Müasir dövrdə təhsil sistemində innovasiyalar təhsilalanların imkanlarını daha da genişləndirir. Ali təhsil müəssisələrində təhsilin daha da inkişaf etdirilməsi məqsədilə bir sıra islahatlar həyata keçirilir. Xüsusi istedadı ilə seçilən və təhsildə uğurları ilə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil vermə imkanının artırılması məqsədilə gerçəkləşdirilən layihələrdən biri də SABAH qruplarıdır. Ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadrların hazırlanması istiqamətində SABAH qruplarının yaradılması təhsil sistemində atılan əhəmiyyətli addım kimi dəyərləndirilir. SABAH qruplarında tələbələrin fəaliyyətləri, əldə etdikləri nailiyyətləri, SABAH mühiti barəsində elə SABAH gəncləri ilə söhbət etdik.

 

“SABAH mənim gələcək hədəflərimi müəyyənləşdirməyimə kömək oldu”

 

Səbinə Qasımova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Aktyor sənəti” fakültəsinin 3-cü kurs tələbəsidir. SABAH qrupları haqqında tələbə olmadan öncə məlumatının olduğunu bildirir: “Abituriyent olduğum vaxtlarda teatrda “Romeo və Cülyetta” tamaşasını izlədim və çox təsirləndim. Sonra öyrəndim ki, tamaşadakı iştirakçılar SABAH qrupunun tələbələridir. Belə ki, I kursun I semestri bitəndə mən də daxil olmaqla 3 nəfər qrup yoldaşımla birlikdə SABAH qruplarının tələbələri olduq. SABAH qruplarına qəbul olduqda bizə müəllimlərimizin məlum olmadığını, hər semestr və yaxud hər il fərqli müəllimlərin olacağını bildirirdilər. Bir müəllimlə işləmək bir baxış bucağından yanaşmaq deməkdir. Amma fərqli simalardan dərs almaq, müxtəlif insanlarla tanış olmaq təbii ki, həm maraqlı haldır, həm də hərtərəfli yetişməmizə vəsilə olur.

 

Biz SABAH-ın tələbələri olaraq, həm universitetdaxili, həm də xarici tədbirlərdə iştirak edirik. Xarici ölkələrdən Master Class verməyə gələn müəllimlər, təlimçilər ilk növbədə SABAH-ın tələbələri ilə görüşürlər. Bu yaxınlarda Gürcüstandan Movement teatrının rejissoru İsoeb Bakuradze gəldi və biz onun təlimində iştirak etdik. Həmçinin fəaliyyətim haqqında onu deyə bilərəm ki, Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının birgə təşkilatçılığı ilə keçirilən, “Şuşa İli”nə həsr olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı”nda iştirak edən xarici qonaqlar və ekspertlər ilə iş üzrə könüllü koordinator olmuşam. Ümumiyyətlə, SABAH mənim gələcək hədəflərimi müəyyənləşdirməyimə kömək oldu”.

 

 

“SABAH qruplarında özümü həm akademik, həm də professional şəkildə inkişaf etdirmişəm

 

Hümbət Qafarlı: “Təhsilimə Bakı Mühəndislik Universitetində başlamışam. SABAH qrupları barəsində orta məktəbdə oxuduğum müddətdə məlumatım var idi, seçmə tələbələr və müəllim heyətindən ibarət olduğunu, tələbələrə daha çox imkanların tanıdıldığını, burada inkişafın daha çox olduğunu bilirdim. 2020-ci ildən təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarının tələbəsi olaraq davam etdirirəm. Artıq SABAH qruplarında üçüncü ilimdir və özümü həm akademik, həm də professional şəkildə xeyli inkişaf etdirmişəm.

 

SABAH qruplarının güclü müəllim heyəti ilə dərsləri daha rahat və təməlli şəkildə öyrənə bilirik. Mən SABAH qruplarına qatıldığım müddətdə müxtəlif cür layihələrdə həm iştirakçı, həm də təşkilatçı olaraq fəaliyyət göstərmişəm. Gənclərin İnkişaf və Karyera Mərkəzində “Təlim və tədris işləri” üzrə menecer olaraq təcrübə keçmiş, “ASAN Akademiya - Qarabağ” layihəsindən məzun olaraq Zəngilan rayonunun Ağalı kəndi və Şuşa şəhərində olmuş, “ASAP Forum 2022” layihəsinin təşkilatçısı kimi onlarla təlim və görüşlər təşkil etmişəm. Hazırda PAŞA Holding tərəfindən təsis edilən “ƏLAÇI” təqaüdünün qalibiyəm və Avropa İttifaqı Şərq Tərəfdaşlığı Ölkələri proqramı daxilində “Gənc Avropa Səfiri” olaraq fəaliyyət göstərirəm”.

