Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.

 

Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetin gənc alim və tədqiqatçılarını 2 Fevral – Gənclər Günü münasibəti ilə təbrik edərək, Ulu Öndərin 100 illiyinə həsr olunan müsabiqənin mükafatlandırma mərasiminin məhz Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan Azərbaycan Gəncləri Günündə keçirilməsinin rəmzi mənasına diqqət çəkib. Rektor qeyd edib ki, bütün sahələrdə olduğu kimi, elmi-tədqiqat sahəsində də gənclərin aktiv iştirakı və davamlı stimullaşdırılması olduqca vacib məsələdir, bu istiqamətdə Pedaqoji Universitetdə də sistemli işlər görülür.

 

Çıxış edən elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov müsabiqə haqqında məlumat verərək vurğulayıb ki, ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan müsabiqə 2022-ci təqvim ili ərzində fəal, səmərəli elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, nüfuzlu jurnallarda dərc edilmiş elmi məqalələri, monoqrafiya, dərslik, dərs vəsaiti və digər elmi əsərləri olan, eyni zamanda ADPU-nun və filiallarının ictimai-siyasi həyatında elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş doktorant və tədqiqatçıların müəyyənləşdirilməsi və mükafatlandırılması məqsədi ilə keçirilir. Bildirilib ki, qaliblər 2 nominasiya üzrə “İlin gənc alimi və tədqiqatçısı” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər.

 

Prorektor qeyd edib ki, cari ildə müsabiqəyə təqdim olunmuş 20 müraciət arasında aparılan seçimlər nəticəsində “Dəqiq və təbiət elmləri” nominasiyası üzrə Bəsti Əsədova I, Xədicə Qocayeva II, Zöhrə Əsgərova III, “Humanitar və ictimai elmlər” nominasiyası üzrə isə Riyad Rüstəmli I, Aysel Şeydayeva II, Könül Həsənova isə III yerə layiq görülüb.

 

Daha sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

 

Müsabiqədə I yerin qaliblərinə 350, II yerin qaliblərinə 250, III yerin qaliblərinə isə 150 AZN pul mükafatı verilir.