Dünən məktəblərimizdə çalınan ilk zəng tədris ilinə start verdi. Bəzi məktəblər üçün bu hər il olan, ənənəvi zənglərdən biri idi. Bir məktəb də var ki, ordakı zəngin  səsini 30 il idi gözləyirdik...

 

Zəngilan rayonu Ağalı kəndində uzun fasilədən sonra məktəb zəngi çalındı, uşaq səsləri biri-birinə qarışdı. İlk dərs həyəcanını, sadəcə birincilər və onların valideynləri yox, bütün siniflər və müəllimlər iliyinədək hiss etdi.

 

MİQ imtahanlarına Qarabağdakı məktəblərdə müəllimlik  həvəsilə hazırlaşdı: “Fikrimdə yalnız Qarabağ idi!”

 

Şəmsiyyə Şəmsəddinova müəllim olmağı, özü də Qarabağ torpaqlarında işləməyi uşaqlıqdan arzulayıb.  Özü Yevlax rayonunun Ərəş kəndində anadan olub.  Mingəçevir Dövlət Universitetini İbtidai sinif müəllimliyi ixtisası üzrə bitirib. Müəllimliyə hazırlaşanda arzusu uzaq xəyaldan böyük hədəfə çevrilib: “Vətən müharibəsi başlayanda IV kursda təhsil alırdım. Qələbəmiz arzumun reallaşacağına zəmanət verirdi. Müəllimlərin işə qəbulu imtahanlarına məhz Qarabağdakı məktəblərdə  müəllimlik edəcəyim həvəsilə hazırlaşdım”.

 

Yevlaxda doğulub, Mingəçevirdə təhsil alan Şəmsiyyə Şəmsəddinova indi Qarabağda müəllimdir: “Əslində, ailəm onların yaxınında işləməyimi istəyirdi. Amma mənim fikrimdə yalnız Qarabağ idi!”.

 

Ağalı kəndinə vakansiya olduğunu  görəndə sevinib: “Heç kimə heç nə demədən qeydiyyatdan keçdim və bu gün Zəngilan rayon Ağalı kənd tam orta məktəbinin müəllimiyəm. Bununla qürur duyuram. Çünki artıq uşaqlıq arzum reallaşıb. Bilirdim ki, gün gələcək bu torpaqlarda müəllim kimi fəaliyyət göstərəcəyəm. O gün gəlib və qanından, canından məhz bu yolda keçmiş şəhidlərimizə minnətdaram”.

 

Qarabağ müəllimləri ilk dərs ilində özlərinə söz veriblər: “Özümüzə söz vermişik ki, Zəngilan rayon Ağalı kənd məktəbi ölkəmizin  ən yaxşı məktəblərindən olacaq. Qəhrəmanlarımızı döyüşdən-döyüşə, qələbədən qələbəyə aparan vətən sevgisi bizi də olimpiadalardan bilik yarışlarına, idman uğurlarından elmi nailiyyətlərə aparacaq. Bizdəki bu Vətən sevgisindən düşmən qorxsun və bilsin ki, bütün həmlələri indi olduğu kimi həmişə boşa çıxacaq”.

 

“Qarabağ torpaqlarında müəllimlik çox müəllimin arzusudur”

 

Sahil Aslanov Ağalı kənd tam orta məktəbin coğrafiya müəllimidir. Qarabağa Yardımlı rayonunun Çayüzü kəndindən gedib çıxıb. 2019-cu ildə Lənkəran Dövlət Universitetindən məzun olan gənc müəllim dünən ilk dəfə Ağalı kənd tam orta məktəbində coğrafiya dərsinə girdi: “İlk dəfə müəllim kimi sinfə girdim. Müəllimlik mənim uşaqlıqdan bəri qurduğum xəyalımdır. Uzun zaman sonra işğaldan azad edilən Qarabağ torpaqlarında müəllimlik etmək çox müəllimin ən böyük arzusu olub. Ona görə də vakansiya seçərkən ilk sırada Ağalını seçdim. Amma qəbul olunacağıma inanmırdım. Ağalı məktəbini seçən 800-ə yaxın iddialı namizəd arasında fərqlənəcəyimə əmin deyildim”.

 

Sahil Aslanovun sözlərinə görə, Qarabağ üçün nə isə etməyi arzulayırdı: “Əvvəlcə Qarabağın azad edilməsi üçün bir vətəndaş olaraq üzərimə düşəni etmək istədim. Könüllü Orduya yazıldım ki, müharibəyə gedim. Amma Vətən müharibəsində sıra mənə gəlmədən qələbə qazandıq. Vətən müharibəsi şəhidi leytenant Tural Aslanov əmim oğludur. Bu gün həm də əmim oğlu üçün burdayam. Mən də təhsil səngərində öz yerimi tutdum və Qarabağın inkişafı üçün həm də onun əvəzinə çalışacağam. Mən də vətənimə bu cəbhədə xidmət edəcəyəm”.

