Hər bir ölkənin beynəlxalq aləmdə rolunu müəyyən edən başlıca amillərdən biri onun təhsilidir. Maddi-mənəvi dəyərlərin və strateji gücün göstəricisi olan təhsil hər zaman əsas və gərəkli fəaliyyət istiqaməti olub. Azərbaycanın bütün sahələrdə olduğu kimi, təhsil sferasında da inkişaf prosesi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır” məntiqi fikri onu göstərir ki, həqiqətən də belə bir prinsipin seçilməsi Azərbaycanda təhsil siyasətinin əsas qayəsini təşkil edib. Son dövrlər həyata keçirilən islahatlar da ulu öndər Heydər Əliyevin təhsil strategiyasının nə qədər fundamental bir konsepsiya olduğunu göstərir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil strategiyasını bu gün uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində icra edilən dövlət proqramları təhsilimizin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına və yüksək nəticələrin əldə olunmasına xidmət edir. “Təhsil hər bir dövlətin gələcəyidir... Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə təhsilin keyfiyyəti indi ön plana çıxır”, - deyən Prezident İlham Əliyevin təhsilə olan bu qayğı və diqqəti onu göstərir ki, ölkə rəhbəri gələcəyin daha etibarlı təminatı üçün Azərbaycan təhsilinin inkişafını dövlət siyasətinin başlıca istiqamətlərindən biri olaraq görür.
XXI əsrin tələblərinə uyğun olaraq qloballaşan dünyamızda təhsildə, xüsusən də ali təhsildə milli və beynəlxalq səviyyədə keyfiyyət təminatı ən vacib, hətta öndə gələn faktordur. Keyfiyyət təminatının ali təhsilin idarə olunmasında ayrıca sahə olaraq yaranması XIX əsrin sonlarında, ABŞ-da ilk akkreditasiya təşkilatlarının meydana çıxdığı vaxta təsadüf edir. Bu sahədə səmərəli nəticələr əldə edilməsi üçün ali təhsil müəssisələrində (ATM) effektiv keyfiyyət təminatını (KT) formalaşdırmaq və yüksəltmək vacibdir.
Fikrimizcə, XXI əsrin tələblərinə cavab verən ATM-ni formalaşdırmaq üçün, ilk növbədə, görüləsi iş keyfiyyət təminatı sisteminin (KTS) qurulması və təkmilləşdirilməsidir.
Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən təhsilin inkişaf strategiyası böyük qətiyyət və uğurla davam etdirilmiş, bu istiqamətdə həyata keçirilən tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan vermişdir. Belə ki, Azərbaycan ali təhsil sistemində Boloniya prinsipləri çərcivəsində Avropa Kredit Transfer Sisteminin tətbiq olunması, Avropanın və dünyanın aparıcı universitetlərinin müsbət təcrübəsinin ölkəmizə gətirilməsi ilə ali təhsildə KT-nin inkişafına şərait yaranmışdır. XXI əsrin tələblərinə uyğun olaraq rəqabətqabiliyyətli insan kapitalının yetişdirilməsi, tələbə qəbulu qaydalarının təkmilləşdirilməsi, universitetlərdə keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və məzunların işlə təmin olunmasına xidmət edən karyera mərkəzlərinin fəaliyyətində effektivliyin yüksəldilməsi istiqamətlərində ciddi uğurlar əldə olunmuşdur. Azərbaycan 2015-ci ildən Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Avropa Reyestri (EQAR) təşkilatına üzv seçilmişdir. Qeyd edək ki, EQAR Boloniya prosesinə üzv ölkələrin mandatı və Ali təhsildə keyfiyyətin təminatı üzrə Avropa Assosiasiyasının (ENQA), Avropa Universitetlər Assosiasiyasının (EUA), ATM-lərin Avropa Assosiasiyasının (EURASHE) və Avropa Tələbələr Birliyinin (ESU) təşəbbüsü əsasında ali təhsildə keyfiyyətə nəzarət üçün yaradılmış ilk rəsmi qurumdur.
Ölkə Prezidenti İlham Əliyevin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) yaradılmışdır. Agentlik Azərbaycanda və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara əsaslanan ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsi ilə məşğuldur.
Universitetlərin reytinqi mövzusu son vaxtlar beynəlxalq və yerli təcrübədə kifayət qədər aktualdır. 2015-ci ildə ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Elm və Təhsil Nazirliyinə dəstək göstərilməsi üzrə Tvinninq layihəsinə başlanılması Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatların (ESG) Azərbaycan ali təhsilində tətbiq edilməsinə imkan verdi. Layihənin icbari nəticələrindən biri Azərbaycan ali təhsilində ESG-yə uyğun keyfiyyət təminatı üzrə standartların və təlimatların (AzST) hazırlanması və sənədin üç ali təhsil müəssisəsində sınaqdan keçirilməsidir. Azərbaycan Dövlət Pedaqoji Universiteti seçilmiş üç ali təhsil müəssisəsindən biridir.
Hazırda ADPU-da keyfiyyət göstəricilərinə görə dünyanın aparıcı universitetləri arasında rəqabətədavamlı təhsil sisteminin qurulması və onun məzmununun qabaqcıl beynəlxalq təcrübəyə əsasən yenilənməsi kimi prioritet istiqamətlər üzrə işlər görülməkdədir. Buna nümunə olaraq “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ-ın 200 illik tarixi olan Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı sazişi imzalanmasını, Pedaqoji Universitetdə tədrisin keyfiyyətinin artırılması üçün davamlı tədbirlərin həyata keçirilməsini, beynəlxalq proqramların uğurla icrasını qeyd edə bilərik.
“Keyfiyyətin Təminatı” şöbəsi ADPU-nun rektorunun əmri ilə 2018-ci il 14 sentyabr tarixində yaradılmışdır. Şöbənin əsas məqsədi müvafiq sahədə qabaqcıl təcrübənin öyrənilməsi, ümumi və ali təhsil pillələrində daxili və xarici keyfiyyət təminatı siyasəti, eləcə də mexanizmlərinin təkmilləşdirilməsi, bu iki təhsil pillələri arasında keyfiyyət təminatı sahəsində əlaqələrin qurulmasından ibarətdir. Bu şöbənin fəaliyyətinə hər zaman rəhbərlik tərəfindən dəstək göstərilmişdir. Universitetdə “Keyfiyyətin Təminatı” şöbəsinin missiyası keyfiyyətin artırılması və davamlı təkmilləşdirilməsi yolu ilə yüksək keyfiyyətli tədrisin təşkili, tədris planları, tədqiqat və idarəetmə işlərinin aparılması, habelə buna nail olmaq üçün keyfiyyətli sistem və prosedurların təmin edilməsi kimi fəaliyyətlərin həyata keçirilməsidir. Bu fəaliyyətlər bilavasitə universitetin üstün bir təhsil müəssisəsinə çevrilməsi, habelə əmək bazarının tələblərinə cavab verən vətənpərvər, savadlı, yüksək peşə kompetensiyasına malik məzunların hazırlanmasına kömək etməsinə xidmət edir.
Hazırda ADPU-da daxili keyfiyyət sisteminin bir aləti olan professor-müəllim heyəti üçün reytinq qiymətləndirmə sistemi qurulmuşdur, bununla yanaşı institusional qiymətləndirmə alətinin tətbiqi ilə ölçülə bilən meyarlar əsasında universitetin struktur bölmələrinin performansının müqayisəli şəkildə qiymətləndirilməsi aparılır. Qiymətləndirmənin nəticələrinin müəyyən hissəsini aşağıdakı kimi səciyyələndirə bilərik:
* 2019-cu və 2020-ci illərdə tələbələrlə onlara tədris edən professor-müəllim heyətindən məmnunluq sorğusu keçirilmişdir.
* Şöbənin əməkdaşlarının iştirakı ilə bir çox sillabuslar təhlil edilmiş və onların məzmununun əmək bazarının tələblərinə uyğunluğu ilə bağlı təkliflər təqdim edilmişdir.
* EQAC layihəsi çərçivəsində ADPU-da pilot ixtisas olaraq “İngilis dili müəllimliyi” ixtisası üzrə akademik heyət və tələbələr arasında sorğu və sorğunun nəticəsi kimi universitetlər üçün Avropa Standartları Təlimatları (ESG) üzrə təlimlər keçirilmişdir.
* 2020-2022-ci illərdə ADPU-da tədris, öyrənmə mühiti, təchizat, gözləntilərlə bağlı 60 sualdan ibarət tələbə məmnuniyyəti ilə əlaqədar meqa sorğu keçirilmiş və nəticələr müqayisəli təhlil olunmuş və sorğunun hesabatı təkliflərlə birgə rektora təqdim edilmişdir. Hesabat Elmi Şuranın iclasında geniş müzakirə edilmişdir. Bununla yanaşı, aparılan bir çox digər sorğuların məzmunu inkişaf etmiş ölkələrin nümunəsində təkmilləşdirilmişdir.
* Elektron kitabxanadan aktiv istifadəni təşviq etmək məqsədilə birinci kurs tələbələri elektron kitabxanada qeydiyyata alınmış və prosesin gedişinə şöbə tərəfindən müntəzəm monitorinqlər aparılmışdır.
* Avropa Komissiyasının 2021-2027-ci illərdə Rəqəmsal Təhsil üzrə Fəaliyyət Planı dərindən araşdırılmış və ADPU-ya uyğunlaşdırılaraq fakültə və filialların rəqəmsal təhsilə keçidi üçün təkliflər hazırlanmışdır.
* Magistr mövzuları ilə əlaqədar inkişaf etmiş ölkələrin təcrübəsi araşdırılmış və dünyada təhsil sahəsində aktual olan 20 mövzu müəyyənləşdirilərək ADPU-da magistr dissertasiya işi kimi işlənilməsi üçün təklif edilmiş, universitetdə yeni məzmunlu magistr proqramlarının tədris olunması ilə bağlı iki layihə irəli sürülmüşdür.
* ADPU məzunlarının məlumat bazasının yaradılması ilə bağlı “Məzun koordinasiya və karyera bölməsi” ilə əməkdaşlıq çərçivəsində təkliflər hazırlanmışdır.
Məlumdur ki, bir çox inkişaf etmiş ölkələrdə təhsil müəssisələrinin rəqabətliliyini təmin etmək üçün onların fəaliyyətlərini müxtəlif göstəricilər əsasında qiymətləndirirlər.
Bununla yanaşı, ilk dəfə olaraq ADPU-da “Keyfiyyətin Təminatı” şöbəsi tərəfindən 38 keyfiyyət göstərici üzrə vahid sistem əsasında fakültələr, filial və kollecin reytinq və institusional qiymətləndirməsi aparılmışdır. Qeyd edək ki, reytinq qiymətləndirilməsində əməkdaşların elmi-tədqiqat, pedaqoji fəaliyyəti, tələbə məmnunluğu və sosial aktivlik üzrə parametrlər nəzərə alınır.
İnstitusional qiymətləndirmənin aparılması prosesində qəbul olan tələbələrin sayının qəbul planında nəzərdə tutulmuş tələbələrin sayına (fakültə, filial və kollecdə) faiz nisbəti araşdırılararaq 98-100% olduğu, 2021-ci ildə bakalavr dərəcəsi alan tələbələrin sayının qəbul olan tələbələrin 2017-ci ildəki sayına nisbəti təhlil olunaraq 71-75% müəyyənləşdirilmiş, həmçinin müəssisədə elmi seminarların müəllimlərin sayına nisbətinin çox, 91-95% olduğu aşkar edilmişdir. Bununla yanaşı, təhlil prosesində MİQ imtahanının test mərhələsindən keçən bakalavrların sayının ümumi məzun olan bakalavrlara nisbətinin 66-70% olduğu, özəl təhsil müəssisəsində işləyən magistrların sayının ümumi məzun olan magistrantlara nisbəti fakültələr üzrə 66-70% müəyyənləşdirilmiş, dərsi dinlənilmiş müəllimlərin sayının müəssisənin müəllimlərinə nisbəti ən çox 96-100% olduğu aşkar edilmişdir. Həmçinin doktorantların sayının müəllimlərin sayına nisbəti ən çox 31-35% müəyyənləşdirilmiş, işlə təmin olunmuş məzunların sayının ümumi məzunlara nisbəti ən çox 71-75% nisbətində qiymətləndirilmişdir.
İnstitusional qiymətləndirmənin aparılması prosesində həmçinin, indeksli jurnallarda illik nəşrlərin sayının (WOS, Scopus) ümumi nəşrlərin sayına nisbəti fakültələr üzrə araşdırılaraq 21-25%, WOS jurnallarında dərc olunmuş əsərlərin istinad balının həmin əsərlərin sayına nisbəti araşdırılaraq ən çox, təqribən 96-100% olduğu müəyyənləşdirilmişdir. Ümumilikdə kafedra əməkdaşları ilə birgə elmi əsərlərin sayının müəssisədə ümumi əsərlərin sayına nisbəti araşdırılaraq ən çox 61-65%, müəssisədə kafedralar arası əməkdaşlıq çərçivəsində birlikdə olan elmi əsərlərin sayının müəssisədə ümumi əsərlərin sayına nisbətinin ən çox 11-15% olduğu müəyyənləşdirilmişdir. Ölkədaxili və ölkəxarici universitetlərlə əməkdaşlıq çərçivəsində birlikdə olan elmi əsərlərin sayının müəssisədə ümumi əsərlərin sayına nisbətinin isə ən çox müvafiq olaraq 11-15% və 6-10% olduğu, beynəlxalq konfranslarda nəşr edilən əsərlərin (məqalə, tezis) sayının ümumi nəşrlərin sayına nisbətinin ən çox 76-80% olduğu qiymətləndirmələr nəticəsində məlum olmuşdur.
İnstitusional qiymətləndirmə zamanı xarici dəstəklə alınmış və tamamlanmış layihələrin sayının ümumi layihələrin sayına nisbəti müəyyənləşdirilərək, patentlərin sayının müəllimlərinin sayına ən çox 1-5% nisbətində dəyərləndirilmişdir. İnstitusional qiymətləndirmədə nailiyyətlərin əldə olunmasını universitetdə artıq 4 ildir tətbiq olunan professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsinin nəticələri də təsdiq edir. Belə ki, reytinq qiymətləndirilməsinin nəticələrini ümumiləşdirərək qeyd edək ki, universitetdə professor-müəllim heyətinin fəaliyyətinin reytinq qiymətləndirilməsi universitetin tədqiqat, tədris və sosial mühitinə müsbət təsir göstərmişdir. Həmçinin bu qiymətləndirmə akademik heyətin beynəlmiləlləşməsinə və pedaqoji fəaliyyətinə çox böyük təkan vermişdir. Aparılan qiymətləndirmənin effektivliyi universitetin idarəetmə sistemində, daxili və xarici maraqlı tərəflərin dəstəkləyici ünsiyyəti və təşəbbüskarlığı hesabına formalaşmışdır. Tələbələr arasında aparılan məmnuniyyət sorğularının nəticələrinin təhlili bu fikri təsdiqləyir. Akademik heyətin reytinq qiymətləndirilməsinin onların fəaliyyətinin təkmilləşdirilməsinə böyük töhfə verdiyini nəzərə alaraq bu tip tədqiqatların davamlı olaraq aparılması məqsədəuyğundur.
Ümumilikdə yuxarıda qeyd olunanları nəzərə alaraq tam əminliklə demək olar ki, ADPU müasir rəqabətədavamlı təhsil mühitində inamla addımlayır və bu da özünü müəllim hazırlığı sahəsində məzmun, infrastruktur, professor-müəllim heyətinin səriştələrinin artırılması yönündə ardıcıl islahatlar aparılmasında göstərir. Bununla yanaşı, böyük inamla deyə bilərik ki, ADPU olaraq XXI əsrin çağırışlarını və dövlətin təhsil strategiyasının prioritetlərini əsas tutaraq təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün səmərəli idarəetmə sisteminin yenidən qurulması, bu sahədə kadr potensialının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində uğurlu tədbirlər həyata keçirilmişdir.
Qalib ŞƏRİFOV,
ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent,
Qərənfil MƏMMƏDZADƏ,
ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin mütəxəssisi