“Dünyanın yorulmadan həqiqəti axtaran və biliyimizin sərhədlərini genişləndirən fədakar alimlərə ehtiyacı var”


Dekabrın 10-da İsveçin Stokholm və Oslo şəhərlərində Alfred Nobelin anım günündə 2022-ci ilin Nobel laureatlarının mükafatlandırılma mərasimi keçirilib. Stokholm Filarmoniyasında ədəbiyyat, tibb, kimya, fizika və iqtisadiyyat üzrə Nobel mükafatlarının təqdimetmə mərasimi baş tutub.  Mərasimi açan Nobel Fondunun İdarə Heyətinin sədri Karl-Henrik Heldin xatırladıb ki, COVID-19 pandemiyası 2020 və 2021-ci illərdə Stokholmda ənənəvi  mükafatlandırma mərasimlərinin keçirilməsinə mane olub. “Koronavirus pandemiyası son iki ildə müntəzəm şənliklər keçirməyimizə mane olduğu üçün bu il səhnənin Nobel mükafatı laureatları ilə dolduğunu görmək bizi daha da sevindirdi”.  Fondun rəhbəri eyni zamanda vurğulayıb  ki, “bir çox böhran və problemlərlə üzləşən dünyanın yorulmadan həqiqəti axtaran və biliyimizin sərhədlərini genişləndirən fədakar alimlərə ehtiyacı var”.

 

Heldin mükafatın yaradıcısını da xatırladıb: “Alfred Nobel öz vəsiyyətində qeyd edib ki, mükafat milliyyətindən asılı olmayaraq bəşəriyyətə ən böyük fayda gətirmiş şəxslərə verilir. Bu, XIX əsrin sonlarında, millətçiliyin hökm sürdüyü bir dövrdə radikal və uzaqgörən idi və təəssüf ki, bu gün də bir çox ölkələrdə baş qaldıran bir fenomen idi. Lakin zaman Alfred Nobelin baxışının doğruluğunu sübut etdi: məhz ölkələr və mədəniyyətlər arasında açıq mübadilə bəşəriyyətin tərəqqisini, azad elmi, azad mədəniyyəti, humanizmi və beynəlmiləlçiliyi təşviq edir”.

 

Qeyd edək ki, 2020 və 2021-ci illərdə pandemiya səbəbindən  mükafatları evlərində alan qaliblər də mərasimə dəvət olunub.

 

Müvafiq Nobel Komitəsinin sədrinin açılış nitqindən sonra 2022-ci il laureatları ənənəvi olaraq minlərlə təzə çiçəklərlə bəzədilmiş səhnəyə çıxaraq burada İsveç kralı XVI Karl Qustavın əlindən qızıl medallar və fərdi diplomları qəbul ediblər.

 

2022 Nobel mükafatı laureatları

 

* Fiziologiya və tibb sahəsində isveçli bioloq Svante Pabu “sönmüş hominin genomu və insan təkamülü sahəsindəki kəşflərinə görə” Nobel mükafatına layiq görülüb.

* Amerikalılar Ben Bernanke, Duqlas Diamond və Filip Dibviq Alfred Nobelin xatirəsinə İsveç Milli Bankının iqtisadiyyat üzrə mükafatına layiq görülüblər. Onların “banklar və maliyyə böhranlarının tədqiqi”ndə xidmətləri qeyd olunub.

* Fransız yazıçısı Enni Ernault ədəbiyyat üzrə Nobel mükafatı alıb. O, “şəxsi yaddaşın köklərini, uzaqgörənliyini və kollektiv məhdudiyyətlərini ifşa etdiyi cəsarət və klinik həssaslığa görə” mükafatlandırılıb.

* Kimya sahəsində amerikalılar Caroline Bertozzi və Barry Sharpless, həmçinin danimarkalı Morten Meldal mükafatı alıblar. Onlar kimyəvi birləşmələrin sürətli sintezi üsuluna görə mükafata layiq görülüblər.

* Fransız Alain Aspe, amerikalı Con F.Clauser və avstriyalı Anton Zeilinger “Dolaşan fotonlarla eksperimentlər, Bellin bərabərsizliklərinin pozulmasının sübutu və kvant informasiya nəzəriyyəsində qabaqcıl tədqiqatlara görə” Nobel mükafatı alıblar.

 

Osloda isə 2022-ci il Nobel Sülh Mükafatının təqdimolunma  mərasimi keçirilib. Mükafatı məhkəmənin qərarı ilə ləğv edilmiş Rusiyanın “Memorial” mərkəzinin nümayəndəsi  və Ukrayna Vətəndaş Azadlıqları Mərkəzinin rəhbəri alıb.

 

Nobel medalı və diplomu

 

Təsisçisinin profili olan Nobel medalları 18 karatlıq qızıldan hazırlanır və çəkisi 175 qramdır. 1980-ci ilə qədər medallar daha da ağır idi - 200 qrama qədər- və 23 karatlıq qızıldan hazırlanırdı. Eyni zamanda, iqtisadiyyat üzrə mükafatın qalibləri bir qədər ağır - 185 qram medal alırlar. Əgər  birdən-birə Nobel medalı hərraca çıxarılarsa, o zaman onun dəyəri təkcə çəkisindən deyil, həm də kimə məxsus olmasından asılı olaraq artır.

 

Hər bir Nobel diplomu 23x25 sm ölçüdə olan kiçik sənət əsəridir. Onlar  dəridən hazırlanır. Fizika diplomları mavi, kimya, fiziologiya və tibb üzrə diplomlar qırmızı, iqtisadiyyat üzrə qəhvəyi, ədəbiyyat üzrə diplomlar isə rəssamın seçdiyi rəngdə olur. Mükafatların təqdimatından sonra laureatlar, qonaqlar, kral ailəsi və hökumət üzvləri, elm, biznes və mədəniyyət elitasının nümayəndələri Stokholm meriyasında ənənəvi ziyafətə gedirlər.

 

Adətən Stokholm və Oslo şənliklərinə Nobel fondundan 15 milyon kron (təxminən 1,46 milyon dollar) xərclənir. Bu məbləğə əsas xərclər daxildir: nəqliyyat, ziyafət, laureatların yaşayış haqqı. Builki xərclərin həcmi barədə məlumat hələlik məlum deyil, bu haqda daha sonra cari ilin maliyyə hesabatında məlumat veriləcək.

 

Laureatlar üçün Nobel konserti və “Nobel həftəsi dialoqu” seminarı sponsorların vəsaiti hesabına maliyyələşdirilir.

 

1901-ci ildən Nobel mükafatı cəmi 615 dəfə verilib, 989 nəfər və təşkilat laureat olub. Bu il hər nominasiyada mükafatın həcmi 10 milyon kron (970 min dollar) təşkil edib.

 

Oruc MUSTAFAYEV