Xaricdə təhsil Azərbaycan gənclərinə hərtərəfli imkanlar yaradır
Bu gənclər xaricdə təhsil alacaqlar. Söhbət “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2022-2023-cü tədris ilində xaricdə təhsil almaq hüququ qazanan ilklərimizdən gedir. Təqaüd qazanan tələbələrimiz dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil almaq imkanı qazanıblar. Onlara bu şansı dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş adıçəkilən Dövlət Proqramı yaradır. Dövlət Proqramını ölkə Prezidentinin gənclərə göstərdiyi xüsusi diqqətinin növbəti təzahürü kimi qiymətləndirən həmsöhbətimiz olan tələbələr təəssüratlarını “Azərbaycan müəllimi” qəzeti ilə bölüşüblər.
“Azərbaycanın ilk onlayn universitetinin qurucularından olmaq istəyirəm”
Nicat Osmanlı:
- “Queen Mary University of London” ali təhsil müəssisəsində Maliyyə və mühasibatlıq ixtisası üzrə magistraturada təhsilimi davam etdirəcəyəm. Xaricdə təhsillə bağlı artıq müəyyən təcrübəm var. Belə ki, mən bakalavriatura təhsilimi Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstanın Budapeşt şəhərində almışam.
Adımı qəbul olunanlar siyahısında görəndə təbii ki, sevindim. Mənim üçün Dövlət Proqramına qəbul olmaq böyük məsuliyyətdir. Bütün gözləntiləri doğrultmaq və təhsilimə ayrılan investisiyanı düzgün şəkildə qaytarmaq üçün bacarıqlı və peşəkar mütəxəssis kimi Vətənimə dönmək istəyirəm.
Avropa mədəniyyəti və düşüncə tərzi ilə artıq tanışam. Düşünürəm ki, İngiltərə yeni dünyaya daha yaxındır və mənim kritik və biznesyönümlü düşüncə tərzinə yiyələnməyimə böyük təsir göstərəcək.
Dövlət Proqramı mənə London kimi bahalı şəhərdə yaşamağıma, təhsil xərclərini düşünmədən dünya səviyyəli təhsil almağıma və ölkəyə geri qayıtdıqda iş dünyasında daha reputasiyalı kadr olmağıma şərait yaradacaq.
Yaxın gələcək üçün hədəflərim praktiki və akademik biliklərimi təkmilləşdirməkdir. Uzun dövrdə isə Azərbaycanın ilk onlayn universitetinin qurucularından olmaq istəyirəm.
“Olimpiadalarda əldə etdiyim uğurlar Sinqapurda təhsil almağımı əlçatan etdi”
Məhsəti Piriyeva:
- Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyi xüsusi nailiyyətlərlə başa vuraraq qızıl nişanla təltif olunmuşam. Məktəbdə oxuduğum illərdə respublika və beynəlxalq olimpiadalarda qızıl, gümüş və bürünc medallar qazanmışam. Məhz bu bilik yarışlarında uğur qazandıqdan sonra qərara gəldim ki, ali təhsilimi xaricdə alım. Sağ olsun dövlətimiz ki, mənə bu arzumu reallaşdırmağa imkan yaratdı. Bakalavriat səviyyəsi üzrə müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olundum. Seçimim Sinqapur Nanyanq Texnologiyalar Universitetində Kimya mühəndisliyi ixtisası oldu. Dövlət Proqramı təqaüdçüsü olacağıma əmin idim. Belə ki, qaydalar açıqlandıqda bakalavriat səviyyəsi üzrə ayrılan yerlərdə beynəlxalq olimpiadada medal qazanmış şagirdlərə üstünlük veriləcəyi qeyd olunmuşdu. Və bu üstünlük mənə qəbul şansımın daha çox olduğunu göstərirdi. Xaricdə ali təhsil almaq arzuma çatdığım üçün sevinirəm. Bilirsiniz ki, xarici ölkələrdəki nüfuzlu universitetlərin bir çoxunda illik təhsil haqqı yüksək olur və bu təqaüdü qazanmağım mənə Sinqapurda təhsil almağımı əlçatan etdi.
Bu Proqramın mənim kimi bir çox gəncin xarici ölkələrin yüksək təhsili ilə seçilən ali məktəblərində keyfiyyətli təhsil almaq arzusunun gerçəkləşməsində əvəzsiz rolu var.
“Proqram gənclərin üzünə xəyal etdikləri universitetlərin qapılarını açır”
Toğrul Əlibəyov:
- Belçikanın “KU Leuven” Universitetinin bakalavriat səviyyəsi üzrə Mühəndislik texnologiyaları ixtisasında təhsil alacağam. Xaricdə təhsil almaq istəyimin arxasında seçdiyim mühəndislik texnologiyaları ixtisasını dünya standartlarına uyğun tədris edən universitetdə öyrənməkdir. Xaricdə təhsil peşəkar mühəndis olmağımla yanaşı, yeni dostlar qazanmağıma, əlaqələrimin genişlənməsinə də fürsət yaradacaq.
