tətbiqinə başlanılacaq.

 

Reytinqlər

 

UNEC-də dünya universitetlərinin reytinqlərinə xüsusi önəm verilir. UNEC-in müxtəlif qlobal reytinqlərdəki mövqeyinə diqqət yetirək: QS dünya reytinqində UNEC 1001-1200, QS regional reytinqində 221-230, Times Higher Education Impact Rankings 801+, U-Multirank dünya reytinqində 251-300, Asiya üzrə isə 18 ən yaxşı universitet sırasında yer alıb. UNEC Rur University Rankings-də  960-cı, Greenmetrics reytinqində isə 866-cı yerdədir. Rektor vurğulayıb ki, UNEC Avropa Şurasından 703 min avro qrant alıb. Bu vəsait UNEC-in Greenmetrics reytinqində sürətlə irəliləməsinə imkan yaradacaq. Bundan əlavə, UNEC İAAR reytinqində 17-ci, Sclmago reytinqində isə 708-ci sıradadır.

 

“Çevrilmiş təhsil”

 

Yeni tədris ilindən UNEC-də tətbiq olunan yeniliklərdən biri də regionda ilk dəfə olaraq universitetdə müasir tədris metodunu kökündən dəyişən “Çevrilmiş təhsil” (Flipped Education) metodunun həyata keçirilməsidir. Bunun mahiyyəti ondan ibarətdir ki, tələbələrə mühazirələr deyilmir. Müəllimin tələbəyə verəcəyi biliklər  elektron resurslar formasında hazırlanaraq dərsdən öncə onlara göndərilir. Dərs zamanı isə tələbələrin mənimsədikləri biliklərin praktiki bacarıq və tətbiqlərə çevrilməsi prosesi həyata keçirilir. Dünyanın aparıcı universitetlərində tətbiq olunan metodun özəlliyi ondadır ki, mühazirələr Word formatda hər bir tələbəyə onun rahat qavraya biləcəyi formada  (audio, videodərslər, animasiya, səsli, infoqrafik və yazılı ) göndərilir. Mühazirənin sonunda tələbələr onlara qaranlıq qalan məsələləri  müəllimlə müzakirə edirlər. İkinci semestrdən etibarən isə hər fakültədə 5 qrup üzrə metodun tətbiqinə başlanılacaq. Eyni zamanda müəllimlərin də təlimlərinə start veriləcək. 

 

Assistentlik institutu

 

UNEC-də daha bir yenilik Assistentlik institutunun yaradılmasıdır. Kafedralarda fəaliyyət göstərən laborantları artıq müəllim assistenti və icraçı assistentlər əvəz edəcək. İcraçı assistentlər gələcək müəllim bazasının formalaşmasında mühüm rol oynayacaq. Bundan əlavə, ali məktəbdə Ömürboyu Təhsil Mərkəzi fəaliyyətə başlayıb. Kommersiyayönümlü fakültə olan mərkəzdə müxtəlif ixtisaslar və peşə təhsilləri üzrə kurslar, təlimlər və mütəxəssis hazırlığı aparılır.

 

Biliklə yanaşı bacarıqlar da qiymətləndirilir

 

Məlum olduğu kimi, sürətlə dəyişən dünya reallıqlarında təhsilalanların gələcək əmək bazarında hələ mövcud olmayan bir sıra peşələrə hazır olmaları onlarda xüsusi səriştə və bacarıqların da olmasını tələb edir. UNEC-in əmək bazarının tələblərinə uyğun çevik strategiyası artıq bir neçə illərdir bu sahədə çox ciddi keyfiyyət dəyişikliklərinə gətirib. Məsələ ondadır ki, UNEC məzunu hazırda əmək bazarına hazırlıqlı, səriştəli, bacarıqlı gedir. Bu sahədə son mühüm yeniliklərdən biri, heç şübhəsiz, odur ki, artıq UNEC-də tələbənin biliyi ilə yanaşı, bacarıqlarının da qiymətləndirilməsi məqsədilə akademik transkriptlərlə yanaşı, qeyri-akademik transkript də veriləcək. “Biz hər zaman deyirik, universitetdə ancaq tələbənin biliyi qiymətləndirilir. Onların bacarıqları isə  ümumiyyətlə qiymətləndirmə predmeti deyildir. Verilən akademik transkriptdə tələbənin bacarıqları  barədə məlumat yoxdur. Bizim təhlillər göstərir ki, dünyanın aparıcı universitetlərində tələbələrin bacarıqları da qiymətləndirilir, tələbələrə akademik transkriptlə yanaşı, qeyri-akademik transkriptlər də verilir. Yəni tələbənin 10 əsas bacarıq üzrə şkalaya uyğun qiymətləndirmə həyata keçirilir. Biz təxminən 2 il ərzində bunun üzərində işləmişik. Artıq proses tamamlanıb. Növbəti mərhələdə təhsil mütəxəssisləri və real iş dünyasının nümayəndələri ilə bizim qeyri-akademik transkripti müzakirə edəcəyik. Bizim hazırda 3-cü kursda oxuyan tələbələrimiz məzun olanda biz onlara akademik transkriptlə yanaşı, qeyri-akademik transkript də verəcəyik. Həmin transkriptdəki QR kodu oxutduran işəgötürən tələbəmizin baza məlumatlarına daxil olaraq onun hansı bacarıqlara malik olduğunu da öyrənmiş olacaq. Düşünürük ki, bu da onların gələcəkdə iş tapma imkanlarını xeyli artıracaq”. 

