Bu mərhələdə istənilən şəxs iştirak edə bilər


 “ASAN Peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələri üzrə boş qalan yerlərə sənəd qəbulu davam edir.

 

Sentyabrın 4-dən start götürən ixtisas seçimində artıq 2000 nəfərdən çox vətəndaş iştirak edib. Qeyd edək ki, prosesdə müsabiqənin ilk mərhələsində uğur qazana bilməyənlərlə yanaşı, indiyədək qeydiyyatdan keçməyən şəxslər də iştirak edə bilərlər. Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, bu prosesdə istənilən şəxs iştirak edə bilər: “Bəzən vətəndaşlar elə hesab edirlər ki, bu ixtisas seçimi ilk mərhələdə iştirak edib keçməyənlər üçündür. Əslində bu, belə deyil. Elan olunacaq növbəti mərhələdə həm ilk mərhələdə iştirak edib keçə bilməyənlər, həm də ilk dəfə iştirak edəcək şəxslər qatıla biləcəklər. Birinci mərhələdə iştirak edə bilməyənlər tərəddüd etmədən növbəti ixtisas seçimi mərhələsinə qatıla bilərlər. Çünki növbəti mərhələyə çıxarılan yerlərin sayı kifayət qədər olacaq”.

 

Dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində və müvafiq təhsil müəssisələrində ödənişsiz formada həyata keçirilir.

 

Sentyabrın 10-dək davam edəcək seçim prosesinə Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsində təhsil almaq istəyənlər də qatıla bilərlər. Seçim mərhələsinə 168 ixtisas salınıb. Dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşlar 10 ixtisas seçə bilərlər.

     

Qeyd edək ki, dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulunun birinci mərhələsində 11017 nəfər qeydiyyatdan keçib. 9196 nəfər müsabiqəni müvəffəqiyyətlə  keçərək peşə təhsili müəssisələrinə qəbul olunub.

      

Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.