Məktəbəqədər təhsil müəssisələrinə qəbul elektronlaşdırılıb
Ölkə başçısı İlham Əliyevin “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” imzaladığı müvafiq sərəncamı təhsilin bünövrəsi hesab edilən məktəbəqədər təhsilin inkişafı, keyfiyyətinin artırılması istiqamətində artıq mühüm addımların atılmasının bir daha vacibliyini önə çəkdi.
Sərəncama əsasən, dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verildi.
Bununla bağlı Təhsil Nazirliyi tərəfindən artıq konkret addımlar atılmağa başlanılıb. Görülən ilk işlərdən biri məhz məktəbəqədər təhsil müəssisələrinə qəbulun elektronlaşdırılmasıdır ki, bu da, həmin prosesin şəffaf və obyektiv keçirilməsinə imkan verəcək.
Artıq 18 iyul saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə start verilib.
Uşaqların qəbulu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi” (www.bq.edu.az) vasitəsilə həyata keçiriləcək. Belə ki, valideynlər sistem üzərində qeyd edilən tarix və saatdan etibarən elektron kabinet yaratmaq imkanı əldə ediblər.
İyulun 22-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab), iyulun 26-dan Bakı şəhəri, avqustun 2-dən isə ölkə üzrə bütün valideynlər uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər.
2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı bu və digər məlumatları Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun mudiri İlahə Rəsulova iyulun 18-də Təhsil Nazirliyində keçirilən brifinqdə daha ətraflı açıqlayıb.
Sənəd qəbulu bq.edu.az portalı vasitəsilə həyata keçirilir
Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu bq.edu.az portalı vasitəsilə həyata keçirilir.
Məktəbəqədər təhsil müəssisələrinə 1 yaşdan 6 yaşadək uşaqlar qəbul edilirlər. Yaşayış ərazisindəki məktəbəqədər təhsil müəssisəsində uşağın yaşına uyğun qrup və yer olmadığı halda uşaqlar digər məktəbəqədər təhsil müəssisəsinə qəbul edilə bilər.
Valideyn maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçərək növbəyə yazıla bilər. Növbələrdən hər hansı biri sistem tərəfindən təsdiqlənərək sorğuya çevrilərsə uşağın digər məktəbəqədər təhsil müəssisələrinə olan növbələri silinəcəkdir.
Valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində boş yerlər olduğu halda sorğuya çevriləcək. Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.
Elektron sistemdən istifadə üçün heç bir ödəniş tələb olunmur
Qeyd olunub ki, məktəbəqədər təhsil müəssisəsinə qəbul üçün elektron ərizəsi qeydiyyata alınan valideyn (qanuni nümayəndə) şəxsi kabinetdən çap olunmuş elektron ərizəsini, şəxsiyyətini təsdiq edən sənədin surəti, uşağın mübadilə vərəqəsini, onun şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 2 ədəd fotoşəklini, sağlamlığının vəziyyəti barədə tibbi arayışı övladının qəbul olunduğu bağçaya təqdim edə bilər.
Elektron sənəd qəbulu sistemindən istifadə üçün ödəniş tələb olunmur. Məktəbəqədər təhsil müəssisələrində təhsil icbari xarakter daşımır. Məktəbəqədər təhsil müəssisələrində təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.
Uşaqların qəbulu zamanı nəzərə alınan prioritetlər
Media nümayəndələrinin diqqətinə o da çatdırıldı ki, məktəbəqədər təhsil müəssisələrində onlayn qeydiyyat zamanı şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin övladları, tək işləyən valideynlərin övladları, I və II qrup əlillərin övladları, hərbi xidmətdə olan valideynlərin övladları, təhsilalan anaların övladları, çoxuşaqlı ailələrdən və qəyyumluqda olan uşaqların qəbulu üzrə üstünlük hüquqları təmin olunur.
Boş yerlərə qəbul ilboyu davam edəcək
Uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesi iyulun 22-dən başlanılır və 14 sentyabr tarixinədək davam edəcək .
Onu da qeyd edək ki, elektron qəbul sistemi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbilə müvəqqəti dayandırılacaqdır. Qrupların komplektləşdirilməsi prosesi bitdikdən sonra elektron qəbul sistemi yenidən aktiv olacaq və ilboyu boş yerlərə qəbul aparılacaqdır.
Əyləncə, istirahət, eyni zamanda təhsilə hazırlanma müəssisəsi
Təhsilin bünövrəsi və qeyd etdiyimiz kimi ilkin pilləsi hesab olunan uşaq bağçaları kiçikyaşlı uşaqların əyləncə və istirahəti, məktəbəqədər yaşda olan uşaqların isə təlim və tərbiyəsi ilə məşğul olan bir müəssisədir.
Ümid edirik ki, çox qısa bir zamanda məktəbəqədər təhsildə keyfiyyət dəyişikliklərinə və inkişafa nail olunacaq və uşaqların əyləncəsini, istirahətini, eyni zamanda təhsilə hazırlanmasını özündə birləşdirən nümunəvi bağçalarımızın sayı artacaq.
Samirə KƏRİMOVA