BŞTİ-nin tabeliyindəki təhsil müəssisələri ilə işin təşkili istiqamətlərindən biri də inkişafyönümlü layihə və müsabiqələrin həyata keçirilməsidir
İnkişafyönümlü layihə və müsabiqələrin həyata keçirilməsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələri ilə işin təşkili istiqamətlərindən biridir. Həyata keçirilən layihə və müsabiqələr təhsilverənlərin peşəkarlığının yüksəldilməsinə xidmət etməklə yanaşı, habelə məktəb- valideyn-müəllim əməkdaşlığının inkişafında, şagirdlərin fənlər və müxtəlif sahələr üzrə bilik, bacarıq və qabiliyyətlərinin üzə çıxarılmasında, bütövlükdə onların təlimə marağının artırılmasında, istedadı ilə fərqlənən məktəblilərin tanıdılmasında mühüm rol oynayır. Başa vurduğumuz 2022-ci ildə paytaxtın ümumi təhsil müəssisələrində reallaşdırılmış layihə və müsabiqələrə keçid alırıq.
Paytaxt üzrə 69 layihə qalib olub
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində paytaxt üzrə 69 layihə qalib olub. Onlardan 24-ü ümumi təhsil müəssisələri kateqoriyası, 45-i isə fərdi layihələr kateqoriyası üzrə fərqlənib.
Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrindən 143, 232, 271, 37, 53, 96, 194, 82, 302, 72, 214, 158, 229, 7, 27, 61, 182, 279, 255, 328, 212 nömrəli tam orta məktəblər, Məktəb-Lisey Kompleksi, Texniki-Humanitar Lisey və 16 nömrəli Texniki-Humanitar Liseyinə məxsus layihələr ümumi təhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasındadır.
Müəllimlər tərəfindən 45 layihə isə fərdi layihələr kateqoriyası üzrə qalib gəlib.
Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.
“Rəqəmsal bacarıqlar” 176 məktəbdə
176 ümumi təhsil məktəbində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunur və adıçəkilən layihə çərçivəsində 900 müəllim müvafiq təlimlərdə iştirak edib. Bundan başqa, şagirdlər arasında “Kod Saatı: Rəqəmsal gələcəyə addım” müsabiqəsi də təşkil olunub.
“eTwinning Plus” layihəsi
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan “eTwinning Plus” layihəsində əsas məqsəd müəllim və şagirdlərlə digər ölkələrin həmkarları arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları, təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.
“eTwinning Plus” layihəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin müəllimləri fəal iştirak ediblər.
Belə ki, “eTwinning Plus” çərçivəsində 26 nömrəli tam orta məktəbin müəllimi Günel Məmmədova “Future Journalists” layihəsində Avropa mükafatı qazanıb.
Həmçinin layihə əsasında “Mənim böyük ideyam” (“My Big Idea”) mövzusunda müsabiqədə 67, 80, 202, 245 və 300 nömrəli tam orta məktəblərin şagirdləri qalib adını qazanıblar.
“Kiçik Akademiya”lar
BŞTİ-nin tabeliyindəki 307 ümumi təhsil müəssisəsində “Kiçik Akademiya” fəaliyyət göstərir. İl ərzində Bakı şəhəri üzrə “Kiçik Akademiya”lara 10000-dən artıq şagird cəlb olunub, 2000-dən artıq keçirilən tədbirlərdə 15000 nəfərdən artıq şagird iştirak edib. Şagirdlər tərəfindən 1500-dən artıq mövzu tədqiq olunub. Həmçinin “Kiçik Akademiya”ların saytı (bakuka.az) yaradılıb.
“Kiçik Akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsidir.
181 məktəbdə STEAM
181 ümumi təhsil müəssisəsində STEAM layihəsi tətbiq olunur. Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan STEAM layihəsinin məqsədi müasir çağırışlar əsasında inkişaf etmiş ölkələrdə həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisidir.
Bakı məktəbliləri həmçinin “Texnofest Azərbaycan” festivalında, Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022-də, “Baku Skills” müsabiqəsində, eləcə də “Makerthon 2022” yarışında, “Məktəblinin dostu” ilə birgə Zəfər Gününə həsr olunan “Breyn-rinq” intellektual bilik yarışında uğurla iştirak edərək, müxtəlif nominasiyalar üzrə qalib adını qazanıblar.