 

O, magistr dərəcəsini xarici universitetlərdən birində almaq, sonra isə PhD qazanmaq istədiyini və bunun üçün artıq bir neçə ölkənin universitetlərinə müraciət sənədlərini göndərdiyini, hələ də qarşısına çıxan təqaüd proqramları və universitetləri analiz edib müraciət etmək üçün dəyərləndirdiyini deyir. Həmçinin idarəetmə sahəsi (Layihələr, Tədbirlərin təşkili, Biznes) üzrə gələcəkdə həm akademik, həm də özəl sektorda fəaliyyət göstərmək, indi olduğu kimi gələcəkdə də bacardığı qədər fayda vermək istədiyini, SABAH qruplarının tələbəsi olmaqdan əlavə, həm də SABAH qruplarının müəllimi olmaq istədiyini dilə gətirib.

 

“SABAH qrupları ağlımda olan start-upların və planların hazırlanmasında çox böyük töhfə verib”

 

Ruslan Qənbərovun SABAH qruplarına qoşulmağında məqsədi gələcəyinə dair planları daha mükəmməl və tez bir zamanda həyata keçirməkdir: “SABAH qruplarının mənə çox təsiri olmuşdur.

 

SABAH qrupları ağlımda olan start-upların və bir neçə planların hazırlanmasında çox böyük töhfə verib. Bir neçə könüllülük təşkilatlarında aktiv iştirak edirəm, SABAH Könüllülərinin sədri vəzifəsindəyəm. Bir neçə layihələrim var. Bunlardan biri də “Third Review” layihəsi olmuşdur. 2022-ci ildə Azərbaycanda ilk dəfə keçirilən “Texnofest Azərbaycan” yarışmasında finalçı olub, 2-ci yerə layiq görüldüm. Amerika və bir neçə ölkənin universitet əməkdaşlarından start-up layihələrimə maddi dəstəklər və həm də təhsilimlə bağlı təkliflər gəlmişdir. Hazırda təhsilimi Azərbaycan Texniki Universitetinin SABAH qruplarında davam etdirirəm. Magistr təhsilimi də bu universitetdə davam etdirməyi planlayıram. Amma təbii ki, xarici universitet əməkdaşlarından gələn təklifi nəzərə ala bilərəm. Əlavə olaraq It Brains Academy-də Helpdesk və Şəbəkə inzibatçılığı sahəsində təhsil alıram”.

 

“Ən böyük arzum doğma Şuşada təhsilin dirçəldilməsi və inkişafına müəllim kimi öz töhfəmi verməkdir”

 

Güllü Həsənova deyir ki, SABAH qruplarında təhsil almaq istəyi universitetə daxil olmazdan öncə yaranıb. Universitetə daxil olduqdan sonra isə artıq bu arzunu reallaşdırmaq üçün SABAH qrupları haqqında daha ətraflı araşdırma aparmağa başlayıb. Araşdırmaları zamanı SABAH qruplarındakı təhsilin üstünlükləri, təlim prosesi zamanı istifadə olunan müasir təlim üsulları, həmçinin bu qruplarda ingilis dilinin tədrisinə xüsusi əhəmiyyət verilməsi həmin qruplara olan marağını artırıb. İmtahana hazırlaşıb uğurla keçdikdən sonra müsahibə mərhələsinə dəvət olunub, daha sonra SABAH-ın tələbəsi olub.

 

