Bu dəfə cari ilin buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün
Dövlət İmtahan Mərkəzi 2018-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün sentyabrın 8-də əlavə imtahan keçirəcək.
Qurumdan “Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq imtahanlarda IX sinif buraxılış imtahanının I mərhələsi üzrə 682, II mərhələsi üzrə 197, XI sinif üzrə isə 164 şagirdin iştirakı gözlənilir.
İmtahanların idarə olunması üçün 9 imtahan rəhbəri, 92 nəzarətçi-müəllim ayrılıb.
İmtahanlar bütün binalarda eyni vaxtda, saat 11:00-da başlayacaq.
Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə sentyabrın 3-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Şagirdlər imtahana gələrkən “İmtahana buraxılış vərəqəsi”; şəxsiyyəti təsdiq edən sənədin əslini də gətirməlidirlər. Qeyd edək ki, şəxsiyyəti təsdiq edən sənəd 16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla Azərbaycan Respublikasının bütün vətəndaşları üçün şəxsiyyət vəsiqəsidir. Əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim edirlər.
Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayış da təqdim etməlidirlər. Həmin arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir.
Qeyd edək ki, göstərilən sənədlərindən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan şəxslər imtahan binasına buraxılmayacaqlar.