Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunda 35 yaşa qədər olan doktorant və dissertantlar arasında institutdaxili müsabiqə keçiriləcək. Müsabiqə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı institutun tədbirlər planına əsasən nəzərdə tutulub.

 

İnstitutun baş direktoru akademik Vaqif Abbasov bildirib ki, müsabiqənin əsas məqsədi istedadlı gəncləri üzə çıxarmaq, onlara elmi araşdırma və təhlil aparmaq bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaqdan ibarətdir. Akademikin sözlərinə görə, ən yaxşı layihələr mükafatlandırılacaq. Belə ki, birinci yerin qalibinə 3000, ikinci yerin qalibinə 2000, üçüncü yerin qalibinə isə 1500 manat verilməsi planlaşdırılır.

 

Müsabiqənin nəticəsi aprel ayının birinci yarısında açıqlanacaq.