Bakı Dövlət Universitetində (BDU) tədris və elmi fəaliyyətin təşkilində səmərəliliyin artırılması, idarəetmənin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə struktur islahatları həyata keçirilir.
Universitetdən bildirilib ki, bu islahatlar çərçivəsində Magistratura və doktorantura şöbəsi ləğv olunub. Onun bazasında Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzində Doktorantura şöbəsi və Tədrisin təşkili və idarə olunması Mərkəzində Magistratura şöbəsi yaradılıb. Elmi Şuranın qərarı ilə yaradılan yeni şöbələr BDU-da magistratura və doktorantura təhsilinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.
Bundan başqa, BDU-da Keyfiyyətin Təminatı üzrə Komissiya da yaradılıb.
Daimi fəaliyyət göstərəcək komissiya təhsildə keyfiyyətin təmin olunmasına dair təhlillər aparacaq, təkliflər verəcək. Komissiyanın fəaliyyətinə bu sahə üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri və ekspertlər də cəlb olunacaq.
Həmçinin universitetin kitabxanaçılıq-informasiya fakültəsinin adı dəyişdirilərək informasiya və sənəd menecmenti fakültəsi adlandırılıb. Bundan əlavə, kafedraların adlarının da fakültənin yeni adına və tədris aparılacaq ixtisaslara uyğunlaşdırılması qərara alınıb. Belə ki, struktur islahatlarına əsasən, biblioqrafiyaşünaslıq kafedrası sənəd menecmenti, kitabxana resursları və informasiya axtarış sistemləri kafedrası kitabxana-informasiya resurslarının idarə olunması, kitabşünaslıq və nəşriyyat işi kafedrası redaksiya-nəşriyyat işi kafedrası adlandırılacaq. Kitabxanaşünaslıq kafedrasının adı isə olduğu kimi saxlanılıb.