Təhsilverənlərin 97.2 faizi sertifkasiya imtahanlarına qatıldı


Müəllimlərin peşə bacarıqlarının və peşə yararlılıqlarının ölçülməsinə başlanılıb. Bu məqsədlə 3 gün - avqustun 30, 31-də və sentyabrın 1-də sertifikasiya imtahanları keçirilib. İlkin mərhələdə Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Quba-Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan 11 mindən çox ibtidai sinif müəllimi Bakı, Sumqayıt, Gəncə şəhərləri və Xaçmaz rayonu olmaqla, ümumilikdə 8 imtahan mərkəzində imtahan verib. Xüsusi fəallıq müşahidə edilən imtahanlara dəvət olunanların 97.2 faizi qatılıb. İbtidai sinif müəllimliyi üzrə imtahan verənlər qadınlar olub.

 

Məlumat üçün qeyd edək ki, 2 mərhələdə keçirilən sertifikatlaşdırmanın ilk - test imtahanları digər regionlarda da davam edəcək. Bu barədə əlavə məlumat veriləcək.

 

“Bir ibtidai sinif müəllimi üçün çətin heç nə yoxdur”

 

8 imtahan mərkəzindən biri olduğu üçün Azərbaycan Texniki Universitetinin idman zalı yenə həyəcanlı anlara şahidlik edib. İmtahanların ilk günündə bilik və bacarıqlarını nümayiş etdirməyə gələnlərdən biri Bakı Avropa liseyinin ibtidai sinif müəllimi Rəna Ağayeva idi. O, imtahan zalından ən tez çıxanlardan biri oldu. Balı yüksək olduğu üçün sevincliydi: “İmtahanda müəllimin gündəlik fəaliyyətindən suallar düşür. Dərsdə istifadə etdiyimiz tapşırıqlar, çalışmalar verilib. Hətta orta məktəbdə ibtidai sinif müəllimlərinin edə biləcəyi tapşırıqların ən aşağı səviyyədə olanları vardı. Bu suallarla 56 yox, 60 bal yığmalıydım. Tələsdim mən. 20 dəqiqə tez  bitirməyin nəticəsidir. Bu müddətdə suallara yenidən baxar, səhvlərimi görə bilərdim”.

 

Səhvlərinə özü gülür: “Sonluqlardakı inkar şəkilçilərinə baxmamışam. Uşaqlarda hər zaman qüsur tutduğum, diqqətli olmalarını tələb etdiyim tələyə indi özüm düşdüm”.

 

Rəna müəllimin həmkarlarına tövsiyəsi tələsməmələridir: “Sadəcə diqqətli olmaq lazımdır. Mən həm də təlimçi müəlliməm. Müxtəlif bölgələrdəki məktəblərdə təlimlər aparırıq. Ona görə də ümumi orta məktəb proqramından xəbərim var. Bir ibtidai sinif  müəllimi üçün çətin heç nə yoxdur. Sualı diqqətlə oxusunlar, tələsməsinlər, vəssalam”.

 

 

Sertifikatlaşdırmanın hər iki mərhələsində uğur qazananların maaşı fərqli tariflə hesablanacaq

 

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov sertifikatlaşdırmanın test mərhələsi ilə bağlı “Azərbaycan müəllimi” qəzetinə məlumat verərək deyib ki, prosesdə müəllimlərin fəallığı ilk imtahandan bəlli olub: “Əslində, sertifikasiya imtahanlarının ilk günlərindən burada fəallıq hiss edilir. Dəvət olunanların böyük əksəriyyəti, 97.2 faizi imtahanlara qatılıb və bu da  müəllimlərin öz peşə bacarıqlarına inandıqlarının göstəricisidir. Bu fəallığa onların rəğbətləndirilməsinin, yəni nəticələrinin maaşlarına təsir etməsinin də böyük rolu olduğunu düşünürəm”.

 

R.Əzizovun sözlərinə görə, sertifikatlaşdırmanın hər iki mərhələsində - test imtahanları və müsahibədə uğur qazananların maaşı fərqli tariflə hesablanacaq: “30 və daha artıq bal toplayan, müsahibədə isə 20 bal toplayaraq sertifikatlaşan müəllimlərin maaşı 10 faiz artacaq. Daha yaxşı nəticə göstərən, yəni imtahan mərhələsində 51 baldan artıq göstəricisi olan müəllimlərin maaşı 35 faiz artırılacaq”.

 

 

 

 

Sertifikasiyada yaş amili

 

Sertifikatlaşdırmaya yaşından asılı olmayaraq bütün müəllimlər dəvət olunub. 64 yaşlı müəllim sertifikasiyada niyə iştirak eləsin və etməsə nə olar? R.Əzizovun fikrincə, ilk növbədə, daha yüksək maaş üçün sertifikatlaşdırma şərtdir, ancaq müəllimin əmək fəaliyyətinə davam etməsində digər amillərin də nəzərə alınacağı mütləqdir: “Sertifikatlaşdırma və 65 yaşından sonra əmək fəaliyyətinə davam etmək, iki fərqli prosesdir. 65 yaşdan sonra müəllimin fəaliyyətə davam edib-etməməsi məktəbin ehtiyaclarından, müəllimin o vaxta qədər olan nailiyyətlərindən asılıdır. Müəllim  sertifikatlaşdırmada nailiyyət qazanırsa, bu, onun üstünlüklərini artırır”.

 

“60 bal toplaya bilərdim”

 

Bakı şəhəri 26 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Xanımana Məlikova 56 bal toplayıb.  61 yaşlı müəllim deyir ki, yaşına görə onu sertifikasiyaya dəvət etməsəydilər, özü könüllü iştirak etməyi düşünüb: “1993-cü ildən 26 nömrəli tam orta məktəbdə çalışıram. “Sağlam təhsil” layihəsi başlayanda məktəbimiz namizədliyimi irəli sürdü. Bacarığımı qiymətləndirməsələr, bunu etməzdilər. İsrarlıyam, hədəfimə çatmadan rahatlıq tapa bilmirəm. İndi də düşünürəm ki, keşkə daha bir şansım olsaydı, təkrar imtahan verərdim. Bu imtahana 60 bal toplamaq məqsədilə getmişdim. Səhvlərimi özümə bağışlaya bilmirəm”.

 

Xanımana müəllim diaqnostik qiymətləndirmədə də yüksək nəticə göstərib: “Adından göründüyü kimi, diaqnostik qiymətləndirmə idi. Heç bir əlavə hazırlıq keçmədən gedib 54 bal toplamışdım”.

 

Amma sertifikasiyaya hazırlıq üçün öz üzərində əlavə işləyib: “Öz üzərində daim işləyən müəllim olsam da, sertifikasiyanın keçiriləcəyi barədə eşidəndən əlavə materiallar oxuyuram. Daha çətin olacağını düşünürdüm. Ona görə də daha mürəkkəb suallar üzərində işləyir, daha çətin mövzularla bağlı ədəbiyyat oxuyurdum. 60 bal toplaya bilərdim...”.

 

İmtahana gəlməyənlər iştirak edib uğur qazana bilməyənlərlə eyni kateqoriyada olacaq

 

İştirak faizi yüksək olsa da, imtahana gəlməyənlər də var. Bəs, onların taleyi necə olacaq? R.Əzizovun sözlərinə görə, gəlməyənlər iştirak edib uğur qazana bilməyənlərlə eyni kateqoriyada olacaq.

 

İmtahana gəlməyənlərin, gəlsə də 30 baldan aşağı nəticə göstərənlərin özünü doğrultması üçün qarşısında bir il var. Təhsil İnstitutu onların növbəti sertifikasiya imtahanlarında uğur qazanmaları üçün ehtiyacları olan köməyi əsirgəməyəcək: “Təhsil İnstitutu son bir ildə müəllimlərin sertifikatlaşdırılması imtahanına hazırlıqla bağlı müxtəlif çoxsaylı tədbirlər görüb. 80-dən artıq vebinar keçirilib. Həmin o vebinarlarda müxtəlif fənlər üzrə sertifikatlaşdırma imtahanlarının qiymətləndirmə çərçivələri müəyyən olunub. Bakı şəhərində və regionlarda müəllimlərlə görüşlər, seminarlar keçirilib. Seminarlarda 7000-dən artıq ibtidai sinif müəllimi iştirak edib. Müəllimlərlə görüşlərdə çərçivə sənədi izah olunub, nümunə testlər, testlərin həlli yolları göstərilib. Sertifikatlaşdırma nümunəsi sualları Təhsil İnstitutunun veb səhifəsində paylaşılıb. Bir neçə gün əvvəl isə sınaq imtahanları təşkil edilib ki, arzulayan müəllimlər özlərini yoxlasınlar. Dəstək məqsədli bu tədbirlərin hamısı ödənişsiz həyata keçirilib. 80-dən artıq vebinarın hər birində 150 müəllim iştirak edib. Sonradan vebinarların videoları paylaşılıb, sosial şəbəkə hesablarında 3000-5000 baxış sayı müşahidə olunub. Sınaq imtahanlarında da 3000-dən artıq şəxs iştirak edib”.

 

Bu və müəllimlərə kömək olacaq başqa bir çox tədbirlərin təşkili davam edəcək.

 

“Bir müəllim olaraq bilməməyim mənim eyibim olar...”

 

İmtahanlarda uğur qazanan daha bir müəllim, Aynurə Bəşirova Qobu qəsəbə 2 nömrəli tam orta məktəbdə 28 ildir  ki, çalışır: “Məktəbimizdə çox savadlı müəllimlər var. Əminəm ki, məndən daha yüksək nəticə əldə edənlər olacaq”.

 

54 bal toplayaraq uğura imza atan Aynurə Bəşirova yüksək nəticəni öz üzərində işləməyi ilə əsaslandırır: “Öz üzərimdə daim işləyirəm. Təhsildə tətbiq edilən hər yenilikdən xəbərdar olmağa çalışıram. Bilmədiyim olmasın deyə çox oxuyuram. Bir müəllim olaraq biməməyim mənim eyibim olar, deyə düşünürəm”.

 

Aynurə müəllim 2 variant arasında qaldığı suallarda yanlışlığa yol verdiyini düşünür: “Hesab edirəm ki, səhvlərim kurikuluma aid sualların cavablarındadır. İnanıram ki, müəllimlərin çoxu bu sualların öhdəsindən uğurla gələcək”.

 

46 yaşlı A.Bəşirova deyir ki, 58 bal toplayacağını düşünürmüş: “Diaqnostik qiymətləndirmədə də yaxşı nəticə göstərmişdim. 48 bal o vaxt ibtidai sinif müəllimləri arasında ən yüksək nəticələrdən biri idi. İndiyədək niyə MİQ imtahanlarına qatılıb özümü yoxlamadığıma təəssüflənirəm. İş yerimi dəyişdirmək fikrim olmayıb deyə imtahanlara da qatılmağı düşünməmişəm. Sertifikasiyanın olmağı yaxşıdır ki, bilik və bacarıqlarımızı özümüzün də ölçmək, müəyyənləşdirmək imkanımız oldu”.

 

Test imtahanlarında 30 və daha yüksək bal toplayanlar növbəti mərhələyə dəvət ediləcəklər

 

İbtidai sinif müəllimlərinin test imtahanları bitdikdən sonra müsahibələrə start veriləcək. Test imtahanlarında 30 və daha yüksək bal toplayanlar müsahibə mərhələsinə dəvət ediləcəklər. 40 baldan ibarət müsahibə mərhələsində  20 bal  toplayan müəllimlər sertifikatlaşmış hesab olunacaqlar.

 

Ruhiyyə DAŞSALAHLI