Almaniyada yaşayan həmyerlimizin yeni kitabı çapdan çıxıb
Almaniyada yaşayan həmvətənlimiz, mühəndis, texnika elmləri doktoru Rezo Əliyevin “Mühəndislik fəaliyyətində kreativ işləmə metodlarının tətbiqi” kitabı nəşr olunub. “EcoPrint” nəşriyyat evində çapdan çıxan kitabda tələbə, mühəndis və ixtiraçılara texniki məsələlərin həllində kömək edəcək üsullardan bəhs edilir. Nəşrdə texnika və texnologiya haqqında ümumi məlumata əsaslanan bu üsulların xüsusiyyətləri ətraflı izah olunur. Həmçinin mühəndislər üçün spesifik olan yaradıcılıq hallarını və qanunauyğunluqlarını nəzərə alan kreativ işləmə üsullarının optimal həllərin tapılmasındakı rolu önə çəkilir. Kitabda texniki problemlərin ixtiraçılıq yolu ilə həllinə geniş yer verilir. Nəşrin rəyçiləri professor N.Yusifov və dosent İ.Çələbidir.
Kitab Almaniyada fəaliyyət göstərən “Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi”nin dəstəyi ilə çapdan çıxıb.
Qeyd edək ki, bu kitab Almaniyada texnika elmləri üzrə ondan artıq ixtira və patentin müəllifi olan R.Əliyevin on birinci əsəridir.