Azərbaycan Memarlıq və İnşaat Universitetinə mediatur təşkil olunub
2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. 10 mindən çox tələbəsi olan Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) imtahanlar bakalavr səviyyəsi üzrə 7658, magistratura səviyyəsi üzrə isə 990 tələbə üçün təşkil edilib. Bu barədə məlumat yanvarın 25-də universitetin təşkil etdiyi mediatur zamanı səslənib. Həmin mediaturda kütləvi informasiya vasitələrinin (KİV) rəhbərləri və nümayəndələri ilə yanaşı, təhsil eksperti Şahlar Əsgərov, Mətbuat Şurasının sədri Rəşad Məcid, Milli Məclisin deputatları Aydın Mirzəzadə, Ceyhun Məmmədov, Əməkdar mədəniyyət işçisi, Elm və Təhsil Nazirliyinin İctimai Şurasının üzvü Mirzə Cəfərzadə, “Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi” İctimai Birliyinin sədri Anar Sarıyev və digərləri iştirak edib.
Yüzillik ixtisaslar, müasir tələblər...
Mediatur çərçivəsində iştirakçılarla AzMİU rəhbərliyinin görüşü keçirilib. Görüşdə universitetin rektoru, professor Gülçöhrə Məmmədova təhsil müəssisəsi ilə bağlı ən vacib məqamları, uğurları və yenilikləri qonaqları ilə paylaşıb. O, AzMİU-nun böyük ənənəsindən danışıb: “Universitetimizin memarlıq və inşaat ixtisasları 1920-ci ildə yaradılıb. 1975-ci ildən ayrıca universitet kimi fəaliyyətə başlamışıq. Həmin vaxt gündüz oxuyan tələbə sayı 4000-ə yaxın idi. Bu gün tələbələrimizin sayı 10000 nəfərdən çoxdur”.
AzMİU-nun 500-ə yaxın müəllim heyətində hələ ki, yaşlı nəslin nümayəndələri üstünlük təşkil etsə də, gənc müəllimlər də az deyil. 3 dildə tədris həyata keçirilən universitetdə rus və ingilis dillərində dərs keçən müəllimlər kifayət qədərdir. Xarici dil bilən ixtisaslı kadr çatışmazlığı ilə üz-üzə qalmamaq üçün universitet öz müəllimlərinin dil biliklərini təkmilləşdirmələri üçün onlara kurslar təşkil edir.
Rektor son illərdə universitetlərdə, o cümlədən AzMİU-da həyata keçirilən yeniliklərə də toxunub. Onun sözlərinə görə, müasir təhsil konsepsiyasının tələblərindən asılı olaraq baş verən bu dəyişikliyin nəticəsində tələbələrin oxuduğu saatlar artıq həftədə 40 saatdan 24 saatadək azalıb, 5 ildən 3.5 ilə düşüb: “Bu da bizi, universitetləri məcbur edir ki, proqramları sıxlaşdırıb məqsədyönlü quraq. Avropa universitetlərində təhsil müddəti 3 il və hətta daha azdır. Bu müddətdə insanlar, sadəcə baza təhsili alır. Təbii ki, belə olan halda insanların öz üzərinə daha çox iş düşür. Onlar universitetlərin çatdırıb ötürə bilmədiyi bilik və bacarıqları özləri əldə etməli, bazarın tələbinə uyğun olaraq gərəkdiyində ixtisas artıra, lazım gələrsə, 2 dəfə, 3 dəfə ixtisas dəyişə bilərlər”.
G.Məmmədova qonaqlara universitetin nüfuzuna təsir göstərən digər uğurlar barədə də məlumat verərək deyib ki,öz imkanları hesabına qısa müddətdə elektron təhsil sisteminə keçiblər, elektron kitabxana qurulub. Bütün mühazirələrin elektron variantı elektron kitabxanaya yerləşdirilib. Hazırda kitabxanada 10 min elektron kitab var. Universitet bəzi vacib dərsliklərin çapında da müəlliflərə kömək edir.Tələbələrin kitablara əlçatanlığını təmin etmək üçün universitet kitabxanasının axşam saatlarında belə tələbələrə açıq olması təmin edilib.
