Onlar fiziki məhdudiyyətli şəxslər üçün yaradılan imtahan şəraitini araşdıracaqlar


Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları Böyük Britaniyada təlim səfərindədirlər. Kembric Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində baş tutan təlimləri Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti təşkil edib. Sentyabrın 17-dən başlayan səfər 21-dək davam edəcək. Bu müddət ərzində DİM əməkdaşları Birləşmiş Krallıq təcrübəsində imtahanlarda fiziki məhdudiyyətli şəxslər üçün yaradılan şəraitlə tanış olacaq, tətbiq olunan xüsusi vasitələr haqqında öyrənəcək və onların DİM-in keçirdiyi imtahanlarda istifadə olunma imkanlarını araşdıracaqlar.

 

Görüşlərdə Böyük Britaniyanın müxtəlif dövlət qurumları və Kembric Universitetinin nümayəndələrinin təqdimatları olacaq və müəyyən olunan həmin mövzular ətrafında müzakirələr təşkil ediləcək. Müzakirələr dil imtahanları və xüsusi tələbləri olan namizədlər; xüsusi tələbləri olanlar üçün test tapşırıqlarının tərtibi və müəllimlərin hazırlığı; imtahanların təşkili; xüsusi tələbləri olanlar üçün siyasət və hüquqi mühit; imtahanların keçirilməsinə nəzarət və istifadə olunan test tapşırıqlarının monitorinqi və s. mövzuları əhatə edəcək.

 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda sağlamlıq imkanları məhdud şəxslər üçün xüsusi şərait yaradılır. İlk növbədə qaydalara əsasən, onlara imtahanda əlavə vaxt verilir. İmtahandan öncə həmin şəxslər Dövlət İmtahan Mərkəzinə müraciət edir və qeydiyyata alınırlar. Fiziki məhdudiyyətli şəxslər üçün xüsusi imtahan zalları təşkil edilir və onların hər biri üçün imkanlarının məhdudluğu səviyyəsindən asılı olaraq ayrıca nəzarətçi təyin edilir.