Yanvarın 25-də ADA Universitetində İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində iki magistr ixtisası təqdim olunub.
Magistratura pilləsində tədris olunacaq qlobal idarəçilik və siyasət ixtisası İtaliyanın Luiss Universiteti ilə, qida sistemi üzrə menecment ixtisası isə Bolonya Universiteti ilə əməkdaşlıq vasitəsilə təklif olunur. Yeni magistr ixtisasları İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində təklif olunan ilk proqramlardır.
ADA Universitetinin rektoru səfir Hafiz Paşayev qonaqları salamlayaraq İtaliya-Azərbaycan Universitetinin tarixi və bu təşəbbüs çərçivəsində son 3 ildə görülən işlərdən bəhs edib. Rektor qeyd edib ki, bu təşəbbüs çərçivəsində təklif olunan ixtisasların məqsədi iqtisadiyyatın prioritet sahələri üzrə yüksəkixtisaslı kadrlar hazırlamaqdır.
Daha sonra Bolonya Universitetinin prorektoru Raffealla Kampaner yeni açılan ixtisaslarla bağlı təbriklərini çatdırıb. Bildirib ki, İtaliya-Azərbaycan Universiteti həm Bolonya Universiteti, həm də iki ölkə arasındakı münasibətlər üçün əhəmiyyət kəsb edir. Bu layihə çərçivəsində Bolonya Universiteti ilə əməkdaşlığa Kənd təsərrüfatı və qida elmi fakültəsinin yaradılması, birgə tədris və araşdırma layihələri, akademik və inzibati heyət üçün təlimlər, mədəniyyətlərin inteqrasiyasına yönəlik layihələr daxildir. Bu layihələrin həyata keçirilməsi üçün Bolonya Universiteti böyük təcrübəyə malik olduğu “sahədən süfrəyə” modelindən yararlanacaq. Hazırda magistr pilləsində təklif olunan ixtisas “Qida sistemi üzrə menecment” adlanır və növbəti akademik ildən tədris olunacaq. Bu proqramın məqsədi kənd təsərrüfatı və qida sənayesi üzrə gələcək menecerlər, mütəxəssislər və sahibkarlar hazırlamaqdır.
Luiss Universitetinin prorektoru Raffaele Marketti isə İtaliya mədəniyyətinin özəlliyinin əsasının fərdi yanaşma olmasından bəhs edib. Qeyd olunub ki, qlobal idarəçilik və siyasət ixtisası politologiya, beynəlxalq münasibətlər və menecment sahələrini bir araya gətirən çoxşaxəli (ixtisaslararası) proqramdır. Proqramın məqsədi qlobal siyasəti və biznesin idarə olunması, həmçinin milli konteksti uzlaşdırmağı nəzərdə tutan, rəqabətədavamlı “Made in Azerbaijan” (Azərbaycan brendinin təşviqi) keyfiyyət nişanının formalaşması, idarə edilməsi və təşviqini tədris etməkdir. Tələbələr bu ixtisasın bir hissəsi olaraq Roma şəhərində “Made in Italy” mövzusunda yay məktəbində iştirak edərək tanınmış italyan şirkətləri ilə görüşmək imkanı əldə edəcəklər.
Tədbirdə dövlət və ictimai qurumların, müxtəlif assosiasiyalar, təşkilatlar, kənd təsərrüfatı müəssisələri və universitetlərin nümayəndələri və tələbələr iştirak ediblər.
İtaliya-Azərbaycan layihəsi çərçivəsində təklif olunan yeni magistr proqramlarına tələbə qəbulu 2023-cü tədris ili üçün artıq elan olunur. Proqramda tədris iki il ərzində ingilis dilində ADA Universiteti və tərəfdaş İtaliya universitetlərinin professorları tərəfindən keçiriləcək. Tədris müddətində tələbələr bir müddət İtaliyada da təhsil alacaqlar. Qəbul üçün namizədlər beynəlxalq ingilis dili imtahanı və Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistraturaya qəbul imtahanlarında iştirak etməklə yanaşı, müsahibədən keçməlidirlər.
ADA Universiteti ilə Luiss Universiteti və Bolonya Universiteti arasında ikitərəfli müqavilələr 2022-ci il sentyabrın 1-də Romada Azərbaycan səfirliyinin və mədəniyyət mərkəzinin yeni binasının açılışı çərçivəsində İtaliya-Azərbaycan Universiteti üzrə keçirilmiş imzalanma mərasimi zamanı bağlanıb.
Azərtac