ADPU-nun prorektoru:"Ölkəmizə xidmət bizim borcumuzdur"


Türkiyədə təhsil alaraq dünyanın müxtəlif ölkələrində karyeralarını davam etdirən “Türkiyə Məzunları” İstanbulda "Türkiyə Məzunları Forumu - 2023"-də bir araya gəliblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi, Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətlər Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən foruma 60 ölkədən ali təhsilini Türkiyədə başa vurmuş 200 məzun qatılıb. Forum çərçivəsində Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun və bir çox rəsmilər, alim və məzunların iştirakı ilə panellər keçirilib. Panellərdə çıxış edən məzunlar aldıqları təhsillə ölkələrinə qayıtdıqdan sonra əldə etdikləri nailiyyətlərdən danışıblar.

 

Qeyd edək ki, forumda iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov  da magistratura və doktorantura təhsilini Türkiyədə alıb. O, Türkiyə mediasına açıqlamasında bildirib ki, azərbaycanlı tələbələrin qardaş ölkə olan Türkiyədə təhsil alması xüsusi bir fərqlilikdir:”Biz burada təhsil almaqdan qürur duyuruq. Burada olduğum müddətdə müxtəlif ölkələrdən dostlar qazandım. Hamımız uğur qazanmışıq. Bu, Türkiyənin təhsil sisteminin çox uğurlu olduğunun göstəricisidir. Türkiyədə doktorantura təhsilimi bitirdikdən sonra çox cəlbedici bir iş təklifi aldım. Amma mən öz ölkəmə getmək istəyirdim. Ölkəmizə xidmət bizim borcumuzdur”.