Təhsil İnstitutunda monoqrafiyanın təqdimatı keçirilib


Yanvarın 25-də  Azərbaycan Respublikasının Təhsil İnstitutunda Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədovun və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktor müavini, filologiya elmlər doktoru, professor Xatirə Bəşirlinin müəllifi olduğu “Xalq bayramları və inancların milli-mənəvi dəyərlərimizin formalaşmasında rolu” monoqrafiyasının təqdimatı keçirilib.

 

Təqdimatda pedaqoqlar, təhsil işçiləri, ədəbiyyat və incəsənət adamları, mətbuat nümayəndələri və Təhsil İnstitutunun əməkdaşları iştirak ediblər.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

 

Tədbiri giriş sözü ilə İnstitutun direktoru, kimya üzrə fəlsəfə doktoru Rüfət Əzizov açaraq müəllifləri təbrik edib, monoqrafiya haqqında fikirlərini bildirib.

 

Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Əsgər Quliyev monoqrafiya haqqında geniş məruzə edib. Qeyd edib ki, Azərbaycan türklərinin tarixən yaratdığı mədəniyyətin əsas hissəsini xalq bayramları və inanclarımız təşkil edir ki, bu da milli-mənəvi dəyərlərimizin formalaşmasında böyük rol oynayır.

 

Kitabda dini, milli, xalq bayramlarmızdan başqa, mühüm və əlamətdar tarixləri özündə əks etdirən dövlət bayramlarımız haqqında da geniş məlumatlar verilir. Bu monoqrafiya gənclərin milli-mənəvi əxlaqının, dünyagörüşünün formalaşmasında önəmli rol oynayacaqdır.

 

Təqdimat mərasimində professorlar Akif Abbasov, Vidadi Xəlilov, İntiqam Cəbrayılov, Hikmət Əlizadə, AR Tİ-nun direktor müavini Aydın Əhmədov, “Pedaqogika” jurnalının baş redaktoru, professor Fərahim Sadıqov və başqaları çıxış edərək kitabın Azərbaycanın milli adət-ənənələrinin, dilinin, dini inancının, əxlaqi dəyərlərinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi üçün dəyərli mənbə rolunu oynayacağını  bildiriblər.

 

Təqdimat mərasimində müəlliflər Hümeyir Əhmədov və  Xatirə Bəşirli yazdıqları kitab haqqında  fikirlərini  söyləyib, tədbir iştirakçılarına öz təşəkkürlərini bildiriblər.

 

Şakir CƏFƏROV