İmtahanlarda ədalət üçün...
AzMİU-da qiymətləndirmə imtahanlar və layihələr əsasında aparılır. Bakalavr səviyyəsində təhsil alan tələbələr xüsusi qabiliyyət tələb olunan fənlərdən fakültələrdə qabiliyyət, digər fənlərdən yazılı və test üsulu, magistratura səviyyəsində təhsil alan tələbələr isə yazılı, şifahi və test üsulu ilə imtahan verirlər. İmtahanların çoxu, yəni 51 faizi test şəklində, 42 faizi isə yazılı olur. İmtahanların yüksək səviyyədə təşkil olunması üçün ümumilikdə 10 auditoriya ayrılıb. Test üsulu ilə imtahan verən tələbələr üçün 180 və 30 kompüterdən ibarət kompüter zalları fəaliyyət göstərir.
Yazılı imtahan üçün ayrılan zallardan birində qarşılaşdığımız Zəhra Dəmirtaş IV kurs tələbəsidir. O, memarlıq ixtisası üzrə təhsil alır. Zəhranın burada öz xəyallarını gerçəkləşdirdiyini öyrəndik: “Universitetdə özümü inkişaf etdirdim, yaxşı təhsil aldım. İmtahanlarım uğurla davam edir. Sadəcə I kursda kəsirim olub. Düşünürəm ki, universiteti 70-dən yuxarı göstərici ilə tamamlayacağam. İş tapmaqda da çətinlik çəkməyəcəyimi düşünürəm. Bildiyimə görə, işəgötürənlər təhsilini uğurla tamamlayanlara daha çox üstünlük verirlər”.
Fuad Behbudov isə Zəhradan fərqli olaraq iş məsələsində əmin deyil. O, hələ özünü daha çox inkişaf etdirməli olduğu fikrindədir: “İş tapmaq üçün əvvəlcə kurslara yazılacağam və bəzi yerlərdə təcrübə keçəcəyəm. Memarlıq elə sahədir ki, nə qədər inkişaf etsək, karyerada bir o qədər yaxşı yerlərə yüksələ bilərik”.
Fuad memarlıq ixtisası üzrə təhsil alır. Bu, onun 5-ci imtahanıdır. İndiyədək heç bir problemi olmayıb: “Bir dəfə birinci kursda apellyasiyaya müraciət etmişəm. Ondan sonra nə imtahanlarla bağlı problemim olub, nə də qeyri-kafi qiymət almışam. İmtahanlarımız həm test üsulu ilə, həm də yazılı olur. Hər ikisi də mənim üçün rahatdır. Universiteti də uğurla başa vuracağam. Yəqin ki, orta göstəricim təxminən 80-dən yuxarı olacaq”.
Dizaynerlər real sifarişlər yerinə yetirirlər
Mediatur iştirakçıları yazılı imtahanlardan sonra dizayn ixtisası üzrə təhsil alan I və II kurs tələbələrinin qabiliyyətlərinin qiymətləndirildiyi işlərlə də tanış olmaq imkanı qazanıblar. Tələbələrin semestr boyu işlədikləri və onlara əvvəlcədən elan olunmuş vaxtda təhvil verdikləri işlər arasında real sifarişlər əsasında ortaya çıxan layihələr belə var. Belə ki, mediatur iştirakçılarına Bakı Bulvar İdarəsinin verdiyi sifariş əsasında tələbələrin hazırladıqları layihələr barədə də məlumat verilib. Məlum olub ki, İdarə bundan əvvəl də universitetə sifariş verib və tələbələrin layihələri arasında mükafatlandırdıqları belə var.
300-dən çox tələbə müraciət edib
İmtahan zallarından sonra tələbələrin qiymətləndirilməsində ədalətliliyi təmin edən əsas mərkəzlərlə tanışlıq olub. Kodlaşdırma mərkəzi, yazı işlərinin yoxlanılması otaqları ilə tanışlıqdan sonra sıra tələbələrin şikayətlərinə baxılan otağa çatıb. Belə ki, imtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə Apellyasiya Komissiyası yaradılıb. Sessiya dövründə komissiyaya 300 nəfərdən artıq müraciət daxil olub. Getdikcə komissiyaya müraciətlərin azaldığı da bildirilib. Universitetdə tədris işləri üzrə prorektor Akif Qasımovun verdiyi məlumata görə, hər hansı ədalətsizlik, qayda pozuntusu, test imtahanlarında bizdən qaynaqlanan yanlışlıq, məsələn, səhv qoyulmuş sual olarsa, həmin problemlər tələbələrin xeyrinə həll edilir.
Məsələ müharibə iştirakçısı və qazilərlə bağlı olduqda...
Universitet rəhbərliyi onu da bildirib ki, onlar tələbələrlə işə xüsusi əhəmiyyət verirlər. Xüsusən imtahanlarda qayğı ilə yanaşdıqları qruplar var. Məsələn, onlar hər imtahanda qazi və veteran tələbələrinə qarşı həssas yanaşma sərgiləyirlər. G.Məmmədova xüsusi qeyd edib ki, həmin tələbələr özünü pis hiss etdiyini və bunun imtahan nəticələrinə təsir göstərdiyini deyərsə, onlar üçün təkrar imtahan təşkil edirlər. Qazi və müharibə iştirakçılarına qarşı mümkün bütün güzəştlər tətbiq edilir. Ümumiyyətlə, xüsusi halı olan bütün tələbələrə normal təhsil almaları üçün şərait yaradılır, yaxşı mütəxəssis olmaları üçün bütün imkanlar səfərbər edilir.
Sadəcə xüsusi halı olanlar deyil, üzrlü səbəblərdən sessiya zamanı hansısa fənlərdən imtahanlarda iştirak edə bilməyən tələbələrə də eyni cür həssas yanaşılır. Belə ki, tələbələr imtahan verə bilmədikləri fənlərdən yenidən imtahan vermək imkanı qazanacaq. Təbii ki, onlara bu şərait sessiyadan sonra yaradılacaq. Sessiyanın son imtahanları fevralın 3-nə təyin olunub.
Qonaqlar müşahidə etdiklərindən razıdır
Millət vəkili Aydın Mirzəzadə məzunu olduğu universitetdə baş verən dəyişiklikləri qürurla izlədiyini deyib. O, Azərbaycanda torpaqlarıımızın işğaldan azad olunmasından sonra sürətlənən tikinti bumuna tələb olunan inşaat mühəndislərinin məhz bu universitetdə yetişdiyini deyib.
Millət vəkili Ceyhun Məmmədov AzMİU-da fərqli vəziyyət müşahidə etdiyini əsaslandırıb: “Öz müşahidələrim əsasında deyə bilərəm ki, bu universitetdə səylər var, addımlar atılır, yəni iş gedir. Burada təəssübkeşlik, təcrübə özünü göstərir. Tələbələrin fəallığı gördüyümüz işlərdən hiss olunur. Aydın görmək olar ki, burada tələbələrlə iş var”.
AzMİU öz kadrları ilə öyünür
Beləliklə, AzMİU Beynəlxalq reytinq cədvəllərində yer alan 6 Azərbaycan universitetindən biri olması, 200-dən artıq şirkətlə qurduğu möhkəm əlaqələri ilə öyünən, məzunlarının 60 faizindən çoxunun ixtisası üzrə iş tapdığını iddia edən, ali təhsil sistemində həyata keçirilən islahatların qabaqcıllarından olan bir universitet olaraq, ildən-ilə fəaliyyət istiqamətlərini də genişləndirir. Artıq, sadəcə memarlıq və dizayn üzrə deyil, hətta informasiya texnologiyaları üzrə də mütəxəssis hazırlığına başlayır. 2023-cü ildə 6 fakültədə 25 bakalavr, 26 magistr ixtisası üzrə kadr hazırlığı həyata keçirən bir universitetə çevrilsə də, əsas qürur yeri inşaatçıları- memar və dizaynerləridir. Rektor G.Məmmədova dizaynerləri ilə xüsusilə öyünür: “Bizim dizayn mütəxəssislərimiz bütün universitetlərin hazırladığı kadrlardan üstündür”.
Ruhiyyə DAŞSALAHLI