G.Həsənova qeyd edib: “SABAH qrupları bizlərə fərqli və öyrədici mühit, yüksək pedaqoji ustalığı olan dəyərli müəllimlər, dostlar qazandırıb. Dərslərimiz dövrün tələblərinə, standartlarına uyğun keçirildiyi üçün biz yüksək İKT bacarıqlarına da yiyələndik. Mən SABAH-da daha müstəqil şəkildə fəaliyyət göstərməyi öyrəndim. SABAH qruplarında daim araşdırmağın, özünü inkişaf etdirməyin faydalarını, Vətənin Uğurlu Sabahı olmağı öyrəndim. SABAH mənə arzularımı gerçəkləşdirməyim üçün şərait yaratdı. Uşaqlıqdan bəri xatirələri ilə böyüdüyüm Vətənimdə - Şuşada reportajlar hazırladım, geri döndükdə isə həmin reportajlardan, videoçarxlardan praktik dərs hazırlayaraq müəllimlərimə təqdim etmək mənim üçün qürurverici idi. Müxtəlif tədbirlərin keçirilməsinin, təşkilinin necə məsuliyyətli və əhəmiyyətli bir iş olduğunu öyrəndim. Mənim üçün ən yaddaqalan könüllü fəaliyyəti isə SABAH qrupları Məzun günündə göstərdiyim könüllülük idi. Dəyərli professorlarımızı, müəllimlərimizi, SABAH Məzunlarını qarşılamaq, onların sevincini bölüşmək sözlərlə ifadə olunmayacaq qədər möhtəşəm hisslərdir. Bütün bunlarla bərabər biz ixtisas bacarıqlarımızı artırmaq üçün müxtəlif təlimlərdə, praktik dərslərdə iştirak edərək ixtisasımıza dair dərin biliklərə yiyələndik”.

 

Hal-hazırda 4-cü kurs tələbəsi olan Güllü Həsənova magistr təhsilini SABAH Magistratura pilləsində davam etdirməyi planlayır: Magistr təhsilimi bitirdikdən sonra SABAH qruplarında müəllim kimi pedaqoji fəaliyyətimi davam etdirməyi düşünürəm. Ən böyük arzum isə  işğaldan azad olunmuş doğma torpağımız Şuşada təhsilin dirçəldilməsi, inkişafı istiqamətində müəllim kimi öz töhfəmi verməkdir.

 

“Etdiyim araşdırma nəticələrini aldığım biliklərlə əlaqələndirib bəzi idman növlərimizə yeni nəfəs vermək istəyirəm”

 

Ləman Sultanlı 2019-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman menecmenti və kommunikasiya” ixtisasına daxil olub. I semestri bitirdikdən sonra Akademiyanın saytında SABAH qruplarına qəbul haqqında elana rast gəldiyinə və ASAPES-SABAH pilot qrupunun tələbəsi ola biləcəyinə sevinib. Böyük həvəslə seçimlərə qatılıb, imtahan  və  müsahibədə  uğurlu  çıxış  edərək  qrupun  ən  yüksək  balı  ilə  qəbul  olunub.

 

“Məlum olduğu kimi, bizim tədrisimiz pandemiya vaxtına düşdüyünə görə onlayn dərslər keçdik, onlayn mühit oldu. Buna baxmayaraq biz aktiv şəkildə onlayn dərsdə tamaşalar göstərir, sorğular keçirir və məqalələr yazırdıq. Bundan əlavə, onlayn vebinarlara, seminarlara, tədbirlərə, konfranslara qoşulmaq imkanımız yarandı. Həftədə bir neçə dəfə bizə vebinarlar keçirirdilər, vebinar keçənlər arasında yerli mütəxəssislərlə birgə xarici mütəxəssislər də var idi. Böyük şirkətlərin mütəxəssislərindən (“Coca-cola”, “Azərkosmos” və s.) müəyyən biliklər əldə etdik. Daha sonra elmi rəhbərimlə birgə Akademiyamızın təşkil etdiyi Elmi konfransa qatıldım və uğurlu nəticə göstərdim. Artıq biz 3-cü kursda təhsil alanda əyani tədris formasına keçdik və dərslərə daha aktiv başladıq. 2021-2022-ci illərdə SABAH qrupları arasında keçirilən idman oyunlarında könüllü kimi fəaliyyət göstərmişəm və Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş dama və şahmat yarışlarının iştirakçısı olmuşam. AFFA, PFL və GİF tərəfindən keçirilən seminarlarda iştirak edib, biliklərimi artırmışam. 2021-2022-ci illərdə Futbol üzrə Azərbaycan çempionatının final mərhələsində “Neftçi” və “Qarabağ” arasında keçirilən oyunda könüllü qonaq kimi iştirak etmişəm. Hal-hazırda Azərbaycan Voleybol Federasiyasında təcrübə keçirəm. I liqa və Yüksək liqa oyunlarının təşkilində yaxından iştirak edirəm”.

