Əməkdar elm xadimi, professor Şahlar Əsgərov: “Qərarı bəyənirəm və inanıram ki, çox müsbət dəyişikliklərə səbəb olacaq. Düşünürəm ki, müharibə vaxtı cəbhə komandirləri hansı önəmi daşıyırsa, sülh dövründə də məktəb direktorları həmin önəmi daşımalıdırlar”.

 

 

 

Əməkdar müəllim Asif Cahangirov qərarı dəstəklədiyini bildirib. O, əvvəlcə “Azərbaycan müəllimi” qəzetinin 19 aprel 2019-cu il tarixli nömrəsində dərc olunmuş məqaləsindən bir parçanı xatırlatdı:

 

“Bu gün biz tamamilə yeni bir dövrdə yaşayırıq - təhsilin əsaslı şəkildə yeniləşməsi dövründə. O zaman kəsiyində ki, ümumi təhsildə böyük sürətlə konseptual, təşkilati, infrastruktur, məzmuni, resurs və digər dəyişikliklər baş verməkdədir. Məhz bu səbəbdən hazırda ön plana yeni bir əsas sima çıxır. Bu, məktəb direktorudur - müəllimlər. Müəllimi, lider, menecer, sözün əsl mənasında, məktəb təhsilinin təşkilatçısı. İndiki zamanda onun vəzifələri xeyli mürəkkəbləşmişdir. Direktor çoxvektorlu dəyişikliklər prosesini idarə etməli, müəllimlər komandasının uğurlu fəaliyyətini tənzimləməli, təmin etməli və stimullaşdırmalıdır”. 

 

Həmin mülahizələrə əlavə olaraq, Asif müəllim bunları dedi: “Mən hər zaman təhsil işçilərinin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılmalı olduğunu diqqətə çatdırmış, bunu beynəlxalq təcrübə nümunələri ilə əsaslandırmışam. Şadam ki, bu məsələyə önəm verildi, differensial yanaşma tətbiq edilməklə, məktəb rəhbərlərinin, həmçinin qabaqcıl müəllimlərimizin  aylıq maaşlarına əlavələr barədə qərar qəbul olundu.

 

Həqiqətən də, 2-4 min şagirdin təliminə, 200-300 müəllimin tədris fəaliyyətinə cavabdehlik daşıyan direktorun şagird sayı 100-300 nəfər olan məktəb direktoru ilə eyni səviyyədə maaş alması ədalətli yanaşma deyildi. Əminəm ki, Elm və Təhsil Nazirliyinin təklifləri əsasında hazırlanmış Nazirlər Kabinetinin müvafiq qərarı məktəb direktorlarının, onların müavinlərinin idarəetmə motivasiyasını yüksəldəcək, iş keyfiyyətini xeyli artıracaqdır. Eyni zamanda idarəedicilik qabiliyyətinə malik olan istedadlı müəllimlərin, digər təhsil işçilərinin məktəb rəhbəri vəzifəsinə iddialarını stimullaşdıracaqdır. Ümumi təhsil sahəsində müasir yanaşmaları dəstəkləyən, zəruri idarəetmə səriştəliliyinə malik olan nə qədər çox pedaqoji işçilər məktəb idarəetməsinə cəlb olunarsa, gənc nəsillərimizin keyfiyyətli təhsil almaq imkanı da xeyli artar. Bu isə ölkəmizin sosial-iqtisadi inkişafına böyük dəstək verər”.

 

Asif müəllim sertifikatlaşdırmadan keçən müəllimlərin vəzifə maaşına əlavələrlə bağlı qərarı da gözəl təşəbbüs kimi dəyərləndirdi: “Avqustun 23-də elm və təhsil naziri E.Əmrullayev media üçün təşkil olunan brifinqdə bu məsələyə aydınlıq gətirdi, MİQ imtahanından keçən müəllimlərin 5 il bu prosesdən azad olduqları üçün həmin əlavələrin onlara şamil olunmamasına dair sualı cavablandırdı. Düşünürəm ki,  MİQ imtahanından keçmiş bütün müəllimlərə Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş 10 faizlik əlavə tətbiq edilə bilər. Ancaq 35 faiz əlavəni almaq üçün müəllimlər mütləq sertifikasiyadan keçməlidirlər”.

 

Sonda A.Cahangirov müəllim nüfuzunun yüksəldilməsi məsələlərini bir daha vurğuladı: “Müəllimlərin əmək motivasiyası, təhsil işçilərinin sosial müdafiəsi nə qədər yaxşılaşarsa, təhsilin keyfiyyəti də nəzərəçarpan  səviyyədə artar”.

 

 

 

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov da öz növbəsində bu qərarın təhsil sahəsində uğura atılan addımlardan olduğunu qeyd edib: “Atılan ən uğurlu addımlardan biridir. Məktəb direktorlarının maaşının artımı çox vacib idi. Müəllimlərin də maaşlarına sertifikasiya nəticələrinə əsasən edilən əlavələr təhsil sahəsində uğur üçün təkanverici hadisədir”.

 

 

 

 

 

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova: “Mən də tərəfdarıyam ki, əməkhaqqı görülən işin müqabilində müəyyənləşsin. Hesab edirəm ki, maaşlara əlavələr bərabərsizliyi aradan qaldıracaq, stimullaşdırıcı təsir göstərəcək. Bu yanaşma müəllimlər üçün də keçərlidir. Sertifikasiya daha yaxşı, daha savadlı, daha bacarıqlı olanları fərqləndirəcək”.

 

 

 

 

 

 

Millət vəkili Fazil Mustafa bildirib ki, təhsil işçilərinin vəzifə maaşlarına əlavələrin verilməsi müsbət tendensiya doğurur: “Düşünürəm ki,  qabiliyyətli, şagirdə yaxşı təhsil vermək bacarığı olan müəllimlər hər zaman fərqləndirilməlidir. Sertifikatlaşmadan keçən və 50-dən yuxarı bal toplayan müəllimlərin əməkhaqqısına 35 faiz əlavənin edilməsi onları stimullaşdıracaq ki, bu prosesə daha ciddi hazırlaşsınlar və bütün biliklərini ortaya qoya bilsinlər.

 

Bundan başqa, şagird sayı çox olan təhsil müəssisəsinə rəhbərlik edən direktor daha çox enerji sərf edir. Bu baxımdan onları da fərqləndirmək lazım idi. Bütün bunlar məktəblərdə müsbət ab-havanın yaranmasına səbəb olacaq”.

 

 

 

 

“Hədəf” liseyinin direktoru Şəmil Sadiq: “Bu, təhsildə maaş mövzusunda atılan ciddi addımdır. Qərara əsasən, məktəb direktorunun maaşı minimum 1200, maksimum 2100 manat olacaq. Bu da təbii ki məktəbdə təhsil alan şagirdlərin sayına uyğun olaraq tənzimlənəcək. Düşünürəm ki, özəl təhsil sektoru ilə rəqabətdə qalib gəlmək üçün ilk görüləcək iş maaşların bərabərləşdirilməsi idi. Və bu yöndə də addım atıldı”.