Avqustun 2-dən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir. Müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.  

 

Müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid isə 20 sual təqdim ediləcək. Test tapşırıqlarının cavablandırılması üçün  120 dəqiqə vaxt ayrılması nəzərdə tutulub. Bu mərhələdə hər sual üzrə 1 bal olmaqla, ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. 1 səhv cavablandırılmış sual  - 0,25 bal şəklində hesablanacaq.

 

Qeyd edək ki, müsahibə mərhələsinin nəticələri də ümumi bala təsir göstərəcək. Belə ki, ümumilikdə müsabiqənin test və müsahibə mərhələlərinin yekun nəticələrinə uyğun olaraq namizədlərin vakansiyalara yerləşdirilməsi il ərzində mərhələli şəkildə həyata keçiriləcək.

 

Müsahibə mərhələsi haqqında yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.