Paytaxt məktəblərində 21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbirlər keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Beynəlxalq Sülh Gününə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, inşa müsabiqəsi, bədii qiraət gecələri təşkil edilib.
Təhsil müəssisələrində Beynəlxalq Sülh Günü ilə əlaqədar şagirdlərin əl işlərindən ibarət sərgilər nümayiş olunub, divar qəzetləri, bülletenlər, stendlər və guşələr hazırlanıb.
Silsilə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin insanpərvərlik və sülhsevərlik hisslərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, bədii-estetik səviyyələrini yüksəltməkdən ibarətdir.
Tədbirlərdə ölkəmizdə ənənəvi olaraq 21 avqust–21 sentyabr tarixlərində keçirilən “Sülh aylığı” çərçivəsində görülən işlərdən danışılıb, Beynəlxalq Sülh Gününün yaranma tarixi barədə şagirdlərə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu əlamətdar gün BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə təsis edilib.
“Bəşəriyyətə sülh gərək”, “Göyərçinim-sülh quşum”, “Azərbaycan sülh tərəfdarıdır”, “Yurdda sülh, cahanda sülh”, “Biz sülh istəyirik”, “Sülh insan həyatının təminatıdır”, “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü”, “Sülhə gəlin ey insanlar!” kimi mövzularda keçirilən tədbirlərdə çıxış edənlər sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və sülhsevərliyi ilə fərqlənən Azərbaycan xalqının da sülh şəraitində yaşamaq arzusunda olduğunu qeyd ediblər.