Bu göstəriciləri qəbul imtahanlarında Sumqayıt şəhərindəki Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları əldə ediblər
Özü də bu nailiyyətə gimnaziya üçüncü ildir ki, imza atır. Son 3 ilin nəticələrinə nəzər salaq. Bu qabaqcıl təhsil ocağının ölkə üzrə orta göstəricisi 2016-cı ildə 593, 2017-ci ildə 610, son qəbul imtahanlarının nəticəsinə görə isə 620 bal olub. Yüksələn dinamika ilə təhsil müəssisələrini “təəccübləndirməkdə” davam edən gimnaziyanın builki uğuru daha diqqətçəkəndir: 45 məzundan biri - Lamiyə Səfərəliyeva YÖS imtahanında ən yüksək göstərici ilə xaricdə - qardaş Türkiyədə təhsilini davam etdirmək hüququ qazanıb. Qalan 44 şagirddən 30 nəfəri 600-dən yuxarı bal toplayıb. İki nəfər - Cahan Haşımzadə və Əsra Bayramova isə qəbul imtahanlarında ən uğurlu nəticəyə nail olub: 700 bal! Bütün bunlar haqqında “Azərbaycan müəllimi”nin əməkdaşına danışan Təbiət elmləri təmayüllü gimnaziyanın direktoru, Əməkdar müəllim Nizami Əhmədovun dediyinə görə, pedaqoji kollektivləri belə “möcüzə”yə gərgin əmək sayəsində nail olub:
- Gimnaziyamızın nailiyyətləri son illər daha da artıb. Keçən il bir şagirdimiz - Eldar Əfəndiyev 700 bal toplamışdı. Bu il isə 2 şagirdimiz - Cahan Haşımzadə ilə Əsra Bayramova bu “zirvə”yə qalxmağı bacarıblar. Yüksək nəticə göstərənlərdən Günel Həsənovanı xüsusi qeyd etmək istəyirəm. Günel Beynəlxalq Elm Olimpiadasının qalibi olub, qəbul imtahanında 687 bal toplayıb. Riyaziyyat fənni üzrə Rumıniyada keçirilən Beynəlxalq Qızlar Olimpiadasında iştirak edən şagirdimiz Sayalı Məmmədova isə 695 balla zirvənin “bir addımlığında” qərar tutub. Növbəti ildə də bu uğurumuzu qoruyub saxlamağa çalışacağıq.
Nizami müəllimin dediyinə görə, keyfiyyətli təhsil üçün lazımi mühit və şərait əsas şərtlərdən sayılır. “Möhtərəm Prezidentimizin təhsilə qayğısını gimnaziyamızın kollektivi hər zaman hiss edir. Gimnaziyamız əsaslı təmir olunub. Şagirdlərimizin yaxşı təhsil alması üçün hər cür şərait var. Elektron məktəbik. “Səmərəli məktəb” layihəsində iştirak etmişik. Şagirdlərimiz “Bir şagird-bir kompüter” layihəsi ilə işləyirlər. Bu cür dövlət qayğısı müəllimlərimizi daha da ruhlandırır, işlərinə yaradıcı yanaşmağa həvəsləndirir. Bu da sonda öz nəticəsini göstərir. Sözsüz ki, kollektivin birgə əməyi yüksək uğurun qazanılmasında əsas şərtdir. Həm müəllimlərin səyi, tələbkarlığı, şagirdlərin də çalışqanlığı, valideynlərin onların üzərində nəzarəti - bunlar hamısı çox vacib amillərdir. Nəticə də buna görə belə yaxşıdır. Əgər məktəbdə şagird yaxşı oxumursa, repetitor yanına getsə də, o nəticəni əldə edə bilməz. Şagirdlər də sağ olsunlar ki, müəllimlərinin əməyini itirmədilər”.
2011-ci ildə gimnaziyada ibtidai siniflər bağlanıb və istedadlı şagirdlər üçün xüsusi lisey sinfi yaradılıb. Biliyinə görə şagird seçmək kollektivin qəbulda diqqət yetirdiyi əsas meyardır. Nəzərə alınır ki, bilikli uşaqların bir yerdə təhsil alması onların arasında, yaxşı mənada, rəqabət hissini artırır, belə şagirdlər tədris prosesində fəal olmağa çalışır, seçilmək istəyir, birinciliyə can atırlar.
Hazırda gimnaziyaya şagird qəbulu 5-ci sinifdən aparılır. Böyük müsabiqə olur. “Bilikli şagirdlə bilikli müəllim işləməlidir” devizi ilə fəaliyyət göstərən tədris ocağında müəllim seçiminə, onların ixtisaslarının daim yüksəldilməsinə xüsusi diqqət yetirilir.
Xüsusi lisey sinfinı bitirən 22 şagirdin hamısı tələbə adını qazanıb. Onlardan 1 nəfəri xaricdə təhsilini davam etdirəcək. Qalan məzunların 18 nəfəri 600-dən çox, o cümlədən 14 nəfər 650-700 arası bal toplayıb. 700 bal toplayan hər iki abituriyent də bu sinfi bitirib. Gimnaziya üzrə orta göstərici 653 baldır.
Builki məzunlar arasında medalçıların da sayı çoxdur. Anar Əhmədov, Ləman Əliyeva, Günel Həsənova (hər üçü xüsusi lisey sinfindəndir) və Aidə İsgəndərova qızıl medala layiq görülüblər. Ötənilki məzunlardan fərqlənmə attestatı alanların sayı 15 idisə, bu il 24 nəfər olub. 9-cu sinfi bitirən 89 şagirddən 32-si fərqlənmə attestatına layiq görülüb.
“Sabahın alimləri” VII Respublika Müsabiqəsində gimnaziyanın 8 layihə ilə iştirak edən şagirdlərinin uğurlarını da qeyd etmək lazımdır. Onlardan 2 nəfər - Ayan Abdulova və Nəsibə Məmmədli müsabiqənin qalibi olub. Ləman Əlipaşayeva və Aytac Əliyeva isə bu mötəbər yarışın üçüncüsü olmağı bacarıblar. Gimnaziyanın “Şahinlər” komandası respublika turunda uğurla çıxış edərək qalib adını qazanıb. Ümummilli lider `Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin birincilərindən biri də bu gimnaziyanın şagirdi Ləman Əlipaşayevadır. “Ədəbiyyat biliciləri” müsabiqəsində gimnaziyanın 2 şagirdi 3-cü yerə layiq görülüb. Fənn olimpiadalarının respublika turunda bu qabaqcıl təhsil müəssisəsinin 8 şagirdi mükafatçılar sırasında olub. Məntiq olimpiadasının nəticəsinə görə 11, fənn müsabiqəsində isə 27 şagird mükafata layiq görülüb.
Direktor rəhbərlik etdiyi kollektivin yeni dərs ilinə də birincilik arzusu ilə başladığını deyir və bunun üçün daha çox çalışacaqlarını, şagirdlərin bilik və bacarıqlarını, vərdişlərini artırmağın ən mütərəqqi yollarından, daha effektli tədris üsullarından bəhrələnəcəklərini söyləyir.
Yusif ƏLİYEV