Dövlət Proqramı mənə maddi problemləri fikirləşmədən dərslərimə fokuslanmağa imkan verəcək. Eyni zamanda mənim üzərimə gələcəkdə Azərbaycana qayıdıb öyrəndiyim bilikləri, qazanacağım bacarıqları tətbiq etmək kimi mühüm bir vəzifə qoyur. Ən əsası, bu proqram gənclərin üzünə xəyal etdikləri universitetlərin qapılarını açır. Xaricdə təhsil almaq gənclərin böyük əksəriyyətinin arzusudur, amma reallıq budur ki, ailələrin heç də hamısının maddi durumları bu arzunu reallaşdırmağa imkan vermir. Bu baxımdan, Dövlət Proqramı həmin gənclər üçün böyük şansdır.
“İctimai səhiyyə ilə bağlı xaricdə təhsil almaq əsas hədəfim idi”
Əsmər Kərimli:
- London Kral Kollecinə İctimai səhiyyə ixtisası üzrə magistraturaya qəbul olunmuşam. Bu sahədə çalışdığım illər ərzində işimlə əlaqədar ünsiyyətdə olduğum müxtəlif beynəlxalq ekspertlərlə etdiyim fikir mübadilələri, təmsil etdikləri ölkələrindəki səhiyyə sahəsində tətbiq olunan islahatlar, son illərin ən aktual ictimai səhiyyə problemi olan COVID-19 pandemiyası ictimai səhiyyə ilə bağlı xaricdə təhsil almağı əsas hədəfimə çevirdi.
Etiraf edim ki, ictimai səhiyyə sahəsində olan iş təcrübəmə və akademik göstəricilərimə dayanaraq, elə ilk gündən təqaüdü qazanacağıma çox ümidli idim. Adımı təqaüdü qazananlar siyahısında görəndə hədsiz sevinc hissi yaşadım və birinci olaraq bu xoş xəbəri mənə böyük dəstək olan ailəm və dostlarımla paylaşdım.
Xaricdə təhsil almaq mənə nə verəcək? Son illər COVID-19 pandemiyası bir daha sübut etdi ki, ictimai səhiyyə təşəbbüslərini uğurla idarə etmək böyük bilik və təcrübə tələb edir. Xaricdə ictimai səhiyyə sahəsində təhsil almaq mənə nəzəri biliklərlərlə yanaşı, praktik olaraq digər ölkələrdə ictimai səhiyyə idarəsinin necə işlədiyini görmək imkanı yaradacaq. Dövlət Proqramı çərçivəsində ictimai səhiyyə sahəsində alacağım magistratura təhsilinin bu istiqamətdə daha da təkmilləşərək mütəxəssis olmağımda böyük rol oynayacağından əminəm.
Əsas hədəfim ictimai səhiyyə mütəxəssisi olaraq əhaliyə keyfiyyətli səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsi istiqamətində işimi davam etdirmək və bu sahədə ölkəmizdə tədqiqatlar aparmaqdır.
Dövlət Proqramı bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradır.
“Bir çox akademik təşkilatlara rəhbərlik edən Edinburqu təhsil yoluma əlavə etdim”
Nicat İsaxanlı:
- Böyük Britaniyanın Edinburq Universitetində Maliyyə ixtisası üzrə magistraturada təhsil alacağam. Bir çox yoldaşlarım xarici ölkələrin ən nüfuzlu universitetlərində təhsillərini artıq başa vuraraq geri qayıdıblar və aldıqları təhsil sayəsində karyeralarında yüksəliblər. Bakı Mühəndislik Universitetində bakalavriat təhsili almış bir gənc olaraq xaricdə alacağım təhsilimin də özünəməxsus tərəflərini onunla birləşdirərək gələcək iş həyatıma tətbiq etmək istəyirəm.
Təqaüdünü qazandığım Edinburq Universiteti “QS Dünya Universitetlərinın Reytinq” sıralamasında 15, “Times Higher Education” reytinqində isə 29-cu yerdədir. Şübhəsiz ki, digər reytinqli universitetlərə də müraciət etdiyimdə akademik nəticələrimə güvənirdim. Onların arasında isə seçim etmək çətin idi, sonda bir çox akademik təşkilatlara rəhbərlik edən Edinburqu təhsil yoluma əlavə etdim. Mənim üçün ən önəmli məsələ, təhsil alacağım universitetdə öz ixtisasım üzrə yeni bilgilər əldə etmək, müəyyən təcrübə toplamaqdır. Böyük Britaniyadakı təhsilim zamanı öyrənəcəyim nəzəri və praktiki bilikləri ölkəmə qayıtdıqdan sonra tətbiq etməyi planlaşdırıram. Ümid edirəm ki, bu biliklərimlə Azərbaycanın müxtəlif sahələrində yeniliklər edə, digər gənclərə də dəstək ola bilərəm. Gələcək hədəflərimi özüm üçün artıq müəyyənləşdirmişəm.
Elm və təhsil naziri Emin Əmrullayevin biz gənclərlə görüşü çox xoş oldu. Nazir sualı olan hər bir gənci dinlədi, bizlərə tövsiyələrini, xaricdə təhsillə bağlı öz şəxsi təcrübəsindən çıxış edərək faydalı məsləhətlər verdi.
Xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almağımıza belə imkan və şərait yaradıldığına görə ölkə rəhbərliyinə təşəkkür edirəm.
Samirə KƏRİMOVA