Bu rəqəmlər İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasinda səsləndirilib
“Əsas məqsədimiz institutun elmi potensialını daha da inkişaf etdirməkdir”. Bu fikri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun Elmi Şurasının növbəti iclasında çıxışı zamanı səsləndirib. İnstitutdan verilən məlumata görə, R.Əliquliyev rəhbərlik etdiyi qurumun 2018-ci ilin I yarısında elmi-innovasiya və elmi-təşkilati fəaliyyət, beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülmüş işlər, həyata keçirilmiş elmi tədqiqatlar, eləcə də digər tədbirlərdən söz açıb. Bildirib ki, 2018-ci ilin birinci yarımilində institutda Big Data analitikası, verilənlərin intellektual analizi texnologiyaları, informasiya təhlükəsizliyi, kiberfiziki sistemlərin tədqiqi, bulud texnologiyaları, proqram mühəndisliyinin elmi-nəzəri problemləri, süni intellekt və sosioinformasiya texnologiyaları, elektron təhsilin elmi-nəzəri problemləri və digər prioritet istiqamətlərdə araşdırmalar aparılıb. Nəzərdə tutulmuş 116 məqalədən 31-i xaricdə, 26-sı respublikada olmaqla 57-si dərc olunub. Bunlardan da 18-i yüksək istinad indeksli elmi bazalara daxil olub.
Alim elmmetrik göstəricilər haqqında da məlumat verərək institut əməkdaşlarının elmi əsərlərinə son 6 ay ərzində 417, son 5 ildə 4247, ümumilikdə isə 5991 dəfə istinad olunduğunu diqqətə çatdırıb.
AMEA-nın akademik-katibi rəhbərlik etdiyi qurumda beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülmüş işlərdən də söz açıb. Qeyd edib ki, 2018-ci ilin birinci yarısında institut bir neçə beynəlxalq qurum və assosiasiya ilə əməkdaşlıq qurub, müxtəlif səpkili görüşlər keçirib, beynəlxalq layihələrdə, regional telekommunikasiya şəbəkəsinin yaradılmasında iştirak edib, xarici alimlərlə birgə elmi tədqiqatlar aparıb.
Sonra alim institutun elmi və innovativ potensialının gücləndirilməsi ilə bağlı bir sıra tövsiyələr verib. Keyfiyyətli elmi məqalələrin hazırlanması, onların yüksək istinad indeksli jurnallarda, beynəlxalq bazalarda nəşr olunması, xarici ölkələrin elmi-tədqiqat müəssisələri ilə kadr və təcrübə mübadiləsinin aparılmasının institut qarşısında duran vəzifələrdən olduğunu qeyd edib.
“Elmi tədqiqatların əsas hərəkətverici qüvvəsi olan qrant layihələr həm də beynəlxalq əməkdaşlıq üçün mühüm platformadır”, – deyən R.Əliquliyev bütün əməkdaşların, xüsusilə də gənc kadrların respublika və beynəlxalq səviyyəli qrant layihələrdə iştirakının zəruriliyini vurğulayıb.
Tədbirin sonunda geniş müzakirələr aparılıb, çoxsaylı sual və təkliflər səsləndirilib.
Yusif ƏLİYEV