 

2022-ci ildə keçirilən “Media  savadlılığı konfransı”nda  SABAH qruplarının sayəsində aktiv iştirakçı olub. SABAH qruplarının təşkil etdiyi “IT WOMEN” layihəsi çərçivəsində “SMM menecer” dərsləri alır. Gələcəkdə magistr təhsili alaraq idman sektorunda fəaliyyət göstərmək istədiyini deyir: “Sahəmdə etdiyim araşdırma nəticələrini aldığım biliklərə əlaqələndirib bəzi idman növlərimizə yeni nəfəs vermək istəyirəm”.

 

“Gələcəkdə beynəlxalq ümumi hüquq üzrə dərin biliklərə malik diplomat olmaq istəyirəm”

 

Cavid Rəhimli Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” fakültəsinin IV kurs tələbəsidir. O, SABAH qruplarında tədrisin daha interaktiv formada aparılmasını yuxarı kurslardan öyrəndiyini, eləcə də SABAH məzunlarının karyeralarında uğurlarını gördükdən sonra SABAH-ın tələbəsi olmağa qərar verib.

 

C.Rəhimli SABAH-da fəaliyyəti haqqında danışıb: “Qürurla bildirirəm ki, Prezident təqaüdçüsü adını təhsil aldığım 4 il ərzində saxlaya bildim. SABAH qruplarında oxumasaydım, bu, daha çətin olardı. Çünki ictimai fəaliyyətlə əlaqədar olaraq, 3 il ərzində müxtəlif ölkələrdə bir sıra layihələrdə iştirak etmişəm. Bunların arasından BMT-nin sessiyalarını, Avropa İttifaqının konfranslarını misal çəkə bilərəm. 3-cü kursda ELSA-nın Baş Katibi, Gənc Hüquqşünaslar Klubunun Sədri, Gənc Avropa Səfirləri Şəbəkəsinin İdarə Heyəti üzvü, eləcə də Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin Xarici Əlaqələrdən məsul şəxs kimi fəaliyyət göstərmişəm. Hazırda ELSA-nın Məşvərət Şurasının səfiri kimi fəaliyyətimi davam etdirir, beynəlxalq hüquq üzrə məhkəmə müsabiqəsində iştirak edirəm. Gələcəkdə isə beynəlxalq ümumi hüquq üzrə dərin biliklərə malik diplomat olmaq istəyirəm. Bunun üçün də ikinci xarici dil olaraq fransız dilini öyrənir, xarici ölkədə magistr təhsili almaq üçün hazırlaşıram. “Lifetime learning”-i həyat tərzimə çevirməyə çalışıram, çünki öyrənmə prosesi özü mənə bir zövq verir”.

 

“Arzum gələcəkdə yaxşı mütəxəssis kimi fəaliyyət göstərməkdir”

 

Rüfət Nəsirov Memarlıq və İnşaat Universitetinin “İnşaat mühəndisliyi” ixtisası üzrə IV kursda təhsil alır. O, SABAH qruplarına dostunun məsləhəti ilə yüksək səviyyəli bilik, yaxşı təcrübə almaq üçün qoşulduğunu deyir: “SABAH-da əsasən müxtəlif mövzularda araşdırmalar aparır, tikinti ilə bağlı real çertyojlar, hesabatlar və istehsal texnologiyası göstərilir. Hər semestr xarici dil öyrədilir. SABAH qruplarında hər zaman treninq seminarları və görüşlər keçirilir.

 

Bundan əlavə, bizə SABAH qruplarının təşkilatçılığı ilə İT, proqramlaşdırma və Microsoft Office təlimləri verilib. Ümumiyyətlə universitetdə oxuduğum dövrdə inşaatda müxtəlif təcrübələrdə olmuşam. Tikintidə olduğum müddətdə layihə cizgilərini yaxşı mənimsədim, lazım olan material və məlumatları hesablamağı, kollektivdə işləməyi, iş bölgüsü və idarəetmə sistemini öyrəndim. Eyni zamanda, mühəndis proqramları üzrə LİRA 9.6R9, LİRA SAPR, SAP 2000, ETABS, ESPRİ, Manomakh, Avtokad proqramlarını mənimsədim”.

 

R.Nəsirov xaricdə magistratura təhsili almaq, bu sahə üzrə biliklərini, dünyagörüşünü artırmaq istədiyini bildirir: “Arzum təhsilimi bitirdikdən sonra öz ölkəmə qayıdıb, millətim, dövlətim üçün çalışmaq, bu sahəni daha da inkişaf etdirmək, gələcəkdə yaxşı mütəxəssis kimi fəaliyyət göstərməkdir ”.

 

Tünzalə QULİYEVA