Qırğızıstanlı müəllim və şagirdlər Azərbaycanda STEAM yönümlü təlimlərdə iştirak ediblər


Qırğız Respublikasının Nizami Gəncəvi adına 103 saylı məktəbinin və Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyasının 51 nəfərdən ibarət müəllim-şagird heyəti təcrübə mübadiləsi çərçivəsində “STEAM Azərbaycan” layihəsi ilə tanış olmaq məqsədilə Azərbaycanda səfərdədir.

 

Səfərin ilk günü dekabrın 12-də Qırğızıstandan gələn nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.

 

Daha sonra nümayəndə heyəti Bakı Avropa liseyi və Heydər Əliyev adına Müasir Təhsil Kompleksini ziyarət edib, hər iki müəssisənin rəhbərliyi ilə görüşüb, şagirdlər üçün yaradılan şərait, həmçinin müəssisələrdə fəaliyyət göstərən STEAM mərkəzləri ilə tanış olub, Ulu Öndərin anım gününə həsr olunmuş sənədli film izləyib, məktəblər arasında tanışlıq məqsədilə videoçarxlar nümayiş etdirilib. 

 

Bakı Avropa liseyinin Heydər Əliyev guşəsində nümayiş etdirilən Ulu Öndərə məxsus təhsil attestatı, diplomlar, sənədlər qırğızıstanlı qonaqların marağına səbəb olub. Qonaqlar lisey binası və fənn kabinetləri ilə maraqlanıb, liseydə yaradılmış STEAM Mərkəzi ilə yaxından tanış olublar. Sonda hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

 

Səfər ərzində Qırğız Respublikasının nümayəndə heyəti Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Avropa liseyi və Heydər Əliyev adına Müasir Təhsil Kompleksində STEAM yönümlü təlimlərdə iştirak edib.

 

Təlimlər çərçivəsində həmin təhsil müəssisələrində treninqin təşkilatçıları və qonaqlarla görüşüb söhbət etdik, onların  bir neçə gün ərzində əldə etdikləri təəssüratlarla tanış olduq.

 

“Qızıl medalçılarımız qonaqlarımızla görüşüb və öz təcrübələri ilə bölüşüblər”

 

Bakı Avropa liseyinin İKT üzrə direktor müavini Rahilə Əliyarzadə qəzetimizə müsahibəsində bildirib: “Artıq bir neçə gundür ki, liseyimizdə Qırğızıstandan gələn müəllimlər üçün STEAM təlimləri keçirilir. Gün ərzində onlar bir çox bacarıqlara yiyələnirlər. Qonaqlar böyük bir həvəslə təlimlərdə iştirak edir, təcrubə toplayaraq öz məktəblərində tətbiq etməyi arzulayırlar. Biz İkinci Qarabağ müharibəsi haqqında da qonaqlara ətraflı məlumat verdik. Qeyd etmək istərdim ki, Bakı Avropa liseyinin şagirdləri Beynəlxalq STEAM Festivalında iştirak edərək 5 qızıl medal əldə edib. Həmin medalçılarımız da qonaqlarımızla görüşüblər və öz təcrübələri ilə bölüşüblər”.

 

“Gələcəkdə STEAM layihəsi çərçivəsində Qırğızıstan Respublikası ilə uzunmüddətli əməkdaşlıq nəzərdə tutulur”

 

Bakı Avropa liseyində qırğızıstanlı müəllimlərə təlimlər keçən Sumqayıt şəhər Təfəkkür liseyinin fizika müəllimi Ülkər Mirzəliyeva bildirib: “STEAM təhsil metodu hələ Qırğızıstan Respublikasında tətbiq edilmir. STEAM layihəsini öyrənmək məqsədilə həmin ölkənin müəllim-şagird heyəti ölkəmizdə səfərdədir. Təlimlər çərçivəsində biz Qırğısıstandan gələn müəllim heyətinə STEAM təhsili haqqında baza informasiya, layihənin əsas hissəsi olan fənlərarası inteqrasiyanın reallaşdırılması haqqında məlumat veririk, onlar PBL- problem və layihə əsaslı öyrənmə, 3D modelləşdirmə, mikrobit sisteteminə uyğun olaraq kodlaşdırma və s. haqqında biliklər əldə edirlər. Üzümüzə gələn həftə ölkəmizdən olan nümayəndə heyəti Qırğızıstana səfər etməyi nəzərdə tutur. Orada yenidən daha əhatəli treninqlər həyata keçirməyi planlaşdırırıq. Həmin treninqlərdən sonra bu müəllimlər artıq ixtisaslaşaraq özləri ölkələrində STEAM təlimləri icra edəcəklər. Səfər çərçivəsində Qırğızıstan Respublikasında STEAM Mərkəzinin açılışı planlaşdırılır. Gələcəkdə bu layihə çərçivəsində Qırğızıstan Respublikası ilə uzunmüddətli əməkdaşlıq nəzərdə tutulur”.

 

“Gələn il Azərbaycan Respublikasının təşkil edəcəyi Beynəlxalq STEAM Festivalına qatılmağı planlaşdırırıq”

 

Qırğızıstan Respublikasının Elm və Təhsil Nazirliyinin aparıcı mütəxəssisi Kuseinova Aynurə müsahibə zamanı qeyd edib: “Mən Bişkek şəhərindən gəlmişəm və Qırğızıstan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsiyəm. Bildiyiniz kimi, cari ilin oktyabr ayında Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına səfəri həyata keçirilib və səfər çərçivəsində Qırğızıstanda iki məktəbin açılışı olub. Bunlardan biri Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan 20 saylı məktəb-gimnaziya, digəri isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi adına 103 saylı məktəbi olub.  Cənab Prezident İlham Əliyevin dəvəti nəticəsində hər iki təhsil müəssisəsinin bir qrup müəllim və şagirdi STEAM təhsil metodu ilə yaxından tanış olmaq məqsədilə Azərbaycan Respublikasına səfər edib. Fürsətdən istifadə edərək mən Azərbaycan Respublikasına bu cür xoş qarşılanmaya, təlimlərin yüksək səviyyədə təşkilinə görə minnətdarlığımı bildirmək istərdim. Bugünkü  gündə STEAM layihəsi dünyada çox aktualdır və biz  hazırda Azərbaycanda bu layihəni öyrənməkdən məmnunluq hissi duyuruq, gələcəkdə  də əməkdaşlığımızı davam etdirməyə ümid edirik. İkitərəfli razılaşma çərçivəsində gələcəkdə hər iki təhsil müəssisələrimizdə STEAM mərkəzlərinin açılışını nəzərdə tuturuq və növbəti ildə Azərbaycan Respublikasının təşkil edəcəyi Beynəlxalq STEAM Festivalına qatılmağı planlaşdırırıq. Səfər çərçivəsində Bakı şəhərinin tarixi-memarlıq abidələri və qoruqları ilə tanış oluruq və deyə bilərəm ki, ölkələrimizin tarixi və mədəniyyəti bir-birinə çox yaxındır, dilimiz də eynidir”.

 

Bizim müəllim və şagirdlər buradan STEAM haqqında böyük bilik əldə edərək vətənlərinə dönəcək və bu bilikləri ölkəmizdə layiqincə tətbiq edəcəklər”

 

Nizami Gəncəvi adına 103 saylı məktəbin direktoru Musiyeva Gülmira: “Bizim məktəbimiz Bişkek şəhərinin Quvcar yaşayış massivində yerləşir. Biz çox məmnunuq ki, STEAM metodu kimi müasir və aktual təhsil layihəsini məhz Azərbaycanda öyrənirik. Mənim STEM haqqında məlumatım olsa da, bura gəldikdən sonra mən daha ətraflı STEAM təhsil haqqında məlumat əldə edirəm. Bakı Avropa liseyində yaradılmış STEAM Mərkəzlə tanışlıq mənə çox gəzəl təsir bağışladı və belə mərkəzin bizim məktəbdə də açılmasını çox arzu edirəm. Mən artıq ikinci dəfədir ki, Bakıdayam. Birinci dəfə 2018-ci ildə Türkdilli dövlətlərin Əməkdaşlığı çərçivəsində gəlmişdim. Mən əminəm ki, bizim müəllim və şagirdlər buradan STEAM haqqında böyük bilik əldə edərək vətənlərinə dönəcək və bu bilikləri ölkəmizdə layiqincə tətbiq edəcəklər”.

 

“Gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığımıza böyük ümid bəsləyirəm”

 

Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyanın direktoru Alımkulova Kanıkey: “Mən təlimlər və Bakı şəhəri haqqında çox müsbət təəssüratlar əldə etdim. Biz burada STEAM təhsil metodu haqqında geniş məlumatlar əldə edirik, layihənin metodikasına yiyələnirik, gələcəkdə ölkəmizdə də bu layihənin tətbiqinə hazırlaşırıq. Bakı şəhəri məni gözəlliyi, böyüklüyü, memarlığı, insanları, qonaqpərvərliyi ilə heyran edib. Mən Prezident İlham Əliyev başda olmaqla bütün təşkilatçılara, təlimçilərimizə, Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. Biz də sizləri Bişkek şəhərində gözləyəcəyik və gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığımıza böyük ümid bəsləyirəm”.

 

“Mən ilk dəfədir ki belə bir miqyaslı STEAM təlimdə iştirak edirəm”

 

Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyanın ingilis dili və informatika müəllimi Yuliya Kim: “Azərbaycanda STEAM təlimlərində iştirak etmək biz müəllimlərə və şagirdlərimizə böyük təcrübə bəxş edir. Bizim üçün böyük şərəfdir ki, ölkəmizə bu cür yeni texnoloji biliklərlə dönəcəyik. Treninqlərdə biz hər gün yeni bir şey öyrənirik, təcrübə əldə edirik və yerindəcə təcrübədən keçiririk. Mən ilk dəfədir ki belə bir miqyaslı STEAM təlimdə iştirak edirəm. Möhtəşəm təşkilatçılıq və qonaqpərvərliyiniz üçün dərindən minnətdarlığımı bildirirəm”.

 

“Öyrənərək hiss etmək, yoxlamaq, tətbiq etmək, yaşamaq tamam başqa hissdir”

 

Nizami Gəncəvi adına 103 saylı məktəbin 9-cu sinif şagirdi Emirova Elzad: “Biz şifahi olaraq ölkəmizdə STEAM haqqında öyrənirdik. Lakin şifahi öyrənmə başqadır, öyrənərək hiss etmək, yoxlamaq, tətbiq etmək, yaşamaq tamam başqa hissdir. Biz burada STEAM layihəsi haqqında təlimləri dinləyərək həm də yeni avadanlıqları canlı gördük, onlardan istifadə etdik, düzəltdik. Burada biz mikrobitin, 3D modelləşdirmənin, kodlaşdırmanın nə olduğunu öyrəndik. Müəllimlərimizə detallı şəkildə mövzuları bizə izah etdikləri üçün təşəkkürümü bildirirəm. Prezident İlham Əliyev başda olmaqla hər kəsə xoş qəbul, qonaqpərvərlik, belə gözəl ölkəni görmək imkanı yaratdıqları üçün təşəkkürümü bildirirəm”.

 

 

“STEAM təhsili ilə bağlı təcrübə qazandım”

 

Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyanın 9-cu sinif şagirdi Li Anna: “Biz səfər çərçivəsində çox zəngin proqrama qatılmışıq.  STEAM təhsil metodu haqqında mən özüm üçün çox böyük məlumatlar əldə etdim, canlı təcrübə qazandım. Biz burada 3D modelləşmə, mikrobitin kodlaşdırması və s. haqqında ətraflı məlumat aldıq və tətbiq etdik. Bu, mənim üçün təkrarolunmaz təcrübə oldu. Bakı şəhəri mənə möhtəşəm təsir bağışladı. Xüsusilə Bakının qədim hissəsini çox bəyəndim, Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış oldum. Bu şəhərdə bütün dövrlərə aid nümunələr görmək olar: orta əsrlər, Sovet İmperiyası dövrü, müasirlik. Doğru deyirlər ki, Azərbaycan odlar yurdudur. Burada hər bir insanın qəlbində daxili isti alov yandığı aydın görünür”.  

 

 

 

 

Lamiyə ƏLİMƏRDANOVA