Bu sahəni əhatə edən dəyişikliklər həm keyfiyyətə, həm də kəmiyyətə təsir edən yeniliklərdir


Təhsil sahəsində çox böyük proses başlayıb. Nəticələrinə görə qiymətləndirsək, xüsusən son 5 ildə çox ciddi qərarlar verilib, həlledici addımlar atılıb. Sadəcə ali təhsili əhatə edən dəyişikliklərə nəzər salsaq, həm keyfiyyətə, həm də kəmiyyətə təsir edən yeniliklər görərik.

 

Təhsildə əlçatanlığa xidmət edən qərarlar

 

Təhsil Nazirliyi Aparat rəhbərinin müavini, şöbə müdiri Yaqub Piriyevin sözlərinə görə, 2020 və 2021-ci illərdə ali və orta ixtisas təhsilinin əlçatan olması və bütün təbəqələrdən olan vətəndaşlara bərabər təhsil almaq imkanını təmin etmək üçün dövlət tərəfindən bir çox işlər görülüb. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarları ilə təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020/2021-ci tədris ili üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilib.

 

Ölkə Prezidentinin əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etməyə, təhsil almaqda bərabər imkanlar yaratmağa və təhsilin əhatə dairəsini genişləndirməyə xidmət edən başqa bir sərəncamı ilə Təhsil Tələbə Krediti Fondu yaradılıb. “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası” Nazirlər Kabineti tərəfindən 2021-ci ildə təsdiq ediləndən sonra, yəni  2021/2022-ci tədris ilindən kreditlərin verilməsi prosesinə başlanılıb.

 

Bundan başqa, ali təhsil müəssisələrində təqaüd sistemi təkmilləşdirilib, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari ilin martın 1-dən 16 min vahid, doktorantlara, ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlər, ali məktəb tələbələri üçün Prezident təqaüdünün həcmi artırılıb. Y.Piriyevin sözlərinə görə, hər biri əhəmiyyətli təşəbbüs kimi qiymətləndirilən bu islahatları ölkə ictimaiyyəti də böyük rəğbətlə qarşılayıb: “Təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması bütövlükdə ali təhsilin əlçatanlığının artırılması və tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edib. Həmin sərəncamlar ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına, təhsildə yüksək nəticələr əldə edən tələbələrin təqaüd almaları üçün əlavə imkanların yaradılmasına, ali təhsildə rəqabət mühitinin formalaşdırılmasına əhəmiyyətli dərəcədə təsir edib”.

 

Eyni zamanda, orta ixtisas təhsili müəssisələrini bitirən və subbakalavr ixtisas dərəcəsi alan şəxslərə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə imtahansız qəbul olunmaq şəraiti yaradılıb və onlar dövlət sifarişi yerlərində də təhsil alırlar. Məsələn, ötən il 929 nəfər dövlət sifarişi yerlərində təhsil almaq imkanı qazanıb. Bu da dövlət sifarişli yerlərin 3.8 faizi deməkdir.

 

Qiyabi təhsildə məhdudiyyət davam edir

 

Əyani təhsildə imkanlar genişləndikcə qiyabi təhsildə məhdudiyyətlər artır. Xüsusən, müəllimlik ixtisasları ilə bağlı qiyabi təhsil və orta ixtisas təhsili müəssisələrində müəllimlik üzrə bir sıra ixtisaslar üzrə kadr hazrlığının dayandırılması ölkəmizdə müəllim hazırlığına verilən önəmin göstəricisidir.

 

Ali təhsildə gedən prosesləri şərh edən Yaqub Piriyevin  sözlərinə görə,  2014-cü ildən başlayan bu proses, yəni ali təhsil müəssisələrinə pedaqoji ixtisaslarda qiyabi təhsilalma forması üzrə qəbulun tamamilə dayandırılması, orta ixtisas təhsili müəssisələrinə bir sıra pedaqoji ixtisaslar üzrə, eləcə də magistratura səviyyəsində qiyabi təhsilalma formasına tələbə qəbulunun planlaşdırılması nəzərdə tutulmayıb.

 

Bakalavriat səviyyəsində yeni məzmunlu ixtisas təsnifatı

 

Ali təhsilin bakalavriat səviyyəsində həlledici dəyişikliklər məhz 2019-cu ildə təsdiqlənən qərarlardan qaynaqlanır. Belə ki, həmin il bakalavriat səviyyəsi üzrə beynəlxalq təcrübəyə və müasir əmək bazarının tələblərinə uyğun yeni məzmunlu ixtisas təsnifatı Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli Qərarı ilə təsdiq edilib. Növbəti, yəni 2020/2021-ci tədris ilində ali təhsil müəssisələrinə tələbə qəbulu məhz yeni təsnifata uyğun aparılıb.

 

Əvvəlki illərdə başlanılan bir sıra islahatların son 3 illik nəticəsinin rəqəmlərdə əksi də çox böyükdür. Məsələn, bakalavriat səviyyəsində tədrisi ingilis dilində aparılan ixtisasların sayı 11-dən 69-a qədər artırılıb.

 

XXI əsrin səriştə və bacarıqları dəyişdikcə, əmək bazarında tələb olunan ixtisaslar da dəyişir. Zamanın və bazarın tələbinə uyğun kadr hazırlığını təmin etməyə çalışan Təhsil Nazirliyi isə bu dəyişikliyi vaxtında nəzərə alır. Nəticədə dəyişikliklər ixtisaslardan tutmuş tədris planına qədər hər yerdə əksini tapır. Məsələn, “İnformasiya təhlükəsizliyi” ixtisası “xüsusi təyinatlı” ixtisaslar qrupundan çıxarılıb. Artıq bu ixtisas üzrə 11mülki ali təhsil müəssisələrinə də qəbul aparılır.

 

Aqrar sahənin inkişafının dəstəklənməsi məqsədilə kənd təsərrüfatı ixtisasları üzrə qəbulun əhatə dairəsi genişləndirilib. Artıq ADAU, LDU, NDU, eləcə də bir sıra regional kolleclərə kənd təsərrüfatı ixtisasları qrupuna aid ixtisaslar üzrə tələbə qəbulu planlaşdırılır.

 

Hazırda bu ixtisaslar üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu 85 faiz, magistratura səviyyəsində isə 75 faiz dövlət sifarişi əsasında aparılır.

 

Məlum olduğu kimi, hər il tələbə qəbulu üzrə proqnoz yerlərin sayı ali və orta ixtisas təhsili müəssisələrinin mövcud potensialı (elmi-pedaqoji kadr potensialı, tədris metodiki, maddi-texniki və tədris laboratoriya bazası) nəzərə alınmaqla onlar tərəfindən verilən sifarişlərə əsasən Təhsil Nazirliyi tərəfindən formalaşdırılır və təsdiq üçün  Nazirlər Kabinetinə təqdim olunur. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrinə dövlət sifarişi isə Azərbaycan Prezidentinin 10 fevral 2010-cu il tarixli  Fərmanına əsasən, müvafiq qurumların təklifi əsasında ölkə üzrə İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılır.

 

Yeni tədris ilinin qəbul planı

 

Yaqub Piriyevin sözlərinə görə, 2022/2023-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı artıq təsdiq olunub. Yeni plan son 5 il üzrə müvafiq statistik məlumatların təhlili əsasında hazırlanıb.

 

2022/2023-cü tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə proqnoz yerlərin sayı ötən tədris ilinə nisbətən 51528 yerdən 53549 yerə qədər, yəni 4 faiz, dövlət sifarişi üzrə isə otən ilə nisbətən 3.2 faiz artıb. Tələbə qəbulu proqnozunun 84.2 faizi dövlət, 15.8 faizi isə qeyri-dövlət ali təhsil müəssisələrinə nəzərdə tutulub. Ötən il bu nisbət müvafiq olaraq 84.8 faiz və 15.2 faiz olub.

 

Qeyd etməliyik ki, 2019/2020-ci tədris ilindən başlayaraq dövlət sifarişi yerlərin sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018/2019-cu tədris ilinə nisbətən dövlət sifarişi yerlərin sayı 66.1 faiz artıb və hazırda 24602 yer təşkil edir. Ötən illərin təhlilləri göstərir ki, ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin hər ikisindən biri (50 faiz) dövlət sifarişi əsasında təhsil almaq imkanı qazanıb.

 

Bir ildə İT ixtisaslarına proqnoz yerləri 13 faiz, dövlət sifarişi əsasında tələbə qəbulu 11.4 faiz artıb

 

Müasir dünyada idarəetmənin bütün səviyyələrində informasiya texnologiyalarının tətbiqi və informasiya təhlükəsizliyinin təmin olunması böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə bu sahədə ciddi kadr hazırlığına tələbat olduğundan “Təbiət”, eləcə də “Texniki və texnoloji” ixtisas qrupuna daxil olan İT ixtisaslarına proqnoz yerlərinin sayı və dövlət sifarişi əsasında tələbə qəbulu 2022/2023-cü tədris ilində ötən tədris ilinə nisbətən müvafiq olaraq 13 və 11.4 faiz artıb. Bu artım proqnoz yerlərinin sayı və dövlət sifarişi əsasında müvafiq olaraq “Kompüter elmləri” ixtisası üzrə 3.9 və 8.3 faiz, “Kompüter mühəndisliyi” ixtisası üzrə 17 və 8.3 faiz, “İnformasiya texnologiyaları” ixtisası üzrə 9.5 və 11.9 faiz, “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə isə 31.5 və 21.2 faiz olub: “Xüsusi olaraq qeyd etməliyəm ki, 2021/2022-ci tədris ilində İT ixtisaslarında qəbul planı birinci yerləşdirmədə 99.1 faiz, dövlət sifarişi üzrə isə 105.7 faiz icra olunub. 105.7 faizə aydınlıq gətirərək qeyd etmək istərdim ki, bu, Nazirlər Kabinetinin  98 nömrəli qərarının tətbiqi ilə mümkün olub. Həmin qərara əsasən, dövlət sifarişi yerləri üzrə tələbə qəbulunda müsabiqə nəticəsində boş qalan yerlərə ödənişli əsaslarla qəbul olunanların yerləşdirilməsini nəzərdə tutur. Ümumiyyətlə, Texniki və texnoloji ixtisaslar qrupunda ötən ilə nisbətən artım 8.5 faiz, kənd təsərrüfatı ixtisaslar qrupunda isə 17.2 faiz olub”.

 

Y.Piriyev sözügedən ixtisaslarda son 5 tədris ilində İT ixtisasları üzrə proqnoz yerləri və dövlət sifarişinə diqqət çəkib. Onun sözlərinə görə, burada  bakalavriat və magistratura səviyyələrində davamlı artım dinamikası müşahidə olunur. Belə ki, bakalavriat səviyyəsində proqnoz yerləri üzrə artım 90.9 faiz, yəni 1.91 dəfə, dövlət sifarişi üzrə isə 287.3 faiz, yəni 3.9 dəfə olub. Magistratura səviyyəsində proqnoz yerlər üzrə artım 192.7 faiz, 2.92 dəfə, dövlət sifarişi üzrə isə 269.2 faiz, yəni 3.69 dəfə təşkil edib. Bu, son 5 il ərzində qeydə alınan artımdır (Şəkil 1.)

 

 

4 beynəlxalq ikili diplom proqramı həyata keçirilir

 

Ali təhsil sahəsində ən böyük layihələrdən biri də 2019-cu ildən icrasına başlanılan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”dır. Əsas məqsədlərindən biri ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi olan bu sənəd ali təhsil sisteminin müasirləşdirilməsini nəzərdə tutur. Artıq 3 ildir təhsildə məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə inkişafının yolu açılıb: “Məlum olduğu kimi, Dövlət Proqramı çərçivəsində 5 beynəlxalq ikili diplom proqramının təsisi nəzərdə tutulub. Hazırda yerli ali təhsil müəssisələri və nüfuzlu xarici ali təhsil müəssisələri arasında 4 beynəlxalq ikili diplom proqramı həyata keçirilir”.

 

Y.Piriyev diplom proqramları ilə bağlı məlumat verərək deyib ki, onlardan ikisi ABŞ-ın Corc Vaşinqton Universitetilədir (CVU) və magistratura səviyyəsində icra olunur.

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birgə reallaşdırılan proqram “Təhsil və insan kapitalının inkişafı” istiqaməti üzrə həyata keçirilir. Bu beynəlxalq ikili diplom proqramı üzrə hazırda 49 tələbə təhsil alır. Növbəti tədris ili üçün 41 tələbənin qəbulu nəzərdə tutulub.

 

ADA Universiteti ilə olan diplom proqramı isə “Kompüter elmləri və verilənlərin təhlili” və “Elektrik mühəndisliyi” istiqamətini əhatə edir və hazırda 39 tələbə təhsil alır. Növbəti tədris ili üçün 35 tələbənin qəbulu nəzərdə tutulub.

 

Üçüncü diplom proqramı Koreyanın İnha ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin “İnformasiya texnologiyaları”, “Elektronika mühəndisliyi”, “Elektrik mühəndisliyi”, “İnşaat mühəndisliyi” ixtisasları üzrə bakalavriat səviyyəsində həyata keçirilir. 160 nəfər beynəlxalq ikili diplom proqramı üzrə təhsil alır. Növbəti tədris ili üçün 128 tələbənin qəbulu nəzərdə tutulub.

 

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) isə Türkiyənin Ege Universiteti ilə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramına başlayıb. “Aqronomluq”, “Aqromühəndislik”, “İqtisadiyyat”, “Bitki mühafizəsi” ixtisasları üzrə həyata keçirilən proqrama qəbul kvotası 120 nəfərdir. 2021/2022-ci tədris ilində ikili diplom proqramına 74 nəfər qəbul olub. Növbəti tədris ili üçün 4 ixtisas üzrə 120 tələbənin qəbulu nəzərdə tutulur.

 

Y.Piriyev bildirib ki, Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan digər 5-ci proqramın təsis olunması istiqamətində işlər həyata keçirilir.

 

Magistraturada yeni məzmunlu təhsil proqramları tətbiq olunur

 

Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən tədris ilindən başlayaraq magistratura səviyyəsində SABAH qrupları üzrə ölkəmizin 7 aparıcı ali təhsil müəssisəsində 8 yeni məzmunlu təhsil proqramları tətbiq olunur.

 

“Azərbaycan Respublikasında ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi üzrə təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”na  dəyişiklik edilib. Nazirlər Kabinetinin 19.04.2021-ci il tarixli 98 nömrəli qərarı ilə edilən həmin dəyişikliklərə əsasən, 20212022-ci tədris ilində boş qalmış dövlət sifarişli 789 yerə ödənişli əsaslarla qəbul olunan şəxslər yerləşdiriliblər. Beləliklə, mülki ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə plan yerləri 100, magistratura səviyyəsi üzrə  isə 98.5 faiz dolub.

 

Qeyd etməliyik ki, əvvəlki illərdə dövlət sifarişi üzrə boş qalan yerlərə ödənişli əsaslarla qəbul olunan şəxslər yerləşdirilmirdi.

 

Ruhiyyə DAŞSALAHLI