Sənəddə müəllim-tələbə mübadiləsi, birgə konfransların, seminarların və yay məktəblərinin təşkili nəzərdə tutulur
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov İndoneziyanın Darussalam Gontor Universitetinin (UNİDA Gontor) rektoru, professor Amal Fəthullah və prorektor Həmid Fəhmi Zarkasi ilə görüşüb. Qonaqları salamlayan rektor Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdiyini qeyd edib. BDU haqqında ətraflı məlumat verən akademik Abel Məhərrəmov ötən illərlə müqayisədə beynəlxalq əlaqələrin, o cümlədən İndoneziya universitetləri ilə əməkdaşlığın genişləndiyini nəzərə çatdırıb.
Rektor, professor Amal Fəthullah görüşün təşkilinə görə minnətdarlığını bildirib, təmsil etdiyi universitetin tarixi, tədris istiqamətləri barədə danışıb. BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən rektor imzalanacaq Anlaşma Memorandumunun qarşılıqlı fayda gətirəcəyinə əminliyini ifadə edib.
Universitetlərarası münasibətlərin müzakirə edildiyi görüşdə BDU-da İndoneziya ilə yanaşı Malayziya, Bruney və Sinqapurun rəsmi dövlət dili kimi 40 milyon insanın ana dili olan malay dilinin tədrisi, həmçinin bu istiqamətdə kadr hazırlığı ilə bağlı görüləcək işlərdən də söz açılıb.
Daha sonra BDU və UNİDA Gontor arasında müəllim-tələbə mübadiləsi, birgə konfransların, seminarların və yay məktəblərinin təşkili kimi məsələləri əks etdirən Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, görüş çərçivəsində qonaqlar universitetin elmi-tədqiqat mərkəzləri, laboratoriyaları, muzeyləri ilə tanış olublar.