Əsərdə şifahi xalq ədəbiyyatının janrları elmi araşdırmalarda geniş tədqiq edilib
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin elmi işçisi Nazirə Əsgərovanın “Folklorun poetik özünəməxsusluğu: mühit, janr, ənənə” adlı kitabı işıq üzü görüb.
Yeni tədqiqat əsərində şifahi xalq ədəbiyyatının janrlarını öz elmi araşdırmalarında geniş tədqiq edən müəllifin müxtəlif illərdə qələmə aldığı məqalələri toplanılıb.
Kitabda Naxçıvanda şifahi xalq ədəbiyyatı sahəsində folklor mühitinin poetik özünəməxsusluğu, janrların səciyyəvi xüsusiyyətləri, habelə regionun xalq yaradıcılığındakı ənənəsi haqqında məlumatlar əksini tapıb. Nəşrdə, həmçinin dastanlar, atalar sözləri və məsələlər, bayatılar, nağıllar, laylalar, xalq oyunları və digər janırların bölgə mühitində yeri, xarakteri və tarixinə nəzər salınıb.
Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovun və həmin şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevanın elmi redaktorluğu ilə çap olunan kitab Naxçıvan folklor mühitinin öyrənilməsi baxımından əhəmiyyətli elmi mənbədir.