Görüşdə ERASMUS proqramı çərçivəsində həyata keçirilən layihələr müzakirə edilib


Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert və səfirin müavini Petr Vaqner Bakı Dövlət Universitetində olublar. Rektor, akademik Abel Məhərrəmov qonaqları salamlayaraq bu ali təhsil ocağının tarixi, beynəlxalq əlaqələri, o cümlədən Çexiyanın Karlova Universiteti, Kimya Texnologiyaları İnstitutu, Mendel adına Dövlət Universiteti ilə əməkdaşlığından bəhs edib. Rektor bu görüşün əməkdaşlığın daha da genişlənməsinə təkan olacağına ümidvar olduğunu bildirib.

 

Səfir Milan Ekert BDU-da olmasından məmnunluğunu ifadə edərək Çexiya və Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib, elm və təhsil sahəsində həyata keçirilən layihələrin önəmindən bəhs edib.

 

Səfir müavini Petr Vaqner Azərbaycanda çalışdığı  illər ərzində Çexiya-Azərbaycan münasibətlərinin tarixinə dair kitab hazırlamasından, ölkələrimizin taleyində oxşarlıqların olmasından danışıb.

 

Görüşdə ERASMUS proqramı çərçivəsində həyata keçirilən layihələr,  universitetlərarası müəllim-tələbə mübadiləsi, birgə konfranslar, yay məktəblərinin təşkili kimi məsələlər müzakirə  olunub.

 

Sonra qonaqlar BDU-nun Heydər Əliyev muzeyi, tədris və elmi-tədqiqat laboratoriyalarında olublar.