STEAM layihəsi tərəfindən keçirilən mühəndislik və robotexnika müsabiqələrindən seçilən istedadlı şagirdlərdən ibarət Azərbaycan komandası ABŞ-da təşkil edilən və dünyanın ən böyük robotatexnika yarışması olan “VEX Robotics World Championship 2022”də “Energy Team” kubokunu əldə edib. Yarışda komandamız ən yaxşı iyirmiliyə daxil olaraq final oyunlarında VI yeri əldə edib. Komandanın tərkibində BŞTİ-nin tabeliyindəki 20 nömrəli məktəb-liseyin və 153 nömrəli tam orta məktəbin şagirdləri də yer alıb.
İl ərzində STEAM layihəsi çərçivəsndə keçirilən müxtəlif təlimlərdə ümumi təhsil məktəblərinin müəllimləri iştirak edib.
“Sabahın alimləri”
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrindən təqdim olunan 65 layihədən 29-u “Sabahın alimləri” XI Respublika Müsabiqəsində iştiraka layiq görülüb. Müsabiqədə maraqlı və innovativ layihələrlə qatılan məktəblərdən 1 məktəb I, 4-ü II, 5-i III yerə, 1-i isə sertifikata layiq görülüb. Müsabiqədə I yerin sahibi olan Məktəb-Lisey Kompleksinin XI sinif şagirdi Nilgün Məmmədli ABŞ-da keçiriləcək İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil edəcək.
Müsabiqənin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkara çıxarılması, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsidir.
Ümummilli Lider Heydər Əliyevin irsi öyrədilir
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrədilməsi” mövzusunda dərslər keçirilir.
“Heydər Əliyev irsinin öyrədilməsi” mövzusunda dərslərin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar barədə şagirdlərə ətraflı məlumatların verilməsidir. 2021-ci ilin noyabr ayının 3-dən başlayan dərslər 2022-ci ilin may ayının sonunadək Bakı şəhərinin bütün inzibati rayonlarının ərazisində yerləşən ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilib.
2022-2023-cü dərs ilində dərslərin keçirilməsinə isə 17 noyabr tarixindən start verilmişdir. Dərslərin keçirilməsi may ayınadək davam etdiriləcəkdir.
“Onlayn kitab klubu”
BŞTİ tərəfindən “Onlayn kitab klubu” adlı sosial layihə keçirilir. İKT-dən istifadə bacarıqlarının mütaliə ilə vəhdətdə inkişafını hədəfləyən layihə üçün “Facebook” sosial şəbəkəsində yaradılmış “Onlayn kitab klubu” səhifəsində (https://www.facebook.com/Onlayn-kitab-klubu-110724968012960) elektron və audio kitabların paylaşımı, müxtəlif kitabların müzakirələri, kiçik rubrikalar əsasında müsabiqələrin təşkili, şagird və müəllimlərin təşəbbüsü ilə kitablarla bağlı fikirlərin paylaşılması və maarifləndirici mövzularda təqdimatlar təşkil olunub.
“Yaradıcı müəllim”
Paytaxt müəllimləri üçün nəzərdə tutulan müsabiqənin keçirilməsində məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimləri üzə çıxarmaqla yanaşı, eyni zamanda ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələləri diqqətdə saxlamaq, təhsil işçilərinin bununla bağlı fikirlərini və mülahizələrini öyrənməkdir.
BŞTİ tərəfindən “Yaradıcı müəllim” təqdimat müsabiqəsində 59 müəllim öz yaradıcı yanaşmalarına görə fərqlənib. Onlardan 9-u I, II, III yerlərə layiq görülüb, 5 nəfər “Tərifnamə”, 45 nəfər isə “Təşəkkürnamə” ilə mükafatlandırılıb.
10 paytaxt məktəblisi ən yaxşı təqdimat müəllifi olub
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən 3 nəfər I, 2 nəfər II, 2 nəfər III dərəcəli diplomla, 3 nəfər isə “Tərifnamə” ilə təltif olunub.
“Düşünən oxucu”
Məktəblilər arasında keçirilən “Düşünən oxucu” müsabiqənin şəhər mərhələsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 362 nəfər V-IX sinif şagirdi iştirak edib. 12 şagird müsabiqənin ölkə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin ölkə mərhələsinin nəticələrinə əsasən 3 paytaxt məktəblisi diplomla təltif edilib.