 

Sahil müəllim VI-XI siniflərdə coğrafiya və Həyat bilgisi fənlərindən dərs aparacaq: “Burada şəraitimiz yüksək səviyyədədir. Hər şəraiti olan bir evə yerləşmişik. Başqa regionlardan bura işləməyə gələn 10 müəllim - 5 kişi, 5 qadın müəllim var. Bizim üçün qürurvericidir”.

 

Sahil müəllim 12 saat coğrafiya, 4 saat həyat bilgisi dərsiylə təmin edilib: “Hər cür şəraitimiz var. Vətənimi sevdiyim üçün burdayam. Verdiyim qərara görə xoşbəxtəm”.

 

“Özümü “əsgər müəllim” kimi hiss edirəm”

 

Səmayə Müslümzadə əslən Xaçmaz rayonundandır. Xaçmaz rayonunda “İntellekt Uşaq İnkişaf Mərkəzi”ndə ingilis dili müəllimi   işləyib.  Elm  və  Təhsil  Nazirliyi,  “T-Network” (Təhsil işçilərinin təcrübə və kommunikasiya platforması) ilə əməkdaşlıq etməklə könüllü olaraq məktəblilərə ingilis dili bacarıqlarının inkişaf etdirməkdə yardımçı olub. Ancaq məhz bu günü müəllimlik fəaliyyətinin ən şərəfli günü sayır: “Vətən müharibəsi şəhidlərinə baxıb özümü qınayırdım ki, onlardan fərqli olaraq mən vətən üçün heç nə etmirəm. Özümü aciz hiss edirdim. Üstəlik, hərbçi qızıyam və atamın işinə hər zaman sevgim olub. Hətta müharibəyə getməyin xəyalını belə qurduğum anlar olub. Ağalı kəndinə vakansiya elan olunanda anladım ki, xəyalımı gerçəkləşdirmək vaxtıdır”.

 

Ağalıya gələn yollar heç asan olmayıb. Vakansiya seçdiyi andan başlayan həyəcanı hələ də onu tərk etməyib: “Bura gələrkən ürəyim elə sürətlə döyünürdü ki, onu sözlə ifadə etmək çətindir. Bu gün özümü “əsgər müəllim” kimi hiss edirəm. Niyə əsgər müəllim, deyim. Bura işğaldan yenicə azad olunub və şəhidlərin hələ də qoxusu var bu yerlərdə. Elə hiss edirəm, sanki burda onlarla xidmət edirəm. Mənim də xidmətim budur, millətimin balalarına bildiklərimi öyrətmək. Eynən bir əsgər kimi gecəni yuxusuz qalmışam, şagirdlərimlə ilk görüşün xəyalını qurmaqdan gözümə yuxu getməyib. Müəllimliyimin ilk günüdür və bir müəllim üçün, düşünürəm ki, bundan gözəl gün ola bilməz”.

 

Azərbaycan Dillər Universitetinin məzunu Səmayə Müslümzadə, sadəcə mənəvi borcunu ödəmək üçün yox, həm də karyerasını düşünərək Ağalıdan başlamağa qərar verib. O, hazırda karyera pilləkanının ən hündür pilləsində olduğunu düşünür: “Hər bir gənc kimi mənim də hədəflərim, arzularım var. Ölkəmizin təhsilinin 21-ci əsr tələblərinə uyğun qurulmasında  payım olsun istəyirəm, təhsilin idarə olunmasının fəal iştirakçısına çevrilmək niyyətindəyəm. Buna görə də asana qaçmadım, çətin yola əl atdım ki, özümü layiqli təhsil işçisi kimi yetişdirə bilim. Anamı buna razı salmaq çətin oldu, mənə çox bağlıdır və tək darıxacaq. Ailəmdən uzaq olmaq mənim üçün də bu işin ən çətin tərəfidir. Ancaq tələbəliyim də onlardan uzaqda keçdiyindən, Qarabağdakı həyatıma özümü hazır hesab edirəm. Burda iş çox, hədəflərimiz böyükdür. Çox güman ki, yaxınlarımız üçün darıxmağa vaxtımız belə olmayacaq”.

 

 

Unudulmayacaq gün

 

Dünən Ağalı kənd tam orta məktəbi 360 şagird yerlik ikimərtəbəli məktəbdə 14 müəllim 65 şagirdlə yola çıxdı. İllər keçdikcə özü böyüyəcək, sıraları genişlənəcək. Yan-yörəsində məktəblərin sayı artacaq. Ancaq bu ilk ağıllı Azərbaycan kəndi bu günlərdə yaşadıqları həyəcanı heç vaxt unutmayacaq.

 

Ruhiyyə DAŞSALAHLI