Yanvarın 27-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Effektiv kommunikasiyanı necə qurmalı?” mövzusunda "dəyirmi masa" keçirilib. 

 

"Dəyirmi masa"da elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, nazirliyin əməkdaşları, regional təhsil idarələrinin müdir və ictimaiyyətlə əlaqələrə məsul nümayəndələri iştirak ediblər. 

 

Açılış nitqi ilə çıxış edən İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, tədbir regionlarda təhsil sahəsində baş verənlərlə bağlı ictimaiyyətin doğru məlumatlandırılması, böhran vəziyyətlərinin idarəolunması yönündə maarifləndirmə məqsədilə təşkil edilib və tədbirdə səsləndiriləcək fikirlərin hər kəsə faydalı olacağını qeyd edib.  

 

Çıxış edən elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev tədbirin əhəmiyyətinə toxunaraq bildiriblər ki, həyata keçirilən işlərin ictimaiyyətə dəqiq çatdırılması, doğru hədəf kütləsinin seçilməsi, kommunikasiyanın düzgün idarəolunması vacibdir. 

 

ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva “Kommunikasiyada böhran niyə yaranır?” mövzusunda təqdimatla çıxış edib. Təqdimatdan sonra tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb. 

 

Sonra Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev "Elm və Təhsil Nazirliyinə daxil olan sosial media müraciətləri" mövzusunda təqdimatla çıxış edib. 

 

Tədbirin davamında “Regional təhsil idarələrinin internet resurslarının vəziyyəti", “ETN-in qurumlarında kommunikasiya işinin təşkili” mövzularında təqdimatlar edilib. 

 

Tədbir sual-cavab formatında davam etdirilib.