Bakı Mühəndislik Universitetində (BMU) cari tədris ilinin payız semestrinin qış imtahan sessiyası universitet rəhbərliyinin diqqət mərkəzində saxlanılır.
Artıq dördüncü həftədir davam etməkdə olan imtahanların gedişini növbəti dəfə yaxından izləyən BMU-nun rektoru, professor Havar Məmmədov tələbələrlə səmimi söhbət aparıb, onların bütövlükdə imtahan prosesi ilə bağlı fikirlərini öyrənib. Tələbələrin bilik və bacarıqlarının obyektiv dəyərləndirilməsi üçün yaradılan şəraiti vurğulayan rektor elektron universitet olan BMU-da imtahanların mövcud normativ sənədlər əsasında və təlimata uyğun, tam şəffaf şəkildə təşkil edildiyini bildirib. Bütövlükdə sessiyanın yüksək fəallıq şəraitində davam etdiyini, bu günə qədər ümumilikdə 1100 imtahanın keçirildiyini deyən H.Məmmədov tələbələrə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Rektor, həmçinin imtahan sessiyasının gedişinə nəzarət edilməsi, daxil olan şikayətlərin operatriv araşdırılması, cavab kağızlarının kodlaşdırılması və yoxlanılmasını icra etmək üçün yaradılan İmtahan Qərargahı və Apelyasiya Komissiyasının fəaliyyəti ilə də tanış olub, işçilərə müvafiq tövsiyələrini verib.
Qeyd edək ki, BMU-da fevral ayının 1-də başa çatması nəzərdə tutulan imtahan sessiyası boyunca ümumilikdə 1402 imtahan keçiriləcək.