 

IELTS dil mərkəzi

 

UNEC-də tələbələrin əcnəbi dil biliklərinə də xüsusi diqqət yetirilir. Bu sahədə yanaşma ondan ibarətdir ki, UNEC tələbələri məzun olduqda ən azı bir xarici dil bilməlidir. UNEC-də Britaniya Şurası ilə əməkdaşlıq çərçivəsində IELTS dil mərkəzi yaradılıb. Rektor Ə.Muradov bildirib ki, hər bir UNEC tələbəsi, məzunu ingilis dilini minimum orta səviyyədə bilməlidir: “Ona görə də biz ingilis diinin tədrisində köklü dəyişikliklər etmişik. Birinci kursa qəbul olan bütün tələbələrin ingilis dili səviyyəsi yoxlanılır. Placement test səviyyəyə uyğun tələbələr qruplara bölünür. Və ingilis dilinin tədrisi artıq 4 bacarıq üzrə həyata keçirilir. İmtahan prosesində tələbələrin həm danışıq, həm dinləmə, həm yazılı, həm oxuma üzrə bilikləri qiymətləndirilir. İngilis dili bilikləri orta səviyyədə olmayan tələbə universitetdən məzun olmamalıdır. Hədəfimiz budur”.

 

Sentyabr ayından İsrail şirkəti ilə birlikdə universitetin 500 müəllim və əməkdaşına yumşaq bacarıqlara dair təlimlər verilib. “Müəllimlərin potensialının artırılması baxımından bu, çox önəmlidir. Düşünürəm ki, stressli vəziyyətdə auditoriyanın idarə olunması, vaxtın idarə edilməsi, kommunikasiyaların formalaşdırılması və s. baxımından bu öz nəticəsini verəcək”.  UNEC-də qəbul olunmuş yeni standartlara uyğun olaraq, 167 yeni fənn üzrə müəllimlərə təlimlər verilib. Bu da öz nəticəsini verir. 53 fənn üzrə mühazirələr hibrid formatda həyata keçirilir.  Bundan əlavə, UNEC kafedraların formalaşdırılmasında sovet prinsiplərindən uzaqlaşaraq kafedraların departamentləşməsi işini yekunlaşdırıb. Qanunvericilik imkan verdiyi halda digər bəzi kafedralar da departamentləşdiriləcək.

 

UNEC-də aparılan mütərəqqi dəyişikliklər işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasında da özünü göstərir. Bildirilib ki, UNEC əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması məqsədilə universitetdə orta aylıq əməkhaqqı 1,92 dəfə artırılmışdır. Bu, pedaqoji heyət üzrə 1,96 dəfə, inzibati heyət üzrə isə 2 dəfə artım təşkil edir.

 

İmtahan sessiyalarının ləğvi

 

Ədalət Muradovun sözlərinə əsasən, ötən ilin sentyabr ayından ali məktəbdə bütün qeyri-ixtisas fənləri distant şəkildə tədris olunur.   Strateji baxımdan universitetin hədəflərindən biri bütövlükdə İmtahan sessiyalarının ləğvidir.Dünyanın aparıcı universitetlərində bu, həyata keçirilir. Ədalət Muradov qeyd edib ki, bu sistemə keçid vacib və qaçılmazdır. “Hər ay tələbəyə bir layihə verilir, tələbə onu işləyir, layihənin nəticəsi isə onu imtahan nəticəsi kimi qəbul olunur. Hesab edirik ki, artıq universitetlərimizin bu barədə düşünməsinin vaxtıdır”.

 

Hesabat dinlənildikdən sonra Şura üzvləri fikirlərini bölüşüblər.

 

UNEC-də həyata keçirilmiş son yeniliklər

 

  • * “Fipped Education” modelinin tətbiqi;
  • * Assistentlik İnstitutunun formalaşdırılması;
  • * Yazılı imtahanlara keçid;
  • * Ömürboyu Təhsil Mərkəzinin (Lifclong Learning Center) fəaliyyətə başlaması;
  • * İnzibati işçilərin reytinq sistemi;
  • * Aziz Sancar adına Qida laboratoriyasının fəaliyyətə başlaması;
  • * Qeyri akademik transkript;
  • * UNEC-də IELTS mərkəzinin fəaliyyətə başlaması və 1-ci kurs tələbələri üçün 4 bacarıq üzrə placement pilot layihəsinin həyata keçirilməsi;
  • * 500 əməkdaşa yumşaq bacarıqlar üzrə təlimlərin keçirilməsi;
  • * Fənlər üzrə 167 təlimin həyata keçirilməsi;
  • * 53 ixtisas fənni üzrə mühazirələrin hibrid formatda həyata keçirilməsi;
  • * Bloomberg maliyyə laboratoriyasının fəaliyyətə başlaması;
  • * Kafedraların departamentlərə çevrilməsi.

 

Oruc MUSTAFAYEV