“Mənim gündəliyim”
Müsabiqənin keçirilməsinin məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsidir.
Müsabiqənin ümumilikdə 3000-dən çox şagird məktəb kitabxanalarından istifadə etməklə Azərbaycan və dünya ədəbiyyatı nümunələrini oxuyaraq gündəlik hazırlayıb.
Müsabiqədə I, II və III yerə layiq görülən qaliblərə diplomlar, xüsusi fəallıq göstərən şagirdlərə “Tərifnamə”, fəal iştirak edən məktəblilərə “Təşəkkürnamə” təqdim olunub.
“Bahar çələngi”
Layihə çərçivəsində şagird və müəllim kollektivinin iştirakı ilə “Bahar çələngi” adlı ədəbi-bədii kompozisiyalar, konsert proqramları, “Dəyirmi masa”, intellektual müsabiqə və yarışlar, şagirdlərin əl işlərindən ibarət sərgilər, Novruz mühazirələri, peşə təmayüllü siniflərdə “Novruz bayramı və mətbəx mədəniyyətimiz” adlı kulinariya günləri, məktəb kitabxanalarında “Novruz bayramı bədii ədəbiyyatda” adlı tədbirlər keçirilmiş, mənəvi dəyərlərimizi əks etdirən guşə və divar qəzetləri, bədii nümunələr əsasında tamaşalar hazırlanıb, idman yarışları və milli xalq oyunları təşkil edilib, məktəblərin həyətlərində yeni yaşıllıqlar salınıb.
Yaşıl layihə: “Təbiəti qoruyanlar”
Layihə çərçivəsində ümumi təhsil məktəblərində mövzu ilə əlaqədar maarifləndirmə görüşləri, müzakirələr, “açıq dərs”lər, seminar və “dəyirmi masa”lar, intellektual müsabiqə, debat və yarışlar keçirilib, ekoloji plakatlar, mövzu ilə əlaqədar videoçarxlar, “Təbiətimizi qoruyaq” adlı maarifləndirici tamaşalar hazırlanıb.Ümumi təhsil məktəblərində “Təbiətdən incəsənətə” mövzusunda yaradıcılıq işlərinin təqdimatı təşkil olunub, məktəb həyətləri təhsilalanlar tərəfindən yaşıllaşdırılıb, “Məktəbli bostanı” və “Yaşıl siniflər”, ekoloji guşələr yaradılıb.
“Ailəm və məktəbim”
Cəmiyyətin təməlini təşkil edən ailələrlə ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etmək, ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində qurulması işinə dəstək vermək məqsədilə keçirilən layihə isə “Ailəm və məktəbim” adlanır. BŞTİ tərəfindən reallaşdırılan layihə çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə valideynlər üçün təlim və seminarlar, “Hər şey övladımız üçün” başlığı altında tədbirlər təşkil edilib. Valideynlərin ixtisaslarına, iş sahələrinə uyğun olaraq həmin istiqamətlərə maraq göstərən şagirdlərlə görüşləri baş tutub.
“Qarabağı tanıt”
VIII-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqə məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların işğaldan azad edilən ərazilərimiz haqqında məlumatlılıq səviyyəsinin artırılması, şagirdlərdə araşdırma, təhlil aparmaq bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda təhsil müəssisələrində Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsi ilə əlaqədar maarifləndirici tədbirlərin görülməsi baxımından xüsusilə əhəmiyyətlidir.
315 nəfər şagird videotəqdimatları ilə məktəb mərhələsinin qalibi olaraq müsabiqəyə müraciət etmişdi. Müsabiqənin nəticələrinə əsasən 3 nəfər I, 3 nəfər II, 3 nəfər III dərəcəli diplomla, 5 nəfər isə “Tərifnamə”, 15 nəfər isə “Təşəkkürnamə” ilə təltif olunub.
“7-dən 17-yə vətənpərvər!”
BŞTİ tərəfindən reallaşdırılan növbəti layihə “7-dən 17-yə vətənpərvər!”dir. Layihənin əsas məqsədi məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissinin gücləndirilməsidir.
Layihə çərçivəsində Azərbaycanın tarixi və coğrafiyası, mədəni abidələri, adət-ənənələri, tanınmış şəxsiyyətləri, dövlət bayramları, xüsusi günləri, eyni zamanda “Şuşa İli”, Anım Günü və Zəfər Günü ilə bağlı ümumi təhsil məktəblərində tədbirlərin təşkili həyata keçirilib.
“Hekayəni paylaş”
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Vlll-Xl sinif şagirdlərinin iştirakı ilə “Hekayəni paylaş” (“Share your story”) videotəqdimat müsabiqəsi isə şagirdlərin ingilis dilində özünüifadə bacarığının təkmilləşdirilməsi, danışıq səriştəsinin artırılması, ingilis dilinin öyrənməklə beynəlxalq olimpiadalar və müsabiqələrdə iştirak imkanlarının genişləndirilməsi, xarici dildə kommunikasiya kompleksinin aradan qaldırılması, səlis və düzgün danışıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə keçirilib.
Müsabiqənin birinci mərhələsində 405 video arasından 30 nəfər seçilərək ikinci mərhələdə interaktiv çıxış formatında təqdimat edib.
Müsabiqənin yekununda ümumilikdə 9 iştirakçı (3 nəfər I, 3 nəfər II, 3 nəfər III) qalib seçilib. Həmçinin 5 nəfər həvəsləndirici yerə layiq görülüb, digər iştirakçılar isə müxtəlif nominasiyalar üzrə təltif olunublar.
“Zəfər” məktəblilərarası I tarix olimpiadası
Şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətən müharibəsində qazanılmış qələbə və qəhrəman ordumuzun zəfər yolu barədə məktəbliləri məlumatlandırmaq, həmçinin istedadlı şagirdləri üzə çıxarmaq məqsədi ilə paytaxt məktəbliləri arasında təşkil olunan “Zəfər” məktəblilərarası I tarix olimpiadasının ilk mərhələsində 5414 şagird iştirak edib. Onlardan 509 nəfəri növbəti - ikinci (şəhər) mərhələsində iştirak haqqı qazanmışdır. 55 nəfər şagird ən yüksək nəticəni göstərərək qalib olmuşdur. Olimpiada qalib şagirdlərin iştirakı ilə təşkil olunan Breyn-rinq ilə yekunlaşmışdır.
“Peşəkarlıq yolunda”
Paytaxtın ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Peşəkarlıq yolunda” layihəsi həyata keçirilir. Layihənin məqsədi təhsilalanların peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq, səriştələr barədə məlumatlandırılması, maraq və qabiliyyətlərinə uyğun müvafiq ixtisas-peşə seçiminə yönəldilməsi, həmçinin müəllim və valideynlərin də bu istiqamətdə maarifləndirilməsidir.
Layihə çərçivəsində şagirdlər düzgün ixtisas və peşə seçimi, uğurlu karyera barədə məlumatlandırılır, məktəblərin müxtəlif ixtisaslara yiyələnmiş məzunları və müxtəlif peşə sahibləri olan valideynləri tərəfindən maarifləndirici görüşlər keçirilir, həmçinin şagirdlər universitetlər, peşə təhsili müəssisələri barədə məlumatlandırılır.
Layihə çərçivəsində ixtisaslı mütəxəssislər və müəllimlər tərəfindən valideynlərlə maarifləndirici görüşlər də təşkil edilir. Layihə çərçivəsində, həmçinin peşə təmayüllü siniflərin şagirdləri və peşə təhsili müəssisələrinin tələbələri ilə birgə maarifləndirici videosüjetlər, təqdimatlar hazırlanaraq görüşlərdə nümayiş olunur.
“Yaradıcı müəllim: inkişaf edək, etdirək”
Müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin bu barədə rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir. Müsabiqədə 424 nəfər (212 nəfər müəllim, 212 nəfər şagird) iştirak etmişdir.
“Biliyini paylaş”
İki mərhələdən ibarət olan layihənin keçirilməsində əsas məqsəd ümumi təhsil məktəblərində interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı aktual məsələyə diqqətin artırılması, bu istiqamətdə yaradıcı və yenilikçi müəllimlərin qabaqcıl təcrübənin öyrənilməsindən ibarətdir.
Layihəyə qatılmaq məqsədi ilə 303 müəllim sorğuda iştirak edib, onlardan 59 müəllim seçilərək mentorluq keçmək üçün öz komandalarını yaradıb. Layihə iştirkçısı olan müəllimlər layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqi, istifadə olunan üsul və vasitələr, şagirdlərin nitq, ünsiyyət, dinləmə qabiliyyətinin, tədqiqatçılıq və yaradıcı yanaşma bacarığının inkişaf etdirilməsi, layihə əsaslı tədris zamanı xüsusi istedadı və bacarığı ilə fərqlənən şagirdlərin üzə çıxarılması istiqamətləri üzrə qabaqcıl təcrübələrini digər müəllimlərlə paylaşıb, maarifləndirici seminarlar, dərslər təşkil ediblər.
Təlimlər
Azərbaycan Respublikası təhsil nazirinin 29.07.2021-ci il tarixli əmrinə əsasən, “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili”ni həyata keçirən peşəyönümü koordinatorlar üçün 3 mərhələ üzrə birgünlük əyani təlimlər keçirilib.
Təhsil Nazirliyinin sifarişi ilə British Council tərəfindən 2022-ci ilin yanvar ayından ingilis dili müəllimləri üçün ixtisasartırma təlimləri keçirilib.
Bakı şəhəri ümumi təhsil müəssisələrinin müəllimləri Azərbaycan Müəllimlər İnkişaf Mərkəzi tərəfindən keçirilən “Tədris planlarının işlənməsi üzrə 24 akademik saatlıq ixtisasartırma təlimləri” və “Müasir tədris modelləri (layihə əsaslı öyrənmə, problem əsaslı öyrənmə, oyunəsaslı öyrənmə) əsasında tədrisin təşkili ixtisasartırma təlimləri”ndə iştirak ediblər. Təlimlər onlayn qaydada təşkil olunub.
British Council tərəfindən ingilis dilinin tədris olunduğu dövlət məktəblərinin müəllimləri üçün bir həftəlik beynəlxalq onlayn Yay Məktəbi proqramının keçirilməsi nəzərdə tutulur.
Bakı məktəbliləri partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilib
Paytaxtın ümumi təhsil müəssisələrində müəllim-şagird heyətinin partlayıcı hərbi sursat və mina təhlükəsinə dair maarifləndirilməsi ilə bağlı “Açıq dərs”lər keçirilib.
“Açıq dərs”lərdə gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri tərəfindən qəza zamanı göstərilən ilk tibbi yardım, minaların növləri, onların təhlükəsi və digər mövzular barədə məlumatlar əyani vəsaitlər və videoçarxlar vasitəsilə nümayiş olunub. Praktiki olaraq şagirdlərə mina partlayışı zamanı ilkin xilasetmə işləri öyrədilib.
“Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi”
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında ARTİ və Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihə həyata keçirilməkdədir. Layihə 25 ümumtəhsil məktəbində icra olunmaqdadır.
Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və BMT-nin Uşaq Fondu tərəfindən həyata keçirilən layihənin əsas məqsədi təhsil müəssisələrində uşaq hüquqlarının və rifahının daha səmərəli qorunmasına nail olmaqdan ibarətdir.
“Yay məktəbi”
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 275 ümumi təhsil məktəbində “Yay məktəbi” təşkil edilib, 19827 şagird “Yay məktəbi” çərçivəsində keçirilən məşğələ və tədbirlərdə iştirak edib.
“Yay məktəbi” çərçivəsində ümumi təhsil məktəblərində “Yaşıl layihə: “Təbiəti qoruyanlar”, “Ailəm və məktəbim” layihələri davam etdirilib, şagirdlərin vətənpərvər ruhda tərbiyəsi, ekologiya və mina təhlükəsizliyi mövzusunda maarifləndirilməsi, mütaliə vərdişlərinin, ingilis dili, robotexnika sahəsində bilik və bacarıqlarının artırılması, yaradıcılıq qabiliyyətlərinin aşkarlanması, düzgün peşə seçiminə istiqamətləndirilməsi məqsədilə bir sıra tədbirlər keçirilib. Tədbirlərdə “Kiçik Akademiya” üzvləri - tədqiqatçı şagirdlər fəal iştirak ediblər.
Eyni zamanda, sağlamlıq imkanları məhdud uşaqlar da diqqətdən kənarda qalmayıb, onlarla bağlı fəaliyyətlər təşkil edilib.
“Zərərli vərdişlərə birlikdə yox deyək”
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 30.09.2022-ci il tarixli əmrinə əsasən, “Zərərli vərdişlərə birlikdə yox deyək!” layihəsi keçirilməkdədir.
Tədbirlər planına əsasən, şagirdləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, məktəbliləri belə neqativ əməllərdən çəkindirmək, təhsilə, elmə olan marağını artırmaq məqsədilə ümumi təhsil məktəblərində müxtəlif tədbirlər həyata keçirilir.
“İrəvan Müəllimlər Seminariyası - 140”
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində müxtəlif tədbirlər, konfranslar, “dəyirmi masa”lar, seminarlar, görüşlər, sərgilər, disputlar keçirilib, videoçarxlar nümayiş olunub, divar qəzetləri hazırlanıb. Şagirdlərə müəllim, məktəbin kitabxanaçıları və dəvət olunmuş qonaqlar tərəfindən İrəvan Müəllimlər Seminariyası, orada dərs deyən müəllimlər, məzunlar haqqında ətraflı məlumat verilib, fikir mübadiləsi və müzakirələr təşkil edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına səfərləri təşkil olunub.
“Şuşa İli”
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində “Şuşa İli” ilə bağlı silsilə tədbirlər (rəsm, şeir, mahnı, videoçarx müsabiqələri, yarışlar, sərgilər, “dəyirmi masa”lar, seminarlar, görüşlər, “açıq dərs”lər, ədəbi-musiqili gecələr), inşa yazı və təqdimat müsabiqələri, konfranslar, Şuşada yaşamış görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr olunmuş müxtəlif tədbirlər keçirilib, videoçarxlar izlənilib, divar qəzetləri hazırlanıb.
20 Yanvar faciəsinin otuz ikinci ildönümü
Ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunan tədbirlər, konfranslar, seminarlar, mühazirələr və “dəyirmi masa”lar, kitab, foto və rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar təşkil edilib, xüsusi dərslər keçirilib. Şagirdlərə müəllim və dəvət olunmuş qonaqlar tərəfindən 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verilib, müzakirələr təşkil olunub.
OCEP layihəsi (Olimpiya Mədəniyyəti və Təhsili Proqramı)
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə keçirilən layihəyə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 42 məktəb cəlb edilib.
“Oxu günü”
22.04.2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Gəlin birgə oxuyaq!” devizi altında keçirilən “Oxu günü”ndə Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2 stend (“Book cafe” və “Məclisi-üns”),görkəmli ədiblərin və məşhur əsərlərdən personajların (Personajlar - Nizami Gəncəvi, Uilyam Şekspir, Xurşidbanu Natəvan, Aleksandr Düma, Mirzə Fətəli Axundzadə, Esmeralda, Sevil, Tomris, Əli, Nino.) şagirdlər tərəfindən canlandırılması və Qarabağ şikəstəsi musiqi kompozisiyası ilə iştirak edib.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyi , “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 4-cü dəfə keçirilən “Oxu günü” uşaq və gənclərin elmə, təhsilə, eyni zamanda, kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədi daşıyır.
Paytaxt məktəblərində Zəfər bağı salınıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Zəfər bağı salınıb. “Zəfər Günü” ərəfəsində 8 ümumi təhsil müəssisəsinin (10, 54, 71, 80, 207, 230, 252 və 313 nömrəli) hər birində simvolik olaraq 44 ağac əkilib. Paytaxt məktəblərində təşkil olunan ağacəkmə aksiyası “Təbiəti qoruyanlar” layihəsi çərçivəsində təşkil olunub.
“Zəfər tarixi” konfransları
Ümumi təhsil məktəblərində şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, təhsilalanları Zəfər tariximiz barədə geniş şəkildə məlumatlandırmaq, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq və onların xatirəsini yad etmək məqsədilə “Zəfər tarixi” konfransları keçirilib.
“Zəfər tarixi” konfranslarının birinci mərhələsində ümumi təhsil məktəbinin “Zəfər tarixi” fənnini tədris edən müəllimləri IX sinif şagirdlərinin iştirakı ilə interaktiv dərs hazırlayıb.
Konfransların ikinci mərhələsində məktəb rəhbərliyi və tarix müəllimlərinin iştirakı ilə interaktiv konfrans təşkil edilib. Konfransda məktəblərdə “Zəfər tarixi” fənninin tədrisi, şagirdlərin vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərin davamlılığı və s. istiqamətlərdə müzakirələr aparılıb, təkliflər hazırlanıb.
Günay QURBANOVA,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri