Şagirdlərin yaradıcılığı Şanlı Zəfərin işığında
30 ilə yaxın torpaq həsrətimizə 2020-ci ildə birdəfəlik son qoyuldu. Məhz 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi bizim tarixi qələbəmizlə başa çatdı. 44 günlük müharibə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi ilə nəticələndi. Hər bir Azərbaycan vətəndaşının 30 ilə yaxın idi ki, ürəyində gəzdirdiyi ən böyük arzusunu Ali Baş Komandanın rəhbərliyi altında Qəhrəman, Şanlı Ordumuz həyata keçirdi. Noyabrın 8-də isə Azərbaycanın incisi Şuşa erməni qəsbkarlarından azad edildi və dövlət başçısı İlham Əliyev televiziya vasitəsi ilə Azərbaycan xalqına bu müjdəli xəbəri çatdırdı. Və artıq 2 ildir ki, biz noyabrın 8-ni Milli QÜRUR, QƏLƏBƏ, ZƏFƏR bayramı kimi qeyd edirik. Qələbəni bizə yaşadanlar isə ümumi təhsil müəssisələrində əsl vətənpərvər gənclər kimi formalaşmış igidlərimiz oldu.
Məhz torpaqlarımızın işğaldan azad olunmasında misilsiz şücaət göstərən qəhrəmanlarımız bugünkü nəsil üçün bir nümunə, örnəkdir. Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, IX-XI sinif şagirdləri arasında təşkil olunan “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinin də əsas məqsədi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilmiş Şuşa qalibiyyətinin əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirmək və 2022-ci ilin “Şuşa İli” elan edilməsinə dair ölkə başçısının müvafiq sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsinin təmin edilməsidir.
Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə rəqəmsal formatda təşkil olunmuşdur. I mərhələdə iştirak edən 2737 şagirddən 89-u ölkə mərhələsində iştirak etmək hüququ qazanmışdır. Ölkə mərhələsində iştirak edən həmin 89 şagirdin yazdığı inşa yazı işləri Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə müəyyənləşdirilmiş Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilmişdir.
Noyabrın 22-də Heydər Əliyev Mərkəzində Elm və Təhsil Nazirliyinin şagirdlər arasında təşkil etdiyi “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, millət vəkilləri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, yerli təhsili idarəetmə qurumlarının rəhbərləri və digər qonaqlar iştirak edirdilər.
Mərasimdə öncə Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət himni səsləndirildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
“Qəhrəmanlarımızın nümunəsi hər birinizin fədakarlığı üçün ciddi əsasdır”
Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycan tarixinə qızıl səhifə kimi daxil olan 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən söz açdı: “Hər xalqın tarixində onun qızıl səhifələrinə çevrilmiş anlar olur. Və hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı tariximizin ən qürurlu, iftixarlı səhifələrindən birini təşkil edən Qarabağın 30 ildən sonra azad olunmasının şahidi olduğu üçün özünü xoşbəxt sayır. Qarabağın azadlığı, əslində, Azərbaycanın dövlət müstəqilliyinin, qüdrətinin, qətiyyətinin bütün dünyada təsdiqlənməsidir. Bu qələbə ilə Azərbaycan nəinki öz torpaqlarını geriyə qaytardı, eyni zamanda qürurunu, ləyaqətini, bir millət və xalq olaraq özünün yaşamaq haqqı uğrunda mübarizə aparmaq hüququnu geriyə qaytara bildi”.
Baş nazirin müavini Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan!” ifadəsinin bugünkü və gələcək nəsillərə bir çağırış olduğunu qeyd etdi. Ölkəmizdə böyüməkdə olan gənc nəslə dövlət səviyyəsində göstərilən qayğıdan söz açan Əli Əhmədov yeniyetmə və gənclərimizin yüksək təhsil almaları üçün hər cür imkan və şəraitin olduğunu söylədi: “Məktəblilərin qarşısında duran ən mühüm vəzifələrdən biri biliklərə yiyələnmək, yaxşı oxumaq və gələcəyə hazırlanmaqdır. Məhz siz gənclər Azərbaycanın gələcək inkişafını təmin edəcəksiniz. Bu isə sizin məktəb partası arxasında aldığınız biliklərdən və vətənpərvərlik ruhunuzdan asılı olacaqdır. Əminəm ki, bugünkü böyüməkdə olan gənc nəsil ölkəmizin yüksəlişi, inkişafı naminə hər cür fədakarlığa hazır olacaqdır. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəmanlarımızın nümunəsi, sizin hər birinizin fədakarlığı üçün hesab edirəm ki, ciddi əsasdır”.
Belə tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda yetişməsində əhəmiyyətli rol oynadığını xüsusi vurğulayan Baş nazirin müavini müsabiqə qaliblərini, onların müəllim və valideynlərini təbrik etdi.
“Əziz Şuşa, sən azadsan!” müsabiqəsini keçirmək Azərbaycan təhsil sisteminin arzusu idi
“Əziz Şuşa, sən azadsan!” müsabiqəsini keçirmək və bu müsabiqənin qaliblərini təbrik etmək Azərbaycan təhsil sisteminin uzun müddət arzuladığı və biz təhsil işçilərinin müxtəlif tədbirlərdə hər zaman səsləndirdiyi bir istək idi”. Çıxışına bu fikirlərlə başlayan elm və təhsil naziri Emin Əmrullayev müsabiqənin davamlı olaraq keçirilməsinin artıq ənənə halını alacağına əmin olduğunu söylədi. Müsabiqənin əhəmiyyətinə toxunan nazir inşa yazılarında şagirdlərin 44 günlük Vətən müharibəsində qazanılan zəfər barədə öz fikir və düşüncələrini özünəməxsus, səmimi hisslərlə ifadə etməklə yanaşı, həmçinin onların Azərbaycan dilində yazı bacarıqlarının inkişaf etdirilməsində mühüm rol oynadığını bildirdi.
İşğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən tədbirlərdən söz açan nazir Emin Əmrullayev hazırda həmin bölgələrdə bərpa-quruculuq işlərinin davam etdirildiyini və müasir standartlara uyğun məktəblər tikildiyini diqqətə çatdırdı: “Hər birimiz böyük bir intizarla həmin torpaqlara, ərazilərə qayıtmağı, o yerlərdə təlim-tədris prosesini bərpa etməyi, yenidən dərs zənginin səsini eşitmək ümidi ilə yaşayırıq. Bu tədris ilindən Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 30 ildən sonra ilk dəfə zəng çalınıb. Hesab edirəm ki, bu, böyük prosesin başlanğıcıdır. Ağalı kəndində yaşamağa başlayan ailələrin, ümumi təhsil müəssisəsində təhsil alan uşaqların üzlərindəki sevinci görənlər bir daha təhsilin insanların həyatında necə önəmli rol oynadığının şahidi oldular. Hazırda Ağalı məktəbində fəaliyyət göstərən müəllimlərimizdən bir neçəsinin ata-babası məhz vaxtı ilə bu kənddə doğulub boya-başa çatmış insanlardır. Həm sevindirici, həm də qürurvericidir ki, bu məktəbdə dərs demək üçün müraciət edənlərin sayı yüzlərlə idi. Əslən Ağalı kəndindən olan müəllimlərlə yanaşı, ölkəmizin digər bölgələrindən olan təhsil işçiləri də həmin məktəbdə uşaqların təlim-tərbiyəsi ilə məşğul olur”.
Nazir bildirdi ki, Şuşa şəhərində ümumi təhsil müəssisəsinin tikintisi gələn il yekunlaşacaq. Bu məktəb Azərbaycanın ən gözəl məktəblərindən biri olacaq. Eyni zamanda, Şuşa şəhərində Azərbaycan təhsilində çox vacib bir yer tutan, bu şəhərin ən böyük tarixi abidəsi sayılan Şuşa Realnı Məktəbinin bərpası işlərinə də başlanılıb: “Ağdam şəhərindəki məktəbimizin tikintisi növbəti ildə bitəcək və bu ümumtəhsil müəssisəsi Bakı şəhərində inşa olunmuş ən müasir məktəb binalarından biri olan Avropa Liseyinin tam üslubunda tikilir. Artıq bizim Suqovuşan qəsəbəsində məktəbimiz hazırdır. Növbəti il ərzində Laçın rayonunda, o cümlədən Zabux və Sus kəndlərində də məktəblərin istifadəyə verilməsini planlaşdırırıq. Füzuli şəhərində bir məktəbin tikintisinə başlanılıb və onun da növbəti ildə başa çatdırılmasını, eyni zamanda iki il ərzində Füzuli şəhərində Peşə Liseyinin tikintisinin başa çatdırılmasını planlaşdırırıq. Cəbrayıl şəhərində də məktəb tikintisinə artıq başlanılıb. Zəngilan və Kəlbəcərdə məktəb tikintisi ilə bağlı işlər həyata keçirilir. Birinin bünövrəsi qoyulub, digərinin isə artıq layihələndirmə işlərinə başlanılıb”.
Elm və təhsil naziri növbəti illərdə Azərbaycanda məcburi köçkün məktəblərinin qalmayacağına və dədə-baba torpağından ayrı düşmüş həmvətənlərimizin öz tarixi yerlərinə qayıdacaqlarına, həmin ərazilərdə həyatın canlanacağına əminliyini ifadə etdi. Bizə Qələbə sevincini yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə, Müzəffər Ordumuza minnətdarlığını bildirən Emin Əmrullayev öz həyatlarından keçmiş şəhidlərimizin heç zaman unudulmayacağını deyərək, qazilərimizə cansağlığı arzuladı.
Çıxışının sonunda Emin Əmrullayev müsabiqə qaliblərini təbrik edərək onlara ən xoş istəklərini çatdırdı.
“Şuşalı olmağımla qürur duyuram”
İnşa müsabiqəsinin qaliblərindən biri olan Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Röya Səfərzadənin “Şuşalı olmağımla qürur duyuram” cümləsi ilə başlayan çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Əslən Şuşalı olan, ancaq Şuşasız böyüyən bu yeniyetmə qız Qələbə sorağını aldığı gündən özünü xoşbəxt sayır. Elə yazdığı inşasında da sevincini, duyğularını ifadə edib: “Bu gün mən təsəvvür edilə bilməyəcək bir qürur hissi keçirirəm. Əziz Şuşamız artıq azaddır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əzmkar xalqımız öz Dəmir yumruğunu -birliyini və gücünü nümayiş etdirdi. Rəşadətli Ordumuz Qarabağ uğrunda gedən mübarizədə zəfər çaldı. Allahdan bizə bu sevinci yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayırıq. Mənim ən böyük arzum təhsilimi əla qiymətlərlə başa vuraraq doğma Şuşamın tanınan şəxslərindən biri olmaqdır”.
Röya düşüncələrini poetik misralarla tamamladı:
Azərbaycan verdi böyük imtahan,
Bu böyük qələbə deyildir pünhan
Geriyə qaytardıq o şöhrət-şanı,
Yağı caynağından aldıq Şuşanı!
“Əziz Şuşa, sən azadsan!” müsabiqəsinin ilkləri
Musiqili bədii hissə ilə davam edən mərasimin sonunda qaliblər mükafatlandırılmaq üçün səhnəyə dəvət olundu. Müsabiqənin nəticələrinə əsasən, 5 nəfər I, 10 nəfər II, 15 nəfər isə III yerə layiq görülməklə ümumilikdə 30 nəfər şagird qalib elan edildi.
Və “Əziz Şuşa, sən azadsan!” müsabiqəsinin ilkləri olmaq bu şagirdlərin təhsil həyatına qürurverici hadisə kimi daxil oldu...
Samirə KƏRİMOVA