“Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları” mövzusunda “dəyirmi masa” təşkil olunub.
“Dəyirmi masa”da elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva və digər qonaqlar iştirak ediblər.
Tədbirdə elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxış edərək hər iki sənədin ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb münasibətinin tənzimlənməsi ilə bağlı çərçivəni müəyyən etdiyini deyib. Nazir müşaviri bildirib ki, bu qaydalar təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verir. Mövcud qaydalarla bağlı ictimaiyyətin məlumatlılıq səviyyəsini artırılması məsələsinə toxunan Elnur Nəsibov bu məqsədlə təhsil işçilərindən ibarət spikerlərin müəyyənləşdirilməsini təklif edib.
Daha sonra çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva məktəb idarəçiliyində, şagird-müəllim, məktəb-valideyn münasibətlərində sistemlilik yaratmaq üçün vahid qaydaların tətbiqinin zəruri olduğunu diqqətə çatdırıb. BŞTİ müdiri əlavə edib ki, bu qaydalar məktəblər tərəfindən qoyulmuş qadağalar kimi deyil, əksinə uşaqlar üçün daha rahat mühit və sivil davranışın tənzimlənməsi imkanlarıdır.
Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev də öz növbəsində hər iki sənədin mahiyyəti barədə ətraflı məlumat verərək bunun məktəb idarəetməsində səmərəliliyin artırılması işinə böyük töhfə verəcəyini diqqətə çatdırıb. Elnur Əliyev təklif olunan qaydaların ictimai müzakirələrdən sonra daha da təkmilləşdiriləcəyini və çərçivə sənədi kimi faydalı olacağını vurğulayıb.
Tədbirdə çıxış edən digər qonaqlar qaydaların vahid bir sənəddə cəmləşdirilməsini müsbət qiymətləndiriblər.
“Dəyirmi masa”da məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, şagirdlərin dərsə davamiyyəti, çətin tərbiyə olunan şagirdlər, səmərəli məktəb mühiti haqqında da geniş müzakirələr aparılıb, müvafiq mövzularla bağlı təklif və tövsiyələr səsləndirilib.