Dövlət İmtahan Mərkəzi tərəfindən 29 yanvar tarixində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək.

 

Qurumdan bildirilib ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 566 nəfər qeydiyyatdan keçib.

 

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahanda iştirak edəcək bakalavrların nəzərinə çatdırılır ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq.  

 

Bakalavr imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilmişdir) və özü ilə aşağıdakı sənədləri gətirməlidir.

 

  • - şəxsiyyət vəsiqəsi;
  • - imtahana buraxılış vərəqəsi.

 

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda bakalavr imtahana buraxılmayacaq.

 

İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri və 56 zal nəzarətçisi